"Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi."
"TEZADLAR.AZ" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində - Müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün sınaqdır. Sirr deyil ki, ərazisinin bir hissəsi uzun onilliklər boyu işğal altında olduğu şəraitdə Azərbaycan bu müharibəyə hazırlaşırdı. Siz Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş həmin hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edə bilərsinizmi? sualına cavab verərkən deyib.
Prezident İlham Əliyev bildirib ki, təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik:" Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər.
Lakin təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik. Buna görə də praktiki olaraq mənim Prezident vəzifəsində olduğum birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb. Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi.
Əlbəttə, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı. Yaxşı məlumdur ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Biz, həmçinin 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu onlara baha başa gəldi. Biz, həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində, necə deyərlər, qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Buna görə biz öz potensialımızı, nəyə qabil olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur".