Almaniya Kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəlir.
Türkiyə KİV-nin məlumatına görə, bu barədə Prezident aparatının kommunikasiya rəhbərliyi tərəfindən məlumat yayılıb. Məlumatda bildirilib ki, Merkel Türkiyəyə səfəri çərçivəsində prezident Ərdoğan ilə İstanbulda bir araya gələcək. Görüş zamanı Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr müzakirə ediləcək. Əməkdaşlığı irəli pillələrə qaldırmaq üçün atılası addımlar dəyərləndiriləcək. Türkiyə-Aİ əlaqələri, regional və beynəlxalq məsələlər, xüsusilə Liviya, Suriya və Əfqanıstan məsələsi müzakirə ediləcək mövzular arasında olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkel Qüdsdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna səfəri zamanı "Türkiyə Avropaya qanunsuz miqrasiya ilə mübarizədə Avropa Birliyi üçün mərkəzi rol oynayır" bildirib.
Merkel bu mübarizədə Türkiyənin əvəzsiz xidmətlərinə diqqət çəkərək “Türkiyəni görməzdən gəlmək olmaz. NATO üzvü olan Türkiyə Avropaya qanunsuz miqrasiya ilə mübarizədə AB üçün mərkəzi rol oynayır” , - deyə vurğulayıb.
Səfər zamanı Kansler bildirib ki, Türkiyənin böyük hədəfləri var, amma (Türkiyə-AB) münasibətlərdə bəzi xəyal qırıqlığıı var: “Hər halda, əsas məsələlərə baxış fərqli olsa belə, praqmatik razılaşmalar əldə etmək lazımdır. Biz, qarşılıqlı əlaqələri davam etdirməliyik ".
Kanslerin sözlərinə görə, xarici siyasət dəyərlərin və maraqların qarışığıdır və burada düzgün tarazlığı tapmaq vacibdir.
***
Qeyd edək ki, KİV-in məlumatına görə, artıq İstanbulda Almaniya Kansleri Angela Merkel ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.
Y.MƏMMƏDLİ