Bu günlərdə, daha dəqiq desəm, noyabrın 10-da  Bakı Dövlət Universitetinin böyük akt zalında Azərbaycanın dövlət və ictimai xadimi, Əməkdar hüquqşünas, professor Məmməd Süleyman oğlu Xələfovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi...

 ...Məmməd Xələfovun Azərbaycanın elm və dövlətçilik tarixinə, gənc nəslin savadlılığına, xalqımızın böyük-kiçik, müəllim-tələbə münasibətlərinə köklənmiş milli adət-ənənələrimizə, Azərbaycan elminin  və mədəniyyətinin təbliğinə hesablanmış həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir! Bunu ötən günlərdə Bakı Dövlət Universitetində görkəmli elm xadiminin anadan olmasının 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirdə söylənilənlər bir daha təsdiq edirdi... Və tədbirin Təşkilat Komitəsindən "Təzadlar"a bildirildiyi kimi, konfransın məqsədi Professor Məmməd Xələfovun elmi-pedoqoji və ictimai fəaliyyətinə işıq salmaq, görkəmli alimin yetirmələrinin işıqlı xatirələrini dinləmək, eləcə də alimin yaddaşlardan silinməz irsinin qorunması üçün tədbirlər müəyyən etmək idi.

 Beləliklə, mənim də iştirakçı olduğum elmi konfrans açıq elan edildi. Sonra söz Bakı Dövlət Universitetinin Elm və innnovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Hüseyn Məmmədova verildi. H.Məmmədov Məmməd Xələfovun elmi və pedoqoji irsi haqqında konfrans iştirakçılarına müfəssəl məlumat verdi.

  "Professor Məmməd Xələfovun həyat və yaradıcılığı haqqında" məruzə ilə isə BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov çıxış etdi. Professor Alış Qasımov görkəmli xadim Məmməd Xələfovla bağlı kövrək xatirələrini danışdı, tələbəlik illərindən tutmuş Məmməd Xələfovun müdiri olduğu kafedradakı pedoqoji fəaliyyətinin ibrətamiz anlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı: «…Məmməd müəllim elə bil şəxsiyyət idi ki, heç vaxt söylədiyi sözünün təkzibi olmazdı. O, istər universitet auditoriyalarında, istərsə də həyatda hər kəsə nümunə idi. O, gerçəkdən bir məktəb idi və mən xoşbəxtəm ki, bu məktəbi keçmişəm, bu gün də onun rəhbərlik etdiyi kafedranın müdiriyəm, onun arzu və istəklərini davam etdirməyə çalışıram…».

"Azərbaycan Respublikasında mülki hüquq elminin inkişafında professor Məmməd Xələfovun rolu" mövzusunda danışan BDU-nun Mülki hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyevanın çıxışı da Məmməd Xələfov məktəbinin ÜmumAzərbaycan auditoriyasının genişliyi barədə təsəvvür yaradırdı… M.Dəmirçiyeva ilk elmi işinin mövzusunu seçməyindən tutmuş sonrakı illərdə müdafiəsinədək Məmməd Xələfovun tövsiyyələrinin nə qədər böyük əhəmiyyət daşıdığından ürək dolusu danışdı: «Bu gün də Məmməd müəllimin adı gələndə özümü ələ alıram, elə bilirəm ki, o, bu dəqiqə mənə səslənəcək ki, «Qızım, nə probleminiz olsa, mənə söyləyin…». O, indi də bizim üçün məsləhət, örnək ünvanıdır…».

Sonra professor Məmməd Xələfov haqqında kövrək, həm də olduqca maraqlı xatirələr dilə gətirildi. Azərbaycanın Əməkdar hüquqşünası İkram Kərimov, Azərbaycanın Əməkdar Dövlət Qulluqçusu Səfa Mirzəyev, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, Prezident yanında Ali İdarəetmə Akademiyasının professoru İsaxan Vəliyev, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev, sabiq prokuror Hacı Yusif İldırımzadə, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Aparat rəhbəri Simran Həsənov və başqaları çıxış edək görkəmli alim, professor Məmməd Xələfov haqqında olduqca maraqlı xatirələrini söylədilər.

Xələfovlar ailəsi adından çıxış edən Ali Məhkəmənin hakimi İlqar Xələfov konfransın işinə dəstək verən hər kəsə, bu sırada Bakı Dövlət Universitetinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. O, çıxışının sonunda vaxtilə professor Məmməd Xələfovun yaxın dostu olmuş Telman Əliyevin yazmış olduğu xatirələr kitabından bir misalla çıxışını tamamladı: «…Mərhum Telman müəllimin kitabındakı xatirələrin birində bir cümlə xüsusilə yadımda qalıb: «…Onu xatırlamaq ibadətdir!». Allah hər birinizə kömək olsun!».

 Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında Məmməd Xələfovun xatirəsini əziz tutan hər kəsə dərin minnətdarlığını bildirdi: «…Mən Məmməd müəllimi dərindən tanımamışam, amma burada söylənilənlərdən sonra bir daha yəqin etdim ki, professor Məmməd Xələfov əsl məktəb olub: elmin, hüququn, insanlığın, mərdliyin, kişiliyin, Azərbaycansevərliyin məktəbi! Təklif edirəm ki, birincisi, universitetdə «Məmməd Xələfov auditoriyası» yaradılsın. Elə bir auditoriya ki, Məmməd müəllimin özü kimi işıqlı, samballı, dəyərli, nümunəvi olsun… İkincisi, burada yeni nəslə ibrətamiz olacaq çox maraqlı xatirələr səsləndi. Təklif edirəm, bu xatirələr toplanılsın və kitab halında çap edilsin, gələcək nəslimizə yadigar qalsın. Kitab tirajından, həcmindən asılı olmayaraq Bakı Dövlət Universitetinin vəsaiti hesabına çap edilsin…».

Rektorun bu təklifləri alqış sədaları ilə qarşılandı… Və Professor Məmməd Xələfovun xatirəsinə həsr olunmuş konfrans bu alqış sədaları altında tamamlandı…

***

P.S. BDU-nun Hüquq fakültəsi universitetin ən aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. BDU-nun rəsmi saytında da qeyd edilir ki, Hüquq fakültəsinin tarixi böyük və zəngindir, belə ki, o, az qala BDU-nun özü ilə yaşıddır. Və Hüquq fakültəsinin rəhbərliyi sırasında təşkilatçılıq qabiliyyəti ilə fərqlənən və fakültəyə 18 il rəhbərlik etmiş tanınmış hüquqşünas-alim professor Məmməd Süleyman oğlu Xələfovun əməyi xüsusi böyük olmuşdur. Alim (1922-1992) 1954-cü ildə namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, “Azərbaycan SSR-nin Əməkdar hüquqşünası” adına layiq görülmüşdür. Onun Hüquq fakültəsinə rəhbərliyi dövrdə (1962-1980)  həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də, elmi-pedaqoji istiqamətli işlər sürətləndi. Təkcə bir neçə il ərzində Hüquq fakültəsi müəllimlərinin üç nəfəri doktorluq, 7 nəfəri isə namizədlik dissertasiyası müdafiə etdi. O dövrdə fakültə əməkdaşlarının hazırlayıb müdafiə etdikləri doktorluq və namizədlik dissertasiyalarının hamısının mövzusu çox aktual idi. Dos. A.A.Milman 1965-ci ildə “XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın siyasi quruluşu”, dos. C.H.Mövsümov 1966-cı ildə “1917-1937-ci illərdə Azərbaycan SSR-də məhkəmə və cinayət prosesi”, dos. M.N.Ələsgərov 1968-ci ildə “SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişlər.

Sonda: BDU-nun Hüquq fakültəsində 100-dən çox  hüquq üzrə fəlsəfə doktoru və 22 hüquq  üzrə elmlər doktoru proqramlarında doktorant və dissertantlar hüquq elminin 12 ixtisası üzrə (5602.01 – “Ümumi nəzəriyyə və üsullar”; 5603.01 – “Beynəlxalq hüquq, insan hüquqları”; 5606.01 – “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”;  5607.01 – “Konstitusiya hüququ, bələdiyyə  hüququ”;  5608.01 – “Mülki hüquq, sahibkarlıq; ailə hüququ; beynəlxalq xüsusi hüquq”; 5609.01 – “Əmək hüququ, sosial təminat hüququ”; 5610.01 – “Təbii ehtiyatlar hüququ, aqrar hüquq, ekologiya hüququ”; 5611.01 – “Cinayət hüququ  və kriminologiya; cəza-icra hüququ”; 5612.01 – “Cinayət prosesi və kriminalistika”; 5613.01 – “Məhkəmə hakimiyyəti, prokurorluq və vəkillik fəaliyyəti, hüquq mühafizə  fəaliyyətinin təşkili”; 5614.01 – “İnzibati hüquq,  maliyyə hüququ,  informasiya hüququ”; 5615.01 – “Mülki proses”) elmi-tədqiqat işləri aparırlar. Hüquq fakültəsi Prezident təqaüdçülərinin sayına görə BDU-da birinci yerdədir. Belə ki, fakültədə əlaçı və istedadlı tələbələr üçün “Heydər Əliyev adına təqaüd”,  “Murtuz Ələsgərov adına təqaüd”, “Məmməd Xələfov adına təqaüd” və s.  təsis edilmişdir.

Professor Məmməd Xələfovun xatirəsi həmişəyaşardır!

*** 

 ...Bəli, Professor Məmməd Xələfovun Azərbaycanın elm və dövlətçilik tarixinə, gənc nəslin savadlılığına, xalqımızın böyük-kiçik, müəllim-tələbə münasibətlərinə köklənmiş milli adət-ənənələrimizə, Azərbaycan elminin  və mədəniyyətinin təbliğinə hesablanmış həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir! 

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.8).

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN