Asif Mərzili: «Milli Məclisin mətbu orqanında daha peşəkar və savadlı, ölkə qanunvericiliyini və qayda-qanunları bilən şəxs rəhbər olmalıdır…»

Növbədənkənar parlament seçkisi başa çatdı… Artıq deputatların siyahısı da yerbəyer edilib. Daha dəqiq desək, parlament salonunda hər kəs sözün bütün mənalarında yerini bilir. Komitə sədrləri də bəlli oldu. Qalır Milli Məclisin mətbu orqanı olan «Azərbaycan» qəzetinə baş redaktor təyinatı.

Açıq deyək, uzun illərdir bu qəzetin idarəçiliyi qalmaqallı olub. Rəsmi mətbu orqan sayılan qəzet bəzən qeyri-ciddi yazılarla gündəmə gəlib və tənqid hədəfində olub. Bəzən isə məqalələrin başlığındakı kobud siyasi səhvlər də diqqətdən yayınmayıb. Hətta əsrə bərabər yaşı və ənənəsi olan qəzet bəzən adi məmurları şit tərif edən media orqanı səviyyəsinə endirilib. Təbii ki, bütün bunlar qəzetin rəhbərliyinin idarəçilik və mətbu savadlılığından irəli gələn məsələdir. Qəzetə isə pensiya yaşı çoxdan ötmüş, uzun illər Ağdamdan deputat edilmiş Bəxtiyar Sadıqov rəhbərlik edirdi.

Bəs indi Milli Məclisin orqanı olan qəzetə kim baş redaktor gətirilə bilər? «Təzadlar» qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, bir zamanlar «Azərbaycan» qəzetində parlament və xüsusi müxbir vəzifələrində çalışmış Asif Mərzili bu suala belə cavab verdi: «Milli Məclisin mətbu orqanında daha peşəkar və savadlı, ölkə qanunvericiliyini və real qayda-qanunları bilən şəxs rəhbər olmalıdır… Ümumiyyətlə, mən bir müddət əvvəl təklif etmişdim ki, Azərbaycan Milli Məclisinin mətbu orqanı Türkiyədəki kimi, bülleten formasında olsun və bu bülleten yalnız Milli Məclisdə qəbul olunmuş qərar və qanunları, Prezident Sərəncam və Fərmanlarını və s. çap etsin. «Azərbaycan» qəzetində bundan kənar dərc edilmiş yazı və ya məlumatlara isə diqqət edin, məqalələrin ictimai əhəmiyyət indeksi olduqca aşağıdır, bəzən isə məmurların məqsədli şəkildə təriflənməsindən o yana getmir. Peşəkar və ciddi araşdırma yazıları da istisnadır... Niyə? Axı bu qəzetdə təcrübəli jurnalistlər var, niyə onların, məsələn, yazıları media müsabiqələrində görünməz olub? Üstəlik, digər xəbər və ya rəsmi məlumatlara gəlincə, bunu AzərTAC və digər informasiya agentlikləri oncuz da hər saat, hər dəqiqə yayır…».

Asif Mərzili «Əgər «Azərbaycan» qəzetinə baş redaktor təyinatı olsa, kimi daha real görərdiniz» sualına isə belə cavab verdi: «…Əgər mövcud ənənə, yəni qəzetin hazırkı fəaliyyət formasında qalması məqbul sayılıb baş redaktor təyinatı olarsa, Milli Məclisə deputat seçilmiş media nümayəndələri var ki, onların təyinatı da mümkündür. Məsələn, Elçin Mirzəbəylini və Vüqar Rəhimzadəni nümunə çəkə bilərəm. Vüqar Rəhimzadə daha çox elmi fəaliyyətlə məşğul olduğundan, güman edirəm, Elçin Mirzəbəylini daha real namizəd görürəm. Həmçinin deputat olmayan, lakin media sahəsində yetərincə təcrübəsi və peşəkar imici olan jurnalistlər də var. Bu baxımdan reallığı nəzərə alaraq deyə bilərəm ki, Natiq Məmmədli, Rəşad Məcid «Azərbaycan» qəzetinin baş redaktoru təyin edilməyə haqq edilə bilər…».

Xatırladıram ki, Bəxtiyar Sadıqovun 3 aydan sonra 74 yaşı tamam olur…

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN