…2014-cü il iyulun 11-də Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda 

öz ata-baba yurdlarını ziyarət etmək üçün yurd yanğısı ilə işğal altında qalmış evlərinn ziyarətinə gedirlər… Bu zaman onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülür… Onlarla birgə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülür. O vaxt mövcud olmuş, 2020-ci ilin sentyabrında gorbagor olmuş «Dağlıq Qarabağ Respublikası»nda  Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulur. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunur. Azərbaycan hakimiyyətinin səyləri və Beynəlxalq Qırmızı Xaçın texniki köməyi ilə 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilir.

***

Hələ də bir sual cavab istəyir ki, bəs ələ keçənədək Kəlbəcərə gedib-gəlmiş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov necə oldu ki, bu dəfə ələ keçdilər? «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bu barədə sensasion faktı açıqladı:

- Dilqəmgilin ələ keçməsində adını çəkmək istəmədiyim bir TV-nin özündəndeyən reportyorunun xüsusi rolu oldu... Belə ki, 2014-cü ilin yaz aylarında, səhv etmirəmsə, may ayı idi, Tərtərin sabiq icra başçısı, mərhum Sərdar Həmidov zəng etdi ki, işdəsənmi? Dedim, bəli. Dedi ki, gözlə, gəlirik, bir sensasion məsələ var, qəzetdə dərc etmək lazımdır… O, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə gəlmişdi… Sərdar bəy onları təqdim etdi, tanış olduq. Ola bilər adlarını səhv salaram, məncə, Dilqəm idi, Kəlbəcərə necə getdiklərini, orada hansı maraqlı hadisələrin şahidi olduqlarını, kəndlərinə baş çəkdiklərini, erməniləri kənarda rahatca izlədiklərini, ustad Aşıq Şəmşirin məzarına baş çəkib əyilmiş başdaşını düzəltdiklərini, bu barədə çəkdikləri videokadrlar diskini hazırda iqtisadiyyat nazirinin müavini olan Cavid Qurbanova təqdim etdiklərini...  və s. danışdılar. Eləcə də hansı istiqamətdən və necə qayıtdıqlarını və s. ətraflı söylədilər. Sərdar bəy onları gətirmişdi ki, müsahibələrini verək qəzetdə... Dedim, ora bir də gedəcəksiniz? Məlum oldu ki, yaxın günlərdə bir də gedəcəklər... Dedim, Sərdar bəy, onlar bir də gedəcəklərsə, bunları yazmaq olmaz… Hətta bir faktı xatırlatdım, dedim, 1994-cü ildə Azərbaycan daxili işlər nazirinin birinci müavini mərhum Rövşən Cavadov məni DİN-ə çağırtdırdı, məlum oldu ki, BQX-nin əməkdaşları Xankəndidə girovluqdakı Laçın sakini olan bir oğlanın (adını unutdum) evlərinə yazdığı məktubu qardaşı nazirliyə gətirib, azad edilməsi üçün kömək istəyirlər, onun haqqında bir məlumat yazmaq lazımdır qəzetdə… Biz də bu barədə məlumat xarakterli yazını «Təzadlar» qəzetində verdik, həmin məktubun da surətini foto kimi təqdim etdik. Həmin məktub redaksiyanın arxivində saxlanılır. Beləliklə, bu məlumat dərc olundu, üstündən təxminən bir ay keçmiş həmin oğlanın qardaşı redaksiyaya gəldi, dəhşətli faktları açıqladı. Məlum oldu ki, Bakıda olan erməni agentlər «Təzadlar» qəzetinin həmin nömrəsini Xankəndiyə göndərib… Ermənilər də qəzetin həmin hissəsini kəsərək girovluqda olan həmin oğlanı məcbur ediblər ki, indi bu qəzet parçasını yeyərsən, ağlın başına gələr və s. Bu barədə həmin girovluqda olan oğlan evlərinə yazdığı başqa bir məktubda bu barədə yazmışdı. Onu mən də oxumuşdum… Mən bunları danışandan sonra Sərdar bəy dedi ki, məsələ aydındır… Dilqəmgilə başa saldı ki, gedib gəlin, sonra ətraflı müsahibə verilər… Mən də onlara dedim ki, bu məsələni  heç yanda danışmayın, Bakı erməni agentləri ilə doludur, ermənilər bilən kimi tələ quraraq sizi ələ keçirəcək... Üstündən təxminən iki həftə keçmiş bir də gördüm ki, adını çəkmək istəmədiyim TV-nin efirində Dilqəmgilin Kəlbəcərə getdiklərini əks etdirən kadrlar verilir… Guya müəllif «ustalıq» nümayiş etdirərək gedənlərin adını çəkmir, amma ermənilər üçün aydın idi ki, Kəlbəcərə hardan keçib getmək olardı… Dərhal Sərdar Həmidova zəng etdim, dedim, filan TV-yə baxırsan? Dedi, yox, nə olub ki?! Dedim, Sərdar bəy, Dilqəmgilin Kəlbəcərə getdikləri barədə oradan çəkdikləri və bizdə redaksiyada baxdığımız həmin kadrları göstərirlər… Ardınca soruşdum ki, indi Şahbazla Dilqəm hardadır? Dedi, gediblər Kəlbəcərə… Təəssüflə bildirdim ki, Sərdar bəy, öyrənin, getməyiblərsə, deyin, getməsinlər, onları tutacaqlar… Bir neçə gündən sonra Sərbar bəy mənə zəng etdi, dedi, qağa, pis xəbərim var… Dedim, nə olub, bildirdi ki, ermənilər Şahbazla Dilqəmi tutublar…

***

Bəli, hər bir jurnalist daxili senzurasını həmişə işə salmalıdır: nə olar, nə olmaz! Təəssüflər olsun, biz bəzən gizli qalmalını veririk, gizli qalmamalını isə gizlədirik…

Elbar ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN