"Yazmasam, ölləm..." Şairlərimizdən bunu kim yazıb, bilirsiniz... Mən də bunu yazmasam, ölləm! Sözüm Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovadır.
Hörmətli Ədalət müəllim. Dünən Bakıdakı "Xəmsə" Şadlıq Sarayında "Təzadlar" qəzetinin 30 illik yubileyi adımıza layiq qeyd edildi... İslam Ölkələri Akademiklər Birliyinin sədri, Türkiyə Baş Nazirinin sabiq müşaviri (Türkiyə) Pr.Dok. Bayram Altan, Rüsiya Federasiyasının Əməkdar rəssamı (Moskva) Əsgər Məmmədov, Ukrayna Baş nazirin sabiq müavini Burzu Əliyev, Professor, Rusiya Vəkillər Gildiyiasının vitse-Prezidenti, Başqırdıstan Dövlət İmtahan Komissiyasının sədri (Rusiya) Valeh Abbasov, Türk Dünyası Yazarlar Birliyinin sədri, KASSAK təsisçisi (Türkiyə) Salih Kurt, İsrailin AVIV telekanalının baş redaktoru, «Sputnik» qəzetinin təsisçisi (İsrail) Mark Qorin, İran Aşıqlar Birliyinin sədri (İran) Aşıq Səlcuq Şahbazi, Türkiyənin TRT-Radio-sunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri (Türkiyə) Sevda Mirzə, Almaniya- Azərbaycan Muğam Fondunun rəhbəri (Berlin) Abdulkadir İnaltəkin, Rusiya Federasiyası Mari El Respublikası «Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti" Fondunun sədri (Rusiya) Oqtay Hüseynov, Mari El Respublikası Mədəniyyət, Mətbuat və Millətlər nazirinin 1-ci müavini (Rusiya) Sadovin İqor Gennadieviç, Mari El Respublikası Mədəniyyət, Mətbuat və Millətlər Nazirliyinin Baş İdarə müdiri Çemışev Mixail Valerieviç, nəhayət, «Təzadlar» qəzetinin Avropa üzrə xüsusi müxbiri (İsveçrə) İlham Rəsul video-təbriklərini göndərdilər, orada səsləndirildi və göstərildi. Azərbaycanın dövlət və ictimai xadimləri də bizi təbrik etməyə gəlmişdilər.
Sözümün mənası və mətləbi var: rəhbəri olduğunuz universitetdən də yubiley tədbirində iştirak edənlər var idi. Lakin Sizin tədbirə dəvət etdiyimiz baş müəllimlərinizdən biri mənə zəng edir ki, gələ bilməyəcəyəm, çünki Ədalət Muradov bilsə, məni universitetdən qovacaq! Mən bu professor-müəllimə izah edə bilmirəm ki, Ədalət Muradov ədalətli insandır və belə şey etməz! Amma həm də düşünürəm və bilirəm ki, Siz həmin müəllimin kimliyini bilsəniz, çağırıb deyərsiniz ki, a kişi, sən o qəzetlə bu qədər yaxınsan, səni dəvət ediblər, getməmisən. Getmədiyinə görə səni universitetdən qovuram!
Ədalət müəllim, mən düz düşünürəm, yoxsa...
ASİF MƏRZİLİ