Özbəkistan XİN: "Dərhal hərbi əməliyyatları dayandırmaq lazımdır."
Özbəkistan Respublikasının xarici işlər naziri Əbdüləziz Kamilov Senatda çıxışı zamanı bildirib ki, Özbəkistan Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını və münaqişənin siyasi və diplomatik yollarla həllini zəruri hesab edir.
“Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Luqansk və Donetsk Xalq Respublikalarını tanımadıq”, - XİN rəhbəri vurğulayıb.
Özbəkistan KİV-nin məlumatına görə, xarici işlər naziri Əbdüləziz Kamilov Özbəkistan Ali Məclisi Senatının 24-cü plenar iclasındakı çıxış zamanı Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandırıb.
“Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda da ciddi narahatlıq yaradır. İkincisi, biz bu vəziyyyətdə münaqişənin siyasi və diplomatik yolla həllinin tərəfdarıyıq. Amma bunun üçün ilk növbədə, hərbi əməliyyatlara və zorakılığa dərhal son verilməlidir”, - deyə Əbdüləziz Kamilov bildirib.
“Özbəkistanın tarixən həm Rusiya, həm də Ukrayna ilə ənənəvi hərtərəfli əlaqələri var. Biz hər iki ölkə ilə milli maraqlarımıza əsaslanaraq, qarşılıqlı faydalı əməkdaşlığımızı davam etdirəcəyik. Bir tərəfdən, Rusiya Özbəkistanın aparıcı ticarət tərəfdaşıdır, bizim onunla strateji tərəfdaşlığımız və müttəfiqlik münasibətlərimiz var. Digər tərəfdən, biz Ukrayna ilə də bir çox sahələrdə, o cümlədən ticarət, iqtisadi, mədəniyyət, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlıq edirik”, - deyə XİN rəhbəri vurğulayıb.
Nazir qeyd edib ki, ötən il Özbəkistanın Ukrayna ilə ticarət dövriyyəsi 704 milyon dollardan çox olub ki, bu da 2020-ci illə müqayisədə 60% çoxdur.
“Cari il üçün əməkdaşlığa Daşkənd və Ukraynada müxtəlif tədbirlərin planı daxildir. 2021-ci ildə Daşkənd və Kiyev arasında hava əlaqəsi bərpa edilib və hər həftə 4 uçuş həyata keçirilib”, - deyə nazir xatırladıb.
“Bu çətin günlərdə biz Ukraynaya mütləq humanitar yardım göstərəcəyik. Çətin vəziyyəti nəzərə alaraq, biz bu yardımı davam etdirəcəyik”, - deyə Əbdüləziz Kamilov əmin edib.
Özbəkistan mətbuatında yer alan məlumata görə, daha əvvəl Ukraynanın Daşkənddəki səfiri ölkəsinə 28 ton humanitar yardım göstərdiyinə görə Özbəkistana təşəkkür edib.
Bu arada, nazir xatırladıb ki, xarici siyasət konsepsiyasına görə, Özbəkistan heç bir hərbi-siyasi bloklarda iştirak etmir və hərbçiləri də xarici ölkələrdəki hərbi münaqişələrə cəlb olunmur.
“Bu, parlamentin təsdiq etdiyi qanunla nəzərdə tutulub”, - deyə o, bildirib.
Xatırladaq ki, bir neçə ay öncə Rusiya Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edirdi.
Lakin cavabında bildirildi ki, NATO genişlənməməyə zəmanət verə bilməz, lakin Şərqi Avropanın yeni ölkələrinin alyansa daxil olması məsələsi də gündəmdə deyil.
Lakin Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasından sonra ölkə vətəndaşlarına müraciət edərək, “LXR” və “DXR”-ın suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini söylədi və “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.
İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.
Bu gün Ukraynada başladılan müharibənin 22-ci günüdür. İki ölkə nümayəndələri arasında 4 dəfə görüş keçiriilməsinə baxmayaraq, tərəflər razılığa gələ bilməyiblər.
3 həftə ərzində Ukrayna əhalisinin 3 milyonu ölkəsindən köçkün düşüb, minlərlə ölən və yaralanan var. Şəhərlər xarabazırlığa çevrilir, insanlar ev-eşiyini itirir...
Y.MƏMMƏDLİ