Fransa hakimiyyəti və bu ölkənin yüksək vəzifəli şəxsləri müxtəlif zamanlarda təəssüflər olsun ki, əsl mahiyyətini göstərərək, Azərbaycan və Ermənistan arasında yaşanan 30 illik sürən münaqişə ilə bağlı sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar edib.
Qarabağ məsələsində qızışdırıcı bəyanatlar verən Fransa rəsmiləri heç də bu dövlətin və fransız xalqının maraqlarını düşünməyiblər. Onlar erməni maliyyəsi və rüşvət hesabına siyasi işbazlıqla məşğul olaraq öz şəxsi maraqlarını həyata keçirməyə cəhd ediblər. Belə demək mümkünsə, abır-həyasını itirmiş Fransa iqtidarı davamlı olaraq regionda əldə edilmiş sülhə mane olmaq istəyib. Ancaq buna baxmayaraq, 44 günlük müharibədə dostumuz da, düşmənimiz də bəlli oldu. Bu hal müharibədən sonrakı dövrdə də davam etdi. Belə ki, qarşımızda dayanıb söz deyə bilməyənlər arxamızca danışdılar, düşmənə dəstək oldular, amma nə fayda? Çünki haqq öz yerini tapdı, torpaqlarımız Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində, həmçinin Ordumuzun məğlubedilməzliyi sayəsində düşməndən azad edildi. Və bu gün o torpaqlar xoşniyyətli hər bir qonaq üçün qucaq açır, sülhməramlılıq nümunəsini ortaya qoyur.
Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın “Causeur” portalında dərc olunmuş “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi də məhz bundan bəhs edilib.
Xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.
Müəllif öz məqaləsində Bakı şəhərində məscidlərin, sinaqoqların, pravoslav və erməni kilsələrinin ahəngdar şəkildə fəaliyyət göstərdiyini vurğulayır, işğaldan azad edilmiş torpaqlarda böyük dağıntılar olduğu, minalardan təmizlənmə işlərinin aparılması, Ermənistanın bütün mina xəritələrini verməkdən hələ də imtina etməsi nəticəsində mülki insanların, o cümlədən jurnalistlərin həlak olmasını qeyd edir.
Məqalədə Qarabağda yeni infrastrukturun qurulması, Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılması, müharibə zamanı Azərbaycanın dahi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərinin bura qaytarıldığı, xarici ölkələrdən çoxsaylı nümayəndələrin Azərbaycanın qədim Şuşa şəhərinə səfər etməsi, döyüşlərin izlərinin qaldığı Şuşada olarkən azərbaycanlıların kövrəldikləri, 2010-cu ildən Fransa vətəndaşlığı olan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın 28 il sonra doğulduğu Qubadlı rayonunun Xanlıq kəndini ziyarət etdiyi, lakin öz ata evinin yalnız izlərini tapdığı, habelə yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmağı, sülh və təhlükəsizlik şəraitində yaşamağı arzuladıqları və sair nəzərə çatdırılıb.
O cümlədən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Fransadakı keçmiş səfiri Elçin Əmirbəyovun və digər şəxslərin fikirlərinə yer verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan fransız tarixçi və jurnalist Alən Rumestanın məqaləsi Fransada yaşayan erməniləri olduqca hiddətləndirib. Ermənilərə məxsus saytında yerləşdirilən “İki fransız Azərbaycanı tanıtdırır” sərlövhəli məqalədə iddia edilib ki, Alain Roumestan və Grégory Herpe “bu bölgələrdə lazımi qaydada müşayiət olunur”. Tanınmış jurnalistlərin ünvanına “müntəzəm şəkildə Azərbaycana işlədiyi” və başqa böhtanlar yağdırılıb.
Elbar ŞİRİNOV