Dünən martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Tezadlar.az xatırladır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir: "Bu görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazirlər, həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıb. Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib”.
Nazir Bayramov mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib.
“Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.