Həm Türkiyə həm də Yunanıstanın sahib olduğunu iddia etdiyi Egey adaları yenidən iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Hər iki NATO müttəfiqinin Egey adaları üzərindəki mübahisəsi davam edir. Türkiyə Yunanıstanın adaları hərbiləşdirməsini qəbul etmədiyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdağan sülh yolu ilə Yunanıstana verilən adaları demilitarizasiya etməsi üçün xəbərdarlıq edib. Ankara Yunanıstan hakimiyyətini adaların silahsız statusunu təmin edən 1923-cü il Lozanna müqaviləsi və 1947-ci il Paris müqaviləsini pozaraq hərbi varlıq qurmaqda ittiham edib (Euronews). Yunanıstan hökuməti isə Türkiyənin Yunanıstan sərhədi və Egey dənizindəki Yunan adaları yaxınlığındakı ağır hərbi müvcudluğundan narahat olduqlarını və adalardakı hərbi varlığın təlim və müdafiə məqsədi daşıdığını bildirib. Yunanıstan iddia edir ki, Tükiyə Yunanıstana hücum etmədiyi müddətcə Yunanıstanın adalardakı hər hansı hərbi varlığı Türkiyəyə qarşı istifadə məqsədi daşımır”.(Al-Jazeera)

Bu barədə xəbər paylaşan Əl-Cəzirə xəbər ajansı hər iki ölkədən nümayəndələrin fikirlərinə yer verib.

Türkiyənin Yunanıstan və Avstriyada səfiri vəzifəsində xidmət göstərmiş Həsən Göğüş Türkiyənin müvqeyinin doğru olduğunu qeyd edib. “ Egey dənizində Yunanıstanla ərazi sularının eni, kontinental şelfin delimitasiyası, adaların demilitarizasiyası və ya hava məkanının uzunluğu kimi bir neçə mübahisəmiz var. Bütün bu məsələlər bir-biri ilə əlaqəli olsa da, Yunanıstan sadəcə kontinantal şelf mübahisəsinin mövcudluğunu qəbul edir,”  deyərək əlavə edib ki, “ Meis və İstanköy kimi (Kastellorizo və Kos) Egey dənizindəki Yunan adalarının əksəriyyəti Türkiyənin anatorpağına daha yaxındır. Bu adalar Yunanıstana 1947-ci ildə  Paris sülh müqaviləsinə əsasən verilmiş və silahsızlaşdırma şərti qoyulmuşdur. Lakin Yunanıstan bu müddəanı pozur”.

Yunanıstanın nöqteyi-nəzərindən isə Türkiyə nə status-kvo, nə də beynəlxalq hüquqla dəstəklənməyən iddialarla çıxış edir. 

Birmingem Universitetinin müqayisəli Avropa siyasəti üzrə dosenti Sotirios Zartaloudis Əl-Cəzirəyə müsahibəsində bildirib ki, Yunanıstan Egey dənizini minlərlə ada və orada yaşayan yunanlar ilə birlikdə Yunanıstan ərazisinin əsas hissəsi hesab edir. “Bundan başqa, Egey dənizi Yunanıstan üçün böyük geosiyasi və strateji əhəmiyyətə malikdir, çünki Qara dənizlə yanaşı Avropanın şərq və Yaxın Şərqlə cənub-şərq sərhəddidir” deyə əlavə edib.  Zartaloudis həmçinin qeyd edib ki, Yunan-Türkiyə münaqişəsi ehtimalı Türkiyənin daxili dinamikasından irəli gəlir.  Ərdoğanın lehinə və ya əleyhinə olan qüvvələr onun populyarlığını artırmaq və ya azaltmaq üçün münaqişədən istifadə etmək istəyə bilər.

“Egey adalarının “demilitarizasiyası” ilə bağlı statusu mürəkkəb hüquqi məsələdir və hər iki tərəfin beynəlxalq müqavilələrdən (Lozanna, Paris və Montrö) irəli gələn öhdəliklərlə bağlı çox fərqli şərhləri var. Hazırkı inamsızlıq mühitini nəzərə alsaq, ortaq dil tapmaq üçün ikitərəfli danışıqların necə uğur qazanacağını təsəvvür etmək çətindir” deyə Mançester Universitetinin siyasət professoru Dimitris Papadimitriu Əl-Cəzirəyə bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Yunanıstan və Türkiyəni fikir ayrılıqlarını həll etməyə və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinməyə çağırıb.

 Nərminə HACIYEVA,

xüsusi müxbir

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN