Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətər Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Xəlfan əl-Kaabi Dəməşqə gəlib və burada Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrindən biri Əhməd əl-Şaraa və keçid hökumətinin rəhbəri Məhəmməd əl-Bəşirlə görüşməyi planlaşdırırlar.
Tezadlar.az xəbər verir ki, bu barədə Suriya İnformasiya Nazirliyi məlumat yayıb.
“Türkiyə xarici işlər naziri Hakan Fidan, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Qətər Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Xəlfan əl-Kaabidən ibarət Türkiyə-Qətər nümayəndə heyəti Dəməşqə gəlib”, - departamentin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda deyilir.
Bəyanatın mətnindən belə çıxır ki, görüşdə tərəflər “Suriyadakı reallıqlara dair ümumi baxışın inkişaf etdirilməsi və Suriyanın yeni rəhbərliyinin ərəb, regional və beynəlxalq mühitə daxil edilməsi” mövzusuna diqqət yetirəcəklər. Bundan əlavə, danışıqlarda iştirak edənlər ölkədə hakimiyyət uğrunda mübarizə zamanı müxalifəti formalaşdıran bütün qüvvələr arasında “daxili siyasi dialoqun” təşviqi yollarını müzakirə edəcəklər.
Daha əvvəl “Əl-Cəzirə” telekanalı Fidan və Kalının rəsmi nümayəndə heyətinin müşayiəti ilə Suriya paytaxtına gəldiyini bildirib. Bununla belə, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi TASS mediasının türk diplomatiyasının rəhbərinin Dəməşqə gəlməsi ilə bağlı iddialarını təkzib edib. Daha sonra Türkiyənin “Haber 7” telekanalı Türkiyə kəşfiyyatının rəhbərinin Dəməşqdə olduğunu bildirib.
E.ŞİRİNOV