Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O, vurğulayıb ki, bölgələrdə kredit fazilərinin xeyli yüksək olması regionlarda sərmayə qoyuluşunu əngəlləyir.
"Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.
Göründüyü kimi, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyluşlarının artırılmasına əngəl olur.
Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər.
Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var", - deyə o, xatırladıb.
Qeyd edək ki, daha əvvəl də iqtisadçı-ekspert Vüqar Bayramov bu məsələ ətrafında narahatlığını dilə gətirmişdi.
O, bölgələrdə kredit faizlərinin daha çox tələb edilməsi səbəbini biznes kreditlərinin verilməsinin və bankların azlığı ilə əlaqələndirirdi.
"Rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir", - deyə bildirmişdi.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN