Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların

qanunazidd əməlləri ilə əlaqədar istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb ediblər. Sonra onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmişdir. Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

 Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilmiş apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilmiş, həmçinin birinci instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul edilmişdir. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir.

 Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilmişdir. Eyni zamanda istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onun əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi) xitam verilməsi haqqında qərar qəbul edilmişdir.

 Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş, həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan edilmişdir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

*** 

Xatırladırıq ki, zərərçəkmişlərin varisləri və valideynləri bir müddət idi baş verənlərlə baağlı mediada həyəcan təbili çalırdılar. Nəhayət, onların səsinə səs verildi və istintaq icraatı təzələndi. Gec olsa da, haqq öz yerini tapmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN