Futbol üzrə Türkiyə Super Liqasında bu gün İstanbul derbisi baş tutacaq.
XXXII tura təsadüf edəcək prinsipial oyunda "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.
"Ülkər" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı Atilla Karaoğlan idarə edəcək. Komandalar arasında ilk dövrədə Nef stadionunda keçirilmiş matçda "sarı-lacivərdlilər" 2:1 hesablı qələbə qazanıb.
Meydan sahiblərindən yarımmüdafiəçilər Mesut Özil və Ozan Tufan oynamayacaq. Hər iki futbolçu baş məşqçinin istəyi ilə əsas heyətdən kənarlaşdırılıb. Qonaqlarda isə Sofyan Fequli zədə səbəbindən meydana çıxa bilməyəcək. Kerem Aktürkoğlu və Mustafa Məhəmmədin isə oyunda iştirakı sual altındadır.
"Fənərbağça" "Qalatasaray"a qarşı son 4 ev görüşündə qələbə qazana bilməyib. "Cim-Bom" əzəli rəqibinə qarşı son 4 matçın 2-də qalib gəlib, 2-də heç-heçə edib.
Qeyd edək ki, hazırda "Fənərbağça" 56 xalla 3-cü, "Qalatasaray" isə 41 xalla 13-cü pillədə qərarlaşıb.