"Azərbaycan xalqı 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə sayəsində son 30 ildə ilk dəfə 18 oktyabr Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu il Vətən müharibəsindəki tarixi qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın əldə etdiyi böyük nüfuz, ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi. Bu səbəbdən 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olundu və 3 oxunuş müzakirələrdən sonra ali qanunverici orqan tərəfindən qəbul olundu. Müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub".
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması kimi vacib məsələləri də aktuallaşdırdı: "Yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasına ehtiyac yarandı. 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Yəni, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı "müstəqilliyin bərpası" əvəzinə, "müstəqillik aktı" kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldırdı".
K.Nurullayeva qeyd edib ki, beynəlxalq təcrübəyə də nəzər salsaq, məsələn, qonşu Gürcüstanda da milli dövlətin yarandığı gün "Respublika Günü" deyil, "Müstəqillik Günü" adlandırılır. ABŞ öz yaranma tarixini "İstiqlaliyyət Günü" kimi qeyd edir: "Düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, həmçinin ermənilərin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır. Vətən müharibəsindən sonra - 7 iyul 2021-ci tarixində Prezident sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması 1921-ci il 7 iyul tarixindən etibarən istifadə edilən süni "Dağlıq Qarabağ" termini də artıq hüquqi və siyasi baxımdan ləğv olundu".
Millət vəkilinin sözlərinə görə, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır: "Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərməklə yanaşı, soydaşlarımızın tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək. Bu gün biz faktiki varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, 1991-ci il oktyabrın 18-də müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür".
E.ŞİRİNOV