Sumqayıt məktəblərindən "Təzadlar"a həyəcan dolu şikayət daxil olub...

Şikayət məktubunu imzalayanlar "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərinə uyğun olaraq adlarını açıqlamamağı xahiş edərək redaksiyadan kömək istəyirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Surəti :Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya, Azərbaycan  Respublikasının Səhiyyə naziri cənab Teymur Musayevə, Baş Prokuror Kamran Əliyevə və nəhayət, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə ünvanlı şikayəti Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abdullayev Rafiq Əkbər oğluna mövqeyini bildirməsi üçün göndərdik. Lakin hələ də elektron sorğuya tələb olunan müddətdə cavab verilməyib... Eləcə də Rafiq Abdullayevin (018) 655-94-05 saylı iş telefonuna zəng etsək də cavab verilmədi. 

XXX 

​Beləliklə, şikayətdə deyilir: "Hörmətli "Təzadlar"! Şikayətimiz Sumqayıt Şəhər GigiyenaEpidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının özbaşınalıqlarındandır. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhər orta məktəblərini özlərinə gəlir mənbəyinə çeviriblər. Yoxlama adı ilə orta məktəblərə gedən bu əməkdaşlar məktəblərdə min bir bəhanə taparaq hədə-qorxu gəlməklə məktəb direktorlarından pul almaqla məşğuldurlar. İlk əvvəl guya planlı yoxlama adı ilə məktəbi yoxlama adı ilə gəlib vəzifələrini icra edirlərmiş kimi görüntü yaradırlar. Daha sonra məktəbin hər hansı bir küncündə toz dənələri “aşkar” edib direktorları 350 manat cərimə yazmaqla hədələyirlər.  Bundan sonra isə “danışıqlar” apararaq yazacaqları 350 manat cəriməyə 100-150 manat “endirim kompaniyası”edib 200-250 manat pul  alıb gedirlər. Sumqayıt Şəhər GigiyenaEpidemiologiya Mərkəzi məktəbləri xlorominlə təmin etmir. Buna görə də Sumqayıt şəhər məktəblərinin hamısının sanitar qovşaqları xlorla təmizlənir. Xlor da şəxsi vəsait hesabına alınır. Təhminə adlı əməkdaş isə deyir ki, bu bizlik deyil, Sumqayıt Təhsil idarəsi zəhmət çəkib məktəbləri xlorominlə təmin etməlidir. Heç bir məktəbi yazılı təlimatla təmin etməyən, vəzifələrini yerinə yetirməyən Sumqayıt GEM-nin işi yalnız xərac toplamaqdır.  Məktəbə qaş-qabaqlı sifətlə girən Təhminə xanım pulu aldıqdan sonra üzü gülər halda məktəbi tərk edir. Deyilənlərə görə "zombi" ləqəbli Təhminə xanımın pensiya yaşı da tamam olub.

Hörmətli redaksiya! Biz şikayətimizi çox yerə göndərmişik, lakin tədbir görülmədiyindən Sizdən xahiş edirik Sumqayıt Şəhər GigiyenaEpidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının (xüsusilə Təhminə adlı əməkdaşın) özbaşınalıqlarına son qoyulması üçün aidiyyatı üzrə əlaqə saxlayıb tədbir görəsiniz, şikayətimizi ictimailəşdirəsiniz. Bəlkə təhsil və səhiyyə nazirliklərinin xəbəri oldu, tədbir gördülər... Öncədən Sizə minnətdarıq.

 Hörmətlə: Sumqayıt şəhər tam orta məktəblərin bir qrup kollektivi adından​ Məmmədova Arzu".

Redaksiyadan: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

XXX 

 Xatırladırıq: Hesablama Palatası hələ 2017- ci ildə dövlət büdcəsindən Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlamışdı. Həmin vaxt Palatadan "Təzadlar"a verilən məlumatda deyilirdi: "Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq  dövlət büdcəsindən 1 yanvar 2015-ci il tarixindən 1 oktyabr 2017-ci il tarixədək olan dövürdə  Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Respublika Gigiyena və Epidemologiya Mərkəzi üzrə mövcud ştatların 2015-ci ildə 24,4%-i və ya 99,5 vahidi, 2016-cı ildə 24,8%-i və ya 101,0 vahidi, 2017-ci ildə 23,7%-i və ya 96,5 vahidi vakant olub. Auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməyib, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olub. Görülmüş işlərin hesab-fakturada düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsait ödənilib, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınması təmin edilməyib. Artıq ezamiyyə xərci ödənilib, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilib. "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilib. Uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməyib, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb. Hesablama Palatasının Kollegiyası Respublika Gigiyena və Epidemologiya Mərkəzi  tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Respublika Gigiyena və Epidemologiya Mərkəzinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə  göndərilib. Eyni zamanda, nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib".
Baş Prokurorluq həmin dövrdə hansı tədbir görüb, bu barədə şikayət məktubunda geniş bəhs edilib. Bu barədə əlavə təqdim ediləcək.

"Təzadlar" 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN