“Biz həmişə özümüzü təmin edən ölkə olmuşuq. Bizim Avropa İttifaqının (Aİ) köməyinə və dəstəyinə heç vaxt ehtiyacımız olmayıb".
TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün səfərdə olduğu Nyu-Yorkda Amerikanın PBS kanalının gündəmə dair sualları cavablandırarkən deyib.
Türkiyənin (Aİ) üzvlüyündən imtina etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Ərdoğan Türkiyənin Aİ-nin qərarlarına əhəmiyyət verdiyini bildirərək deyib ki, Aİ müsbət qərar versə, biz bunu alqışlayarıq:
"Türkiyə son 50 ildə Aİ-nin qapısında dayanıb. Biz həmişə özümüzü təmin edən ölkə olmuşuq. Bizim heç vaxt Aİ-nin köməyinə və dəstəyinə ehtiyacımız olmayıb, buna ehtiyacımız yoxdur", - deyə Prezident vurğulayıb.
Ərdoğan ABŞ-ın Türkiyəyə F-16 satması ilə İsveçin NATO üzvlüyünün bir-biri ilə əlaqəli olduğunu düşünüb düşünmədiyinə dair isə deyib:
"Məncə, heç bir əlaqə olmamalıdır. Prezident (Co) Bayden bildirib ki, bu məsələ ilə bağlı qərarı Konqres verəcək. Biz həmişə deyirik ki, bizim də Türkiyə Böyük Millət Məclisimiz var. Yəni parlament qərar verir. Əgər parlament bu mövzuda müsbət qərar verməzsə, bununla bağlı edə biləcəyimiz bir şey yoxdur".
Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Qara Dəniz Taxıl Təşəbbüsünü niyə canlandırmaması ilə bağlı suala isə belə cavab verib:
Biz (Putin) onlardan soruşduq və onlar daha 1 milyon ton (taxıl) göndərəcəklərini dedilər. Putin taxıl ixracına dərhal başlayacağını və hadisələri izlədiklərini söylədi.
“Siz onun (Putinin) bu vədi yerinə yetirəcəyinə inanırsınızmı? sualına cavab olaraq prezident Ərdoğan deyib:
"Mənim güvənməməyim üçün heç bir səbəb yoxdur. Qərbə nə qədər etimad edilirsə, Rusiyaya da ən azı Qərbə etimad edildiyi qədər edilir. Bizi 50 il qapısında gözlənən Aİ-dir. Hazırda Qərbə nə qədər güvənirəmsə, Rusiyaya da o qədər güvənirəm".