2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri olan, burada yarımştat dərs deyən Elçin Abuzər oğlu Xələfov həm də uzun illərdir Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tam ştatlı prorektor və rektor əvəzi vəzifələrini icra edib, amma hamı bu qanunsuzluğa susub…

«Təzadlar»ın rəsmi saytının ötən buraxılışlarının birində daxil olmuş şikayət əsasında hazırlanmış araşdırma yazı yayımlanmışdır. Yazıda hüquq üzrə fəlsəfə doktoru, 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutmuş Elçin Xələfovun qanunsuz hərəkətindən, Azərbaycanın mövcud əmək qanunvericiliyinə hörmətsizliyindən söhbət gedirdi. 

Qeyd edək ki, həmin araşdırma yazı təxminən bir ay ərzində hazırlanmışdır. Belə ki, bizə təqdim edilən faktlar əsasında BDU-da və digər qurumlarda fiziki, Ədliyyə Nazirliyinin və ƏN-nin Ədliyyə Akademiyasının rəsmi saytlarında və s. isə virtual müşahidələr aparılmış, təhlillər edilmiş, əmək hüququ üzrə mütəxəssislərlə, vəkillərlə məsləhətləşmələr aparılmışdı. Yazı hazırlanandan sonra mövqeyinin öyrənilməsi üçün Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun, eləcə də BDU-nun, BDU-nun hüquq fakültəsi dekanlığının, Ədliyyə Nazirliyinin elektron poçtuna göndərilmişdir. Amma qarşı tərəflər susmuşdur. «Media haqqında» Qanunun bütün tələblərinə riayət edilməklə hazırlanmış məqalə, nəhayət, saytda yayımlanmışdır. Bundan sonra çətinliklə də olsa, mobil telefonunu taparaq əvvəlcə Elçin Xələfovun özünə zəng etdik. Məlum oldu ki, E.Xələfov məqalədən xəbərdardır. Amma özünü haqlı kimi göstərməyə başladı... Başladı ki, ay sizinlə bağlı tədbir gördürəcəyəm, ay nə bilim, siz kimsiniz ki, belə bir araşdırma aparır və yalan məlumatı yayırsınız, ay nə bilim, mənim iki yerdə işləməyim pedoqoji fəaliyyət olduğundan qanunidir və s. E.Xələfov həm də BDU-da dərs deməli olduğu auditoriyadan yayınmadığını, daim dərsə və müdiri olduğu kafedraya gəlib-getdiyini bildirdi.

 Prorektor Elçin Xələfovun yalanı…

 Təbii ki, hörmətli Elçin Xələfovun diqqətinə apardığımız araşdırma və müşahidələr əsasında əldə etdiyimiz faktları çatdırdıq. Məsələn, ondan  bəzi hüquqi mətləblərə də diqqət etməyi xahiş etdik:

-Elçin müəllim, Siz 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdirisiniz… Doğrudurmu?

-Bəli…

-Siz eyni zamanda 10 ildən çoxdur Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi vəzifəsini tutmusunuz… Bəs bu necə mümkün olur ki, BDU-dakı 8 saatlıq iş vaxtında həm də 8 saatınızı (səhər saat 09:00-dan axşam saat 18:00-dək) Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasındakı prorektor və rektor əvəzi vəzifəsinə sərf edə bilmisiniz??? Axı bu vəzifələr rəsmi iş yeridir, ayrı-ayrı məkanlardadır, ikinci vəzifə isə dövlət qulluğudur. BDU-da sizdən kafedra müdiri kimi müəllimlər və ya tələbələr məsləhət almalıdır, Akademiyada isə yenə də eyni qayda üzrə digər müəllimlər… Siz həm də BDU-da yarım ştatla tələbələrə dərs deyirsiniz. Bəs bu necə baş tutur? Fiziki cəhətdən mümkünsüz olan bir işi necə həll edirsiniz??? Siz hüquqşünassınız… Bunlar Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində mümkündürmü??? Biz BDU-da müşahidələr aparmışıq, sizi müşahidə apardığımız dərs saatlarınızda auditoriyada görmədik… Hətta elə saatlar oldu ki, siz dərs deməli olduğunuz həmin saatlarda başqa bir məkanda hansısa mərasimdə, tədbirdə olmusunuz… Bunun izahını necə verə bilərsiniz??? Və hətta BDU-da bizə bildirdilər ki, siz bəzən tam ştatlı müdiri olduğunuz kafedraya səhər gəlib salamlaşıb sonra gedirsiniz Ədliyyə Akademiyasına. Və bir də axşamlar imkan tapanda gəlib tabelə imza atırsınız…

 Bəli, Elçin Xələfov bu və ya digər suallara cavab verə bilmədiyindən son sözü bu oldu ki, «Mən sizin barənizdə tədbir gördürəcəyəm…»! Vəssalam!

 Bu da qanunlarımızı saya salmayan, 10 ildən çoxdur iki tam ştatlı vəzifəni tutan, eyni zamanda əlavə olaraq yarım ştat üzrə dərs deyən hüquqşünas Elçin Xələfovun cavabı…

 Bəs BDU-nun dekanı Elçin Xələfova niyə və nəyə görə xəbərdarlıq edibmiş???

 Sonra məsələyə aydınlıq gətirilməsi üçün Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyevlə telefon əlaqəsi saxladıq. Yazıda da qeyd etmişdik ki, doğrudanmı dekanın Elçin Xələfovun bu qanunsuz əməllərindən xəbəri yoxdur???

 Açıq deyək, Zaur Əliyev bizimlə olduqca səmimi danışdı. Məlum oldu ki, dekan Elçin Xələfovun BDU-dakı qanunsuz hərəkətindən xəbərdardır və hətta bir dəfə ona rəsmi xəbərdarlıq da edib:

-Əvvala, sizin qəzeti və rəhbərliyi yaxşı tanıyıram, hörmət bəsləyirəm… Lakin bir məsələdə sizdən narazıyam. Yazırsınız ki, guya mən dekan kimi ümidləri doğrultmuram. Axı mən təzə təyin olunmuşam, necə deyərlər, imkan verilsin, görəcəksiniz özümü necə doğrulduram… O ki qaldı Elçin Xələfovun dərs saatlarında auditoriyada olmamasına, bəli, bu bir dəfə olub, ona şəxsən özüm xəbərdarlıq etmişəm ki, nəticə çıxarsın… Lakin onun Ədliyyə Nazirliyinin Akademiyasında tam ştatlı vəzifə tutması məsələsinə gəlincə, bu mənə aid məsələ deyil, bunu aidiyyəti dövlət qurumlarından soruşub öyrənə bilərsiniz ki, qanunidir, yoxsa yox. Biz hüquq fakültəsinin dekanlığı olaraq yeni layihə üzərində çalışırıq, fakültəmizdə sağlam auditoriya mühiti kimi, sağlam da kollektiv formalaşmaqdadır. Bəhrəsini tezliklə görəcəksiniz… Məsələn, bir neçə gün əvvəl professor, dövlət və ictimai xadim, fakültəmizin və bütünlüklə universitetimizin fəxri Məmməd Xələfovun anadan olmasının 100 illiyi ilə bağlı möhtəşəm tədbir keçirildi. Belə ənənələri yaşatmağa çalışırıq…

***

Bəli, Elçin Xələfov hüquqşünas olduğu, Azərbaycanın Əmək qanunvericiliyinin tələblərini bildiyi halda, on ildən çoxdur iki tam ştatda vəzifə tutaraq dövlət büdcəsindən qanunsuz olaraq vəzifə maaşı almışdır. Redaksiya bununla bağlı Maliyyə Nazirliyinə, Baş Prokurorluğa, Auditorlar Palatasına və Prezident yannıda Dövlət qulluğu Komissiyasına rəsmi sorğu göndərmişdir. İnanırıq ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına yeni təyin edilmiş Şahin Əliyev də tanınmış hüquqşünas kimi bu məsələdə öz sözünü deyəcək.

"Təzadlar"ın Araşdırma Qrupu

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN