...Yaşanılmış illərə tarix deyirik. Tarix həm də illərə qədir-qiymət verənlərin ömrü ilə yad­daş­lar­da qalır.

Yaşamın, həyatın fəlsəfəsi də budur! Min illərdi qəlbitəmizlərə görə, dürüst ömür ya­şay­anlara gö­rə, təmiz vicdanlılara görə yaxşılığın səyyarəsi olanların səyyarəsiyik. Ömrünü bu ülgü ilə yaşamış insanların ölümündən sonrakı ömrü onu tanıyanların xatirələrində yaşadılır. Qüdrət Şükür oğlu Paşa­yev kimi...

Qüdrət Şükür oğlu Paşayev 1944-cü il oktyabrın 10-da Qubadlı rayonunun Tatar kəndində ana­dan olmuşdu. Həmin gün ailə iki sevinc yaşamışdı: Qüdrətin gəlişi, bir də Teymurun gəlişi. Qüd­rə­tin dünyaya gəlişi müharibədə ağır yaralanmış əmisinin Böyük Vətən müharibəsindən gəlişi gün olmuşdu. Bu gəliş o gəlişin, o gəliş bu gəlişin muştuluqçusu kimi yaşanılmışdı. Qəlbitəmizlər Teymur Paşa oğlu Qasımovun döyüşlərdə gös­tər­diyi igidliyə görə təltif edildiyi “Qırmızı Ulduz” ordeninə, “İgidliyə görə” və digər döyüş me­dal­larına görə də qürrələnmişdilər. Böyüyəndə Qüdrət də qürrələnəcəkdi.

Qüdrət ibtidai təhsilini Tatar kəndində, orta təhsilini Xocahan kənd orta məktəbində aldı. Ailə­nin təhsilə, elmə sevgisinin davamçısı olacaqdı.

Hərbi xidmət yaşına çatdı. 1964-cü ilin noyabrında həqiqi hərbi xidmətə çağırıldı, 1967-ci ildə hər­bi xidmətini atici-bölmə komandiri kimi cavuş rütbəsində başa vurdu.  Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt Boru-Prokat zavodunda çilingər işlədi. Əməkdə və nizam-in­tizamda fərqləndiyinə görə həmin il onu Sumqayıt şəhər milis idarəsində polis nəfəri kimi işə göndərdilər.

“Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini, polis ictimai təhlükə­siz­liyin və qanunçuluğun keşiyini çəkir, həm də dövlətçiliyi qoruyur, cinayətkarlığa qarşı mübarizə aparır”. Qüdrət Şükür oğlu belə düşünürdü. Mənə elə gəlir ki, onu polis orqanlarına məhz bu dü­şün­cələr gətirmişdi. Müəllimlərin də, hakimlərin də arzuladığı sabitliyin cəfakeşi olmaq istə­miş­di. İstəyi ger­çək­ləşmişdi. Yaxından tanıyanları deyir ki, Qüdrət Şükür oğlu həm polis işçisi kimi, həm də xalqımızı, dövlətçiliyimizi sevən bir insan kimi xətir-hörmətə malikiydi.  

Peşəkarlığı diqqətdən yayınmadı. Rəisləri işə münasibətinin, savadının, bacarığının, inti­zam­­lı­ğının, məsuliyyətliyinin, ictimai asayişin qorunmasında və cinayətkarlığa  qarşı mübari­zə­də fəallığının zəmanəti ilə onu 1968-ci ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə gön­dər­dilər. Etimad idi. Zabit olacaqdı. Xidmətini polis zabiti kimi davam etdirəcəkdi. Təhsilini 1970-ci ildə fərqlənmə diplomu ilə bitirdi. Bu, adi fakt deyil. Gəncin gələcək fəaliyyətinə özünün xeyir-duası idi.

Məktəbin rəisi Qılmanovun Azərbaycan Respublikası Daxili İşlər naziri Arif Heydərova yazdığı təşəkkür məktubunda deyilirdi:” Milis leytenantı Qüdrət Şükür oğlu Paşayev məktəbdə təhsil aldığı illərdə özünü çox bacarıqlı, intizamlı bir müdavim kimi göstərmişdir. Oxuduğu bütün kursları və dövlət imtahanlarını əla qiymətlərlə başa vurmuşdur. Məktəbin  bütün işlərində fəal iştirak etmişdir. Məktəb rəhbərliyi əmindir ki, o tapşırılan işin öhdəsindən layiqincə gələcəkdir “.               

Bu məktub həqiqət naminə, gerçəklik naminə xeyirxahlıq idi və bu məktuba görə Daxili İşlər Nazirliyinin rəhbərliyi Qüdrət Şükür oğlu Paşayevi Kirov Rayon Milis Şöbəsində (indiki Binəqədi Rayon Polis İdarəsi) Sosialist Əmlakını Dağıdanlarla Mübarizə xəttinə (SƏDM) əməliyyat müvəkkili göndərdi. Bu milis orqanlarında onun üçün yeni sahə olsa da vəzifənin öhdəsindən gələcəyinə inanırdı. İna­nırdı ki, təhsildə qazandığı  nəzəri bilikləri onun bəyənilən xidmətini təmin edəcək.

Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxi­lin­də mənəvi bir öhdəlik ya­­radır. Bəzən polisin xidməti (və həyatı) belə anlardan iba­rət olur. Belə anlar mətin xarakter ilə hüquqi axarına yönəldilir. Buna bacarıq, qabiliyyət, səriştə deyilir. Qüdrət Paşayevi belə tanı­yır­dı­lar. Prinsipial idi, qanunçuluğun cəfakeşiydi, qayğıkeşiydi, o da insanı əşrəf bilirdi, vəzifə münasibətləri ilə fərdi mü­nasibətlər arasında həm ciddi fərq görürdü, həm də incə, yaşadılmalı eynilik. Bu xarakterinə görə onu sevirdilər, ona etibar edirdilər. Peşəkar əməliyyatçı idi. Polis orqanlarında xidməti müddətində tapşırılan bütün işləri məsuliyyətlə, qanunun aliliyi qorunmaqla yerinə yetirirdi. Ona inanırdılar. Xidmət yoldaşları da, rəisləri də, müraciət edənlər də. İnam etibar deməkdir. Etibar edənlər də müəy­yən mənada, aparılan əməliyyatın vaxtında, qanuna müvafiq başa çatdırılmasında iştirakçı olurdular. Qüdrət Şükür oğlu sözübütöv insan olub, qanunu qoruya-qoruya insanlığı da qoruyub. “Bir nəfərin yanında inamı itirmək mənəvi eroziyanın başlanğıcı olur. Heç zaman sənə olan inamın üstündə yel əsdirməyin. İnamsızlığın başlanğıcı yalandı. Bir yalanı doğruluğa çıxarmaq üçün neçə yalanlar yara­nır...”,  –  Qüdrət Paşayev tabeçiliyində xidmət edənlərə belə deyərdi. Qüdrət Paşayev belə ömür yaşayırdı...

Baş leytenant Qüdrət Paşayev intizamlı, məsuliyyətli, ədalətli zabit idi. Tapşırılan əməliyyatları uğur­la yekunlaşdırırdı. O illərdə neçə-neçə cinayətkar dəstəni, qruplaşmanı həm faktların təhliliylə, həm də intiusiya ilə aşkarladı da, ifşa etdi də. Belə xidmət təkcə vəzifə borcunun yerinə yetirilməsi ilə məhdudlaşmır. Belə xidmət yüksək vətəndaşlığın təzahürüdür. “Biz zabit olmamışdan əvvəl vətən­daşıq” – Qüdrət Şükür oğlu belə deyərdi. “Bakı” qəzetinin 11 noyabr 1974-cü il tarixli sayında dərc edilən “Gərgin əməyin bəhrələri” məqaləsi də bu fikirlərin mətbu təsdiqi idi: “Kollektivdə öz peşəsini ürəkdən sevən, xalqın etimadını şərəflə doğruldan milis işçiləri çoxdur. ... Baş leytenant Qüdrət Paşayev, ... və başqaları haqqında hamı xoş sözlər dedi, onların işgüzarlığını sübut edən epizodlar danışdılar”. Məqalə - tarixdir, xalqın verdiyi dəyər də tarixdir. Belə ömür yaşayan insan əlbəttə ki, xoş­bəxt insan idi, belə xidmət edən polis işçisi əlbəttə ki, nümunəvi xidmətiylə fərqlənəcəkdi, fərqlənirdi. Belə xidmət həm də ən etibarlı zəmanət olur. Az sonra Qüdrət Paşayevi Lenin ( indiki Sabunçu) və daha sonra Əzizbəyov ( indiki Xəzər) rayon daxili işlər idarələrində SƏDM xətti üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin etdilər. Yeni sahənin tələbləri onu daha məsuliyyətlə xidmətə yönəldirdi – bu sahə bilavasitə iqtisadi biliklərlə bağlı idi və gənc zabit  1976-cı ildə D.Bünyadzadə adına Azərbay­can Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan İqtisadiyyat Universitetinin) iqtisadiyyat fakultəsinə daxil oldu, qiyabi təhsil aldı, institutu fərqlənmə diplomu ilə bitirdi..

Respublika DİN onun işini yüksək  qiymətləndirdi. Təhlükəli cinayətlərin açılmasında fəal iştirakına, təşəbbüskarlığına və peşə ustalığına görə“ Daxili İşlər Nazirliyində əla xidmətlərə görə” döş nişanı, bir çox təşəkkür və mükafatlara layiq görüldü.

 Xidməti işində uğurları nəzərə alinaraq 34 yaşlı polis kapitanı 1978-ci ildə Xudat polis bölməsinə rəis təyin edildi. Bu böyük etimad və etibar idi. Xudat Polis bölməsi Xaçmaz Rayon Daxili İşlər Şöbəsinin tabeliyində olsa da müstəqil bölmə idi, özünün ərazisi, fərdi qərar qəbul etmək səlahiyyəti var idi. Bu vəzifədə də  rayon rəhbərliyinin, kollektivin və ictimaiyyətin hörmətini qazandı. DİN rəhbərliyi  Qüdrət Paşayevin müstəsna qabliyyətini hiss etdiyindən Nazirliyin SƏDM İdarəsinə işə gətirdi. Nazirlikdə  də ozünü bacarıqlı və hazırlıqlı kadr kimi döğruldan polis mayoru Qüdrət Paşayev Səbail Rayon Daxili İşlər İdarəsində Cinayət-axtarış şöbəsinin rəisi təyin edildi. 1983-cü ildə SSRİ DİN Akademiyasının Rostov filialının qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirərək ali hüquq təhsili aldı.

 Baş verən cinayət hadisələrini yüksək peşəkarliqla vaxtında açdığına görə və gələcəkdə rəhbər kadr olmaq bacarığı yüksək qiymətləndirilərək 1984-cü ildə SSRİ  DİN-nin rəhbər kadrlar hazırlayan ikillik Akademiyasının əyani şöbəsində  təhsil almağa göndərildi. Təhsildə fərqləndiyinə görə SSRİ Daxili İşlər nazirinin əmri ilə polkovnik-leytenant rütbəsi verildi. Akademiyanı fərqlənmə diplomu ilə bitirən Qüdrət Paşayev  1986-1989-cu illərdə Salyan və Abşeron Rayon Polis İdarələrinin rəisi işlədi. Öz peşəsinin vurğunu olan Paşayev hər iki rayonda mübariz­liyi,qətiyyəti,prinsipiallığı,təşəbbüskarlığı, insanlarla ünsiyyət qurmaq bacarığı sayəsində polisin nüfuzunu qaldırdi,şəxsi heyətin iş, məişət şəraitini və sosial müdafiəsini daha da yaxşı­laşdırılması üçün yaddaqalan işlər gördü, idarələr üçün Salyanda ikimərtəbəli, Abşeronda  isə üçmərtəbəli müasir tipli binalar tikdirdi. İşçilərə normal şərait yaratdı...

Cinayətkarlığa qarşı mübarizədə uzun illər ərzində topladığı zəngin təcrübəsi və yüksək peşə­karlığı nəzərə alınaraq,  1989-cu ildə  Respublika  DİN Mərkəzi aparatında işə irəli çəkildi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Profilaktika xidməti idarəsi rəisinin müavini, Cinayət-Axtarışı İdarəsi  rəisinin müavini və  Cinayət-Axtarışı İdarəsinin rəisi vəzifələrində işlədi. Daxili İşlər Nazirliyinin Kollegiya üzvü seçildi. Cinayət-Axtarışı İdarəsi Nazirliyin aparıcı idarəsi idi ( indi Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin səlahiyyətlərini də onda Cinayət- Axtarış İdarəsi həyata keçirirdi). Qudrət Paşayev söhbərlərimiz vaxtı deyirdi: “Cinayət axtarışı xidməti polisin  qızıl fondudur. Butün cinayətlərin açılmasında əsas ağırlıq və çətinlik cinayət axtarışı xidmətinin payına düşür. Cinayətin qarşısını almaqda,baş vermiş hadisəni isti izlə açmaqda evi aparılmış, küçədə soyulmuş, maşını qaçırılmış, günahsız öldürülmüş insanların təkcə özünün deyil,qohum-əqrəbasının da  ümidi polisə dikilib. Bu ümid çırağını yandırmaq bu sahədə çalışanlardan  asılıdır. Əgər cinayət axtarışı sahəsində işləyən əməliyyatçı yerindədirsə, heç bir çətinlikdən qorxmursa, əziyyətə,zəhmətə alışırsa çıraqlar öz ətrafına işıq saçacaq, yüzlərlə insanın gözündə polisin hörmət və nüfuzu daha da artacaqdır. Ona görə də  cinayət axtarışı əməkdaşı olmaq əsl istedad tələb edir, bu işə anadangəlmə bir meyl, fitri bacarıq  olmalıdır. Axtarışçı  cinayətin arxasınca getməli deyil. onu qabaqlamalıdır....”.

Qanun qarşısında yüksək məsuliyyət hissi, adillik, insanpərvərlik, icraatındakı işlərə  peşəkar və dərin təhlilli yanaşma bacarığı, cinayətkarlıqla qətiyyətlı və barışmaz mübarizə əzmi, qanun­çu­luğa sonsuz sədaqəti, ona riayət etməsi, obyektiv qiymətləndirmə və qərarvermə qabiliyyəti, hansı vəzifədə çalışmasından, hansı işi aparmasından asılı olmayaraq, karyerasının bütün dönəmlərində Qüdrət Paşayevin şəxsiyyətini və fəaliyyətini səciyyələndirən əsas keyfiyyət­lə­rindən olub.

Cinayət-Axtarış idarəsinin rəisi vəzifəsində də işinin öhdəsindən layiqincə gəldiyini, dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini, daxili işlər orqanlarında cinayətkar­lıqla mübarizədə, respublikada ictimai asayişin və təhlükəsizliyin qorunmasında göstərdiyi fədakar xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr1992-ci il tarixli 141 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili Işlər nazirinin müavini vəzifəsinə irəli çəkildi, bu vəzifədə də əvvəlki Qüdrət Paşayev kimi məsuliyyətlə, qətiyyətlə xidmət etdi.

O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilib.

Hüquq mühafizə orqaları əməkdaşları arasında böyük nüfuz sahibi olan Qüdrət Paşayev çox­saylı cinayətkar dəstələrin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cina­yət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında, cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə, uzun illər qüsursuz xidmətlərinə  görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. “Qüsursuz xidmətlərinə görə” medalının hər üç dərəcəsi ilə təltif edilib,  “Daxili İşlər Nazirliyinin  əməkdar işçisi”  fəxrı adına layiq görülüb. Dəfələrlə SSRİ və Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunub, təşəkkürləri və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Azərbaycan Respublikasi Prezidentinin 23 oktyabr 1991-ci il tarixli 392 nömrəli Fərmani ilə respublikanın hüquq mühafizə orqanlarında uzun illər fəal işlədiyinə görə  milis polkovniki     Paşayev Qüdrət Şükür oğlu Azərbaycan Respublikası Prezidentinin   Fəxri fərmanı ilə təltif edilmişdir.

Nümunəvi xidməti ilə sıravi polis nəfərindən nazir müavininədək şərəfli xidmət yolu keçən istedadlı, dərin zəkalı,işgüzar və səriştəli  polkovnik Qüdrət Paşayevin uğurları və qanunun keşiyində sədaqətlə dayanması hakimiyyətdə olan təcrübəsiz və təsadüfü kadrların qəzəbinə tuş gəldi. Qanunsuz tapşırıq və göstərişləri yerinə yetirməyən nazir müavini Qüdrət Paşayev  Ulu öndər Heydər Əliyevlə əlaqə saxladığına, tez-tez ona zəng etdiyi əsas sayılaraq iş fəaliyyəti və şəxsi davranışına dair heç bir yoxlama aparılmadan, onun haqqında hər hansı bir təqsirləndirici material olmasa da şəxsi ambisiyalara görə Azərbaycan Res­publikasının sabiq prezidenti  Əbülfəz Əliyevin  05 aprel 1993-cü il tarixli 364 nömrəli  sərən­ca­mı ilə  tutduğu vəzifəsindən  azad edildi. Bu qanunsuzluğun  və ədalətsizliyin davamı olaraq Respublika Daxili İşlər nazirinin 08 aprel 1993-cü il tarixli əmri ilə vaxtından əvvəl təqaüdə buraxılmaqla daxili işlər orqanlarından azad edildi.

Ərizə ilə respublikanın Baş Prokuroruna, Ali Sovetə və Ali Məhkəməyə müraciətləri  yoxlanılarkən  Daxili İşlər nazirinin müavini  vəzifəsindən və orqandan qanunsuz çıxarılması təsdiq olunmuşdu. Bunlara dair 1994-cü il martın  23-də və mayın 3-də) Baş Prokuror Həqiqi Dövlət Ədliyyə Müşaviri Əli Ömərov tərəfindən  respublika Prezidenti cənab H.Ə.Əliyevin və sabiq Daxili İşlər nazirlərinin adına məktub göndərilmişdi...

Peşəkarlığını və daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmətlərini nəzərə alan  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatına baxaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən Azərbaycan Respublikasi Milli Məclisinin 19 oktyabr 1994-cü il tarixli Qərari ilə  Qüdrət Şükür oğlu Paşayev Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçildi.

Qisa müddətdə öz bacariq və dərin biliyi ilə seçildiyinə görə ən ağır dövləti çevrilişlərə cəhddə təqsirləndirilən cinayət işlərinin baxılması Q.Paşayevə həvalə edildi. Bütün ömrü boyu dövlətçiliyi, qanunları və insanların hüquqlarını qoruyaraq ədalətin bərqərar olmasına çalışdı, heç bir cinayətkar  cəzadan kənarda qalmadı...

Hüquq elmlər doktoru Qüdrət Paşayev 1999-cu ildən Təfəkkür Universitetində kafedra müdiri kimi elmi pedaqoji fəaliyyətlə məşğul oldu. Uzun müddət hüquq mühafizə orqanlarında qazandığı qiymətli və əvəzo­lun­maz təcrübəsini gələcəyin  hüquqşünaslarına öyrətdi.

2001-ci il oktyabrın 6-da vəfat etdi....

Qüdrət Şükür oğlu Paşayev insanları, insanlığı yaşadaraq xidmət edirdi. İndi sevgilərlə, ehti­ram­la xatırlanır. Bu xatırlanma mənəvi borcdur...

 Bayram MƏMMƏDOV,

ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

bayram-mem

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN