Xəbər verdiyimiz kimi, Makronun ermənipərəst siyasəti sayəsində Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan mövqeyi indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Daha öncə TEZADLAR.AZ CNN-ə istinadən xəbər vermişdi ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq.
Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb. Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.
Fransanın "erməni sevgisi" o qədər güclü, Azərbaycana qarşı isə qərəzi o qədər böyük olub ki, Azərbaycan mədəniyyətinin düşmənləri diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəltmişdilər.
Baş verənlərdən sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunub.
...Gözlənilirdi ki, Fransada Azərbaycan mədəniyyətinə qarşı tuşlanmış qərəzin qarşısı alınacaq. Lakin təəssüf ki, Azərbaycan əleyhinə verilən qızışdırıcı bəyanatlar öz işini gördü: Fransada vandallar arzularını gerçəkləşdirə bildilər.
Belə ki, mədəniyyət düşmənləri Xan qızı Xurşidbanu Natəvanın parkdakı heykəli üzərinə qırmızı boya atıblar. Daha sonra heykəlin mühafizəsi məqsədilə üzərinə qoruyucu örtük sarılıb...
Baş verənlərlə bağlı nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verməyib.
Qeyd edək ki, bu barədə report məlumat yayıb.
***
...Məlum olduğu kimi, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan fransız yazıçısı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycan ərazisində səyahət etmişdir. Bakıda olarkən Aleksandr Düma Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur və aralarında xoş münasibət yaranır.
Düma Azərbaycan şairəsi Xan qızı Natəvanla şahmat oynayır (Xan qızı Qarabağ xanlarının sonuncu vərəsəsi olub və buna görə sarayda onu “Dürrü yekta”, yəni “Tək inci” deyə çağırıblar, el arasında isə “Xan qızı”). Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Xan qızı fransız yazıçısını həm şahmatda mat edir, həm də ağlı, zəkası ilə mat qoyur.
O zaman Natəvanın cəmi 26 yaşı olur.
Məlumata görə, Düma şahmat oyununda gənc xanıma məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə etmişdir.
1859-cu ilin aprelində isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahəti barədə təəssüratları Parisdə çap olunub.
İndi ermənipərəst Fransa antiazərbaycan təbliğatını Azərbaycan mədəniyyətinə, Xan qızının büstünə yönəldəndə, heç olmasa Aleksandr Dümanın xatirələrinə hörmət qoyardı, hansı ki, onun Xurşidbanu xanımın zəkasına heyranlığı vardı.
JASMİN