2016-cı ilin aprel şəhidi Rufis Ağayevin xanımı Mahrux Ağayeva ərinin sağlığında Hövsandakı 73 min manata satdığı 4 otaqlı evi indi şəhid ailəsi statusundan sui- isifadə edərək, məhkəmələrdə göz yaşı tökür, alıcı Nazimət Misirxanovanı 6 il 8 ay yaşadığı  evdən çıxartdırmaq istəyir...

…İnanmaq istəyirik ki, növbəti məhkəmə iclasında  Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət xanım Məmmədova nəhayət, Nazimət Misirxanovanın pozulmuş mənzil hüququnu bərpa edəcək…

…Dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə göstərilən diqqət barədə danışmaq artıqdır. Necə deyərlər, “Görünən dağa nə bələdçi?” İstər dövlət başçısı cənab İlham Əliyev, istərsə də Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva və digər dövlət qurumları şəhid ailələrinə və qazilərə müəyyən istisnaları nəzərə almasaq, çox həssaslıqla yanaşırlar. Bəzi məmurların şəhid ailələrinə və qazilərə olan biganəliyini dövlətin adına yazmaq da düzgün deyil. Şəhid ailələrinə qayğı, diqqət  az qala bütün xalqımız tərəfindən göstərilir. Bu kateqoriyadan olan insanlara nə qədər diqqət, qayğı və güzəşt olunsa, yenə də azdır. Çünki hansısa ana aman-zaman bir övladını, hansısa uşaqlar ata, hansısa gənc xanım ömür-gün yoldaşını itirib. Bu itkini isə  heç nə ilə əvəz etmək mümkün deyil.

 Amma çox təəssüf ki, bu qədər qayğı və diqqətin qarşısında şəhid ailəsi statusundan sui-istifadə edənlər də var. Elə bu yaxınlarda Sabunçu rayonunda müəyyən məbləğ qarşılığında başqasının qanunsuz tikilən evi sökülərkən, həmin yerdə bir şəhid anasının “Evimi başıma uçurdular” – deyib, ağlaş qurmasının şahidi olduq. Əlbəttə, belə hal olduqca üzücüdür.

 Təzəlikcə yenə belə bir halla üz-üzəyik. Redaksiyamıza müraciət edən Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 №-li Zeytun Sovxozu, ev 5, mənzil- 1 ünvanında qeydiyyatda olan Misirxanova Nazimət Yaşar qızı da məhz bir şəhid ailəsinin bu  statusdan sui-istifadə etməsi nəticəsində evsiz qalmaq üzrədir.

 Nazimət xanımı dinlədikcə adam heyrətə gəlir ki, şəhid ailəsinə dövlətin bu qədər diqqət və qayğısı azlıq edirmi ki, üstəlik başqasının da mənzilini ələ keçirmək sevdasına düşürlər? Buna isə statusundan və dövlətin verdiyi imkanardan sui-istifadə etmək deyilir.

 Gəlin bu barədə daha ətraflı danışaq. Daha doğrusu, Nazimət xanım və sənədlər danışacaq.

Beləliklə, 2015-ci ildə Nazimət Misirxanova Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzil almaq istəyir. Bunu eşidən Nazimət xanımın bacısının hərbçi olan kürəkəni Ziya Qardaşov bildirir ki, onunla bir yerdə xidmət edən Rusif Ağayev evini satır. Z.Qardaşov vasitəçilik edərək, Nazimət xanımla R.Ağayevi görüşdürür. Söhbətləri uğurlu alınır. Baxmayaraq ki, R.Ağayev Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 46 ünvanda yerləşən evini bazar qiymətindən bir az da baha deyir, amma sövdələşmə baş tutur. Belə ki, 4 otaqlı evi R.Ağayev 73 min manata satır. Danışıq belə olur ki, 40 min manat nağd şəkildə R.Ağayevə ödənilir, qalan 33 min manat isə ev ipoteka yüklü olduğundan “Standartbank”a ödənməlidir. Beləliklə, 27.08.2015-ci il tarixdə notarial qaydada alqı-satqı edilir. Bu məqsədlə bağlanan ilkin müqavilədə oxuyuruq: “AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Əİ tərəfindən 15.02.2013-cü il tarixdə 133 nömrəli reyestr kitabının 12235 nömrəli vərəqində qeydə alınmış reyestr nömrəsi 00611000079-05101-1093005 qeydiyyat nömrəsi 1113010047 ilə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 46 ünvanda yerləşən mənzili bu günə razılaşdıqları məbləğdə - yəni 73 min manata satmağı, ikinci tərəf alıcı isə həmin məbləğin 40 min manatını nağd şəkildə ödəyir, hazırda qalan 33 min manatını isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi öz öhdəsinə götürmüşdür”.

 Beləliklə, hərbçi Rusif Ağayev evi Nazimət Misirxanova satır, 40 min manat notarial qaydada nağd şəkildə alınır. Qalan 33 min manat isə görün necə ödənilməlidir? Deməli, R.Ağayev evi satdığı üçün həmin evdə özü, həyat yoldaşı və iki uşağı kirayə qalmaq üçün Nazimət xanımdan icazə istəyir. Kirayə pulu ayda 250 manat olmaqla razılaşırlar. O pulun müəyyən məbləğini isə Rufis “Standartbank”a ipoteka pulu kimi ödəyir, eyni zamanda Nazimət xanımın borclu olduğu 33 min manatdan həmin pullar çıxılır. Bununla belə Nazimət xanım hər ay imkan olduqca əlavə 200, 300, 400 manat pullar ödəyir ki, ümumi məbləğ tez qurtarsın.

***

 Nazimət xanım və oğlu Orxanla redaksiyamızda etdiyimiz söhbət zamanı çox maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, Rufis Ağayev bankda ipoteka yüklü olan evi Nazimət xanıma Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışla (“kupça”) ilə satıb. Maraqlı deyilmi? Axı ipoteka yüklü evə çıxarış verilə bilməz. Bu məqama Nazimət xanım belə aydınlıq gətirdi: Sən demə, Rufis Ağayev Dövlət Reyestr Xidmətinə (BT-yə) müraciət edib ki, yaşadığı evin sənədləri itib. Oradan da, maraqlıdır ki, sənədin kökü ilə maraqlanmadan evə çıxarış verilib və həmin çıxarışı da R.Ağayev Nazimət xanıma təqdim edib. Yəni R.Ağayev həm özü qanunsuzluğa yol verib, həm də Dövlət Reyestr Xidmətinin hansısa əməkdaşını nə yollasa, qanunsuzluğa sövq edərək, ipoteka yüklü evə çıxarış alıb.

 İndi gələk Rufis Ağayevin sonrakı taleyinə. 2016-cı ilin Aprel döyüşlərində R.Ağayev də hərbçi kimi döyüşlərə qatılır və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə şəhid olur. Allah Rufisə və bütün şəhidlərimizə rəhmət eləsin. Bütün bəlalar da elə bundan sonra başlayır. Təbii ki, dövlət şəhid ailəsi kimi Rufis Ağayevin xanımı Mahrux Ağayevaya və iki övladına mənzil, əlavə torpaq sahəsi verir. Bundan əlavə, dövlət R.Ağayevin banka olan 33 min manat borcunu da silir. Amma Mahrux xanıma dövlətin bu qədər güzəşti yenə azlıq edir. Ona görə də qərara gəlir ki, qanuni və halal yolla satdıqları mənzili şəhid ailəsi statusundan istifadə edərək, geri alsın. Bundan ötrü yenə vasitəçi şəhid Rufis Ağayevin hərbçi yoldaşı, Nazimət xanımın bacısının kürəkəni Ziya Qardaşov olur.

Onu da diqqətə çatdıraq ki, mənzil satılandan, yəni 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna kimi, əvvəl Mahrux xanım həyat yoldaşı və uşaqlarla birlikdə, R.Ağayev şəhid olandan sonra uşaqları ilə həmin mənzildə yaşayıblar. Həyat yoldaşı şəhid olandan sonra Mahrux xanım Nazimət xanıma bildirir ki, danışığımız qüvvədədir, sən 33 min manatı həmişəki qayda ilə ödəyərsən. 2017-ci ilin avqustundan isə, Mahrux Ağayeva şəhid ailəsi kimi ona verilən evə köçür və Nazimət xanım da nəhayət, aldığı həmin mənzilə yerləşir. Ödəmələr də davam edir. Bu dəfə banka yox, pullar birbaşa  Mahrux xanımın özünə ödənilir və bu barədə də qəbz alınır. Hətta bunu təsdiq edən Mahrux xanımın səs yazıları olan diski Nazimət xanım bizə də təqdim etdi.

 Beləliklə, Nazimət xanım 33 min manatdan 13500 manat ödəyir. Sonralar həm özü cərrahiyyə əməliyyatına məruz qalır, həm də ən  faciəlisi isə gənc qızı Fatimə qəflətən dünyasını dəyişir. Bütün bunlara görə ödəmələrdə fasilələr yaranır. Bu müddətdə də Mahrux xanım çox məkrli bir plan qurur və şəhid statusundan istifadə edərək, Nazimət xanımın halal mənzilinə yiyələnmək istəyir. Bu məqsədlə yuxarıda qeyd etdiyimiz kimi yenə Ziya Qardaşov köməyə gəlir. Ziya Nazimət xanıma qohum olduğundan (bacısı qızının kürəkəni-E.M.) Mahrux xanımla birlikdə evə gəlirlər ki, bəs dövlət Rufisin banka olan pulunu bağlayır. Ona görə də sənədlər lazımdır. Nazimət xanım da həm ortada qohumu Z.Qardaşov olduğundan, həm də şəhid ailəsinə hörmət əlaməti olaraq, sənədləri onlara verir. Bu zaman Z.Qardaşov “Nazimət xala, heç nədən narahat olma, ortada mən varam, ev sənindir, vəssalam” – deməyi də unutmur.

 Sənədləri alandan sonra şəhid ailəsi kimi statusundan sui-istifadə edərək, Mahrux xanım ev hələ Rufis Ağayevin adında olduğundan (danışıq belə olmuşdu ki, pul tam ödəniləndən sonra ev Nazimət xanımın adına sənədləşdiriləcək – E.M.) özünü və uşaqlarını həmin evə qeydiyyata saldırır. İşini tam başa çatdırandan sonra Nazimət xanımın qarşısında tələb qoyur ki, şəhid ailəsi kimi ev mənim və onun uşaqlarınındır. Üstəlik də Nazimət xanımdan 33 min manatdan qalan 19500 manatı yox, arada məlum səbəblərdən gecikmələr olduğuna görə üstünə faiz də gələrək 30 min manat tələb edir. Bundan əlavə, Nazimət xanımdan həmin evdə yaşadığı 6 il 8 ay ərzində, hər ay kirayə pulu olaraq 300 manatdan pul da istəyir ki, bu da 24 min manat deməkdir. Bütün bunları rəsmiləşdirmək üçün Mahrux Ağayeva şəhid ailəsi kimi məhkəməyə müraciət edir. Suraxanı Rayon Məhkəməsinin 23.05.2022-ci il tarixdə hakim Səlimə Miriyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Ağayevanın idiası qismən təmin olunur. Qismən ona görə ki, məhkəmə M.Ağayevanın 24 min manat tələbini 5 min manata endirir. Amma əvəzində pul verib aldığı halal evini Nazimət Misirxanovanın əlindən alınıb, Mahrux Ağayevaya verilməsi barədə qətnamə qəbul edir. Buna isə iddianın qismən təmini yox, tam təmin olunması demək olar. Görəsən Mahrux Ağayeva şəhid ailəsi statusundan istifadə edərək, bir ailəni çölə atmağı vicdanına necə sığışdırdı? Bəs hanı Nazimət xanımın “xala ev sənindir, narahat olma, ortada mən varam” – deyən bacısının kürəkəni Ziya Qardaşov? Burada hansısa maraqlara görə Mahrux Ağayeva ilə Ziya Qardaşovun ortaq iş birliyinin olmasından şübhələnməmək mümkün deyil. Ortada qazanılan puldan yəqin ki, Ziya Qardaşovun da payı var. Hər halda bunu hüquq-mühafizə orqanları araşdırsa, pis olmazdı.

***

 Onu da qeyd edək ki, Rufis Ağayevin şəhid olmasından sonra Mahrux xanım da Ziya Qardaşovun köməyi ilə həmin hərbi hissəyə işə düzəlib və o da hərbçidir. Mahrux xanımla Ziya Qardaşovun qurduğu oyunlar sayəsində Nazimət xanımın həm evi əlindən çıxır, həm də rəhmətlik Rufis Ağayevə ödədiyi 40 min manat pul. Bunun da üstünə gələk Nazimət xanımın aybaay Mahrux xanıma ödədiyi 13500 manat pulu. Nəticədə Nazimət xanım 53500 manat ziyana düşür. Halbuki Mahrux xanımın həmin pulları aldığı və cəmi evə görə 19500 manat pulun qaldığını təsdiq edən səs yazıları var. Bütün bunları və insafı bir kənara qoyan Mahrux Ağayeva şəhid adına ləkə gətirərək, əlavə pullar qazanmaq barədə düşünür. Bəs görəsən onda Nazimət xanımın notarial qaydada evi almaq üçün bu ailəyə ödədiyi 40 min manat, üstə gəl 13500 manat necə olsun? Amma Rufis Ağayev sağ olsaydı, nə xanımını, nə də hərbçi yoldaşı Ziyanı belə qanunsuzluq və insafsızlıq etməyə qoymazdı...

***

İndi gəlin Mahrux xanımın qanunsuz olaraq, tələb etdiyi bu pullar barədə Nazimət Misirxanovanın Azərbaycan Respublikası Hərbi Prokurorluğuna yazdığı şikayət ərizəsindən bir hissə ilə tanış olaq: “Mən Mahruxla aramızda qalan 19500 manat pulun ona ödəməyimi təklif etsəm də, o, mənə “30 min manat pul ödəməlisən, səndən faizini də alacam, səni məhkəmələrdə süründürəcəm” – demişdir. Mən ona bəs mənim pullarımı kim geri qaytaracaq dedikdə, o, mənə “kimlə müqavilə bağlamısan, get ondan al, torpağın altındadır müqavilə bağladığın insan” – sözləri demişdir. Qeyd edim ki, hər iki şəxsin, Ziya ilə Mahruxun mənə qarşı törətdikləri əməllərdə AR CM-nin 178-ci maddəsinin tərkib hissəsi olduğundan, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə əməlləri yarandığından hər iki şəxs barəsində cinayət işi açılmalı, istintaqa cəlb edilməli və həbs olunmalıdırlar”.

 Nazimət xanım çox haqlı bir tələb irəli sürüb. Əvvəldə də qeyd etdiyimiz kimi, şəhid ailələrinə dövlətimiz tərəfindən hərtərəfli qayğı, diqqət göstərilir və geniş güzəştlər tətbiq olunur. Mahrux Ağayeva kimi xanımlar da dövlətin verdiyi şəhid statusu adından sui-istifadə edərək, başqasının pulunu və əmlakını mənimsəyir. Bu işdə ona bəzi hakimlər başının üstündə Allahı, əlinin altındakı qanunu və ədaləti unudaraq kömək edirlər. Bir tərəfdən də Mahrux Ağayeva və Ziya Qardaşov şəhid adını necə təhqir etdiklərinin fərqində deyillər. Məgər Rufis Ağayev ona görə şəhid olmuşdu ki, həyat yoldaşı və dostu gələcəkdə onun adından istifadə edərək, başqalarını evsiz qoysun? Belə insanların şəhid statusu əlindən alınmalı və haqqında cinayət işi açılmalıdır.

İndi Nazimət Misirxanova Suraxanı rayon Məhkəməsinin hakimi Səlimə Miriyevanın buraxdığı kobud qanun pozuntusunu aradan qaldırmaq üçün apellyasiya şəkayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrliyi ilə 31.10.2022-ci ildə keçirilən məhkəmə iclası bir az qalmaqallı keçib. Açıq məhkəmə iclası olduğundan Nazimət xanım bizim də jurşnalist olaraq məhkəmədə iştirakımızı istəmişdi.

Apellyasiya Məhkəməsinin həyətinə girişdə olan polisin jurnalistin məhkəmədə iştirak etmək üçün gəldiyini bildirəndə Şərafət xanım özündən çıxıb ki, jurnalistin burada nə işi var? İddiaçı kimi Nazimət Misirxanova və vəkili Ceyhun Bayramov nə qədər cəhd etsələr də ki, bu, açıq məhkəmə iclasıdır və hər kəs burada iştirak edə bilər, lakin hakim Şərafət xanım inadından əl çəkməyib. Nəticədə məhəkəmə noyabrın 14-nə qədər təxirə salınıb. Amma hakim Şərafət Məmmədova jurnalistin məhkəmədə iştirakına qanunsuz olaraq icazə verməsə də, bir qadın humanistliyi göstərərək, tərəfləri növbəti məhkəmə iclasına qədər başrışmağa dəvət edib. Bu, əlbəttə, alqışlanasıdır. Amma görək Mahrux xanım və onu bu qanunsuzluğa sürükləyənlər şəhid Rufisin ruhuna hörmət qoyaraq yol verdikləri haqsızlığa son qoyacaqlarmı?  Əlbəttə, Biz Şərafət xanım haqqında xoş sözlər eşitmişdik və onu hələ İnzibati Məhkəmədən ədalətli hakim kimi tanıyırdıq. İnanmaq istəyirik ki, növbəti məhkəmə iclasında hələ İnzibati-Iqtisadi Məhkəmədən ədalətli hakim kimi tanıdığımız Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət xanım Məmmədova nəhayət, haqq-ədaləti bərpa edərək adına və nüfuzuna kölgə düşməsinə imkan verməyəcək. İnanırıq ki, məhz növbəti məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova ədalətli qərara imza ataraq, şəhid ailəsi adından sui-istifadə edərək, bir vətəndaşın pulunu mənimsəyib, evini əlindən aldığı üçün Mahrux Ağayevanın və Ziya Qardaşovun cəzalandırılmasını təmin edəcək. Bu humanist və ədalətli qərar digər şəhid ailələrinə də dərs olar ki, bir də kimsə şəhid ailəsi statusundan istifadə edərək, həm qanunsuzluğa yol verməsin, həm də şəhidlərin müqəddəs adına ləkə gətirməsinlər.

P.S. Yazlda adları çəkilən bütün şəxslərin də mövqeyini dinləyib dərc etməyə hazırıq.

Mövzünü diqqətdə saxlayacağıq.

 Hazırladı:  Elçin MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN