Regional nəqliyyat kommunikasiyaları məsələsində Ermənistan və İranın yanaşmaları tamamilə uyğundur”, - Ararat Mirzoyan
***
Bu gün İrəvanda Ermənistan və İran xarici işlər nazirliklərinin rəhbərləri arasında danışıqlar baş tutub. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
İran tezliklə Təbrizdə Ermənistan konsulluğunun açılacağına ümid edir.
Bu bəyanatla İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri erməni həmkarı ilə danışıqlardan sonra bəyan edib.
“Biz Ermənistanın Təbrizdəki Baş Konsulluğunun açılmasına Tehranın razılığını bildirdik və ümid edirik ki, yeni ilin qarşıdakı həftələrində erməni həmkarımla birlikdə Baş Konsulluğun rəsmi açılış mərasiminin şahidi olacağıq”, - deyib Hüseyn Əmir Abdullahyan.
O, həmçinin qeyd edib ki, İran Cənubi Qafqazda sabit sülhün bərqərar olmasının tərəfdarıdır və bu məsələdə qarant ola bilər.
Bundan əlavə, nazir İranın “Şimal-Cənub” dəhlizinin işə salınmasını və Ermənistan rəhbərliyinin daha əvvəl elan etdiyi “Dünyanın kəsişməsi” konsepsiyasını dəstəklədiyinə diqqət çəkib.
Ermənistan XİN rəhbəri öz növbəsində qeyd edib ki, bugünkü danışıqlarda Fars körfəzi ilə Qara dənizi birləşdirən” Şimal-Cənub” dəhlizinin və kommunikasiyaların əhəmiyyəti qeyd olunub.
“Biz regional kommunikasiyaların, dəmir yollarının, boru kəmərlərinin, avtomobil yollarının, elektrik xətlərinin inkişafını nəzərdə tutan “Dünyanın kəsişməsi” konsepsiyasını müzakirə etdik. Regional nəqliyyat kommunikasiyaları məsələsində Ermənistan və İranın yanaşmaları tamamilə uyğundur”, - Ararat Mirzoyan bəyan edib.
***
Qeyd edək ki, bir müddət əvvəl siyasi şərhçi Əli Zülfüqaroğlu KİV-ə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur dəhlizinə qarşı "Dünyanın kəsişməsi" konsepsiyasını ortaya qoyur.
Siyasətçi diqqətə çatdırıb ki, İrəvan çalışır ki, Zəngəzur dəhlizi deyil, bütün maliyyə xərclərini Azərbaycan və Türkiyə çəkməklə Zəngəzur yolu açılsın, eyni zamanda nəzarət Ermənistanda olsun.
“Böyük ehtimalla "Dünyanın kəsişməsi" konsepsiyası Qərb layihəsidir və Ermənistan çalışır ki, Azərbaycanın və Türkiyənin maraqlarını deyil, öz maraqlarını Qərbin tezisləri əsasında təmin etsin. Bununla da Aralıq dənizinə çıxmaqla Avropaya gedən yoldan istifadə etməklə öz iqtisadi imkanlarını artırsın. Təbii ki, ilk növbədə Ermənistan əgər bunu istəyirsə, o zaman Azərbaycanın təkliflərini nəzərə almalıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı problem yaratmamalı və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”, - deyə Ə.Zülfüqaroğlu vurğulayıb.
Xatırladaq ki, ötən il 21 oktyabr tarixində Qafanda İran Baş konsulluğunun açılışı olub. Hələ o zaman İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında “İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan Baş konsulluğunun açılışı üçün hazır olduğunu xatırlatmaq istəyirəm" demişdi.
Bu gün isə arzu gerçəkləşir...
Y.Məmmədli