…Dünyaca məşhur yazıçı Lev Nikolayeviç Tolstoy özünün qəribəlikləri ilə də yaddaşlarda qalıb.

Yazıçı məktəbli dərsliklərində olduqca fərqli təsvir olunsa da, tərcümeyi-halında bir sıra maraqlı məqamlar var. Bu məqamlar isə onun məktublarında, yazdığı gündəliklərində öz əksini tapır.

***

 Tolstoyun qadınlara qarşı münasibəti xüsusilə fərqli olub. “Qadın cəmiyyətinə – cəmiyyətdəki pis bir şeyə baxan kimi bax. Üstəlik, qadınlardan mümkün qədər uzaqlaşmağa çalış”.  Lev Nikolayeviçin gündəliyində bu cür qeydlər xeylidir. O bütün ömrü boyu qadınlara, demək olar ki, məhz bu cür münasibət bəsləyib. Nə qədər acınacaqlı olsa da, “Hərb və sülh”ün müəllifinin öz arvadına qarşı da münasibəti elə buna bənzər olub, üstəlik, onu daim aldadıb. Bəs görəsən, qraf Tolstoyun qadınlara nifrəti haradan qaynaqlanırmış?

 Tolstoy, əlbəttə, qadınlara qarşı həvəssiz deyilmiş. Qadınlarla vaxt keçirmək, onlarla birlikdə əylənmək Lev Nikolayeviç üçün daim xoş idi, amma iş burasında idi ki, qadınları sevə bilmirdi. Bəlkə də, onun qadın cinsinə kin bəsləməsi elə buna görə, yəni onları sevə bilməməsi üzündən idi.

 Maraqlı burasıdır ki, Tolstoy buna, yəni qadınları niyə sevə bilməməsinə heç bir izahat verməyib. O, gündəliklərində yazırdı: “Mən heç vaxt qadınları sevməmişəm, amma bunu kişilər üçün demək olmaz. İlk dəfə mən Puşkin qardaşlarını sevmişəm. Sonralar Saburov, Zıbin, Dyakov, Obolenski, Höte və başqalarını deyə bilərəm. Yalnız Dyakov indiyə qədər məndə coşqun hisslər oyadır.” Yazıçı Maksim Qorki isə Tolstoy barəsində belə demişdi: “Tolstoy qadınlara qarşı olduqca soyuq və qəzəbli idi. Mən onda xoşbəxtliyi istədiyi qədər duya bilməyən kişi soyuqluğu görürəm”.

Yazıçı cəmiyyət içərisində daim diqqət mərkəzində olmağı istəyib. Buna isə onun kobud görünüşü və hədsiz utancaqlığı mane olurmuş. O özü bunu dəfələrlə xatırladır. Elə utanıb sıxılmaqdan əziyyət çəkdiyi üçün də gündəlik tutmuş və özünün məhrəm fikirlərini orada qeyd edibmiş. Qadınları sevməməsinə baxmayaraq, yazıçı onlar haqda çox vaxt ehtirasla söhbət açırdı.

Ömrünün gənclik illərini eyş-işrətlə, kart oynamaqla keçirən Lev Nikolayeviç pullarını, demək olar ki, havaya sovururdu. Var-dövlətinin getdikcə tükənməyə başladığı bu dəmlərdə qardaşı ona təklif edir ki, Qafqaza gedib orada hərbi qulluğa başlasın. Həmin vaxt orada müharibə gedirdi. Onda Tolstoy belə qərara gəlir ki, bu cür addım heç də pis variant deyil. Bu yolla pullarını havaya sovurmaqdan da əl çəkər. Lakin burada da eyş-işrət, kef məclisləri, kart oyunları davam edir. Həyat tərzinin dəyişməsi belə ona pullarını havaya sovurmasına mane olmur. Bəs bu cür həyat tərzinə alışmış birisinin həyat yoldaşı olmaq asan idimi?

Lev Tolstoyun gələcək arvadı Sofya Andreyevna Bers 1844-cü ilin avqustunda dünyaya gəlmişdi. Balaca Sonya gələcək ərini hələ uşaqlıq çağlarından hər iki ailə arasındakı dostluq münasibətindən tanıyırdı. Lakin Tolstoy Qafqaza, hərbi xidmətə yollanandan sonra bu tanışlıq qırıldı. Sofya Berslə Lev Nikolayeviç arasında 16 illik yaş fərqi vardı və ədib qıza uşaq kimi baxırdı. 8 ildən sonra isə hərbi xidmətdən geri dönən Tolstoy Sonyaya evlənmək təklif etdi və onlar 1862-ci ildə nikahlandılar. Bu izdivac hər iki ailə üçün gözlənilməz oldu. Hamı belə hesab edirdi ki, Lev Sofyanın böyük bacısı Lizaya bənd olub. Lakin talenin hökmü başqa imiş.

Sofya Bers dvoryan ailəsində doğulub böyümüş, ilk təhsilini valideynlərinin tutduğu müəllimlər tərəfindən, evdə almışdı. Qızın bilik səviyyəsi çox yüksək idi və o, 1861-ci ildə, 17 yaşındaykən imtahan verərək Moskva Universitetinə daxil oldu. Sofya burada ev müəlliməsi ixtisasına yiyələndi. Qızın anadangəlmə ədəbi qabiliyyəti vardı və hələ lap erkən yaşlarında hekayələr yazırdı. Gündəlik yazması isə onun istetadını bütünlüklə ortaya qoydu. Aldığı gözəl təhsillə yanaşı, bir neçə dil bilməsi, eyni zamanda ədəbiyyat, fəlsəfə, fotoqrafiya ilə maraqlanması, musiqi alətlərində ifa etməyi bacarması onun yüksək keyfiyyətlərindən idi. Soyfa Tolstaya özünü hətta yazıçılıq sənətində də sınamışdı. Onun “Nataşa” adlı povesti əri tərəfindən yüksək qiymət aldı; əsəri oxuyandan sonra isə Lev Nikolayeviç arvadına öz gündəliklərini göstərmək qərarına gəldi. Gündəliklər olduqca səmimi yazılmışdı və yazıçının saysız-hesabsız eyş-işrət məclislərindən, eşqbazlıqlarından, kart oyunlarından bəhs edirdi. Həmin gündəliklər Tolstoyun keçmiş subay həyatının əhatəli təsvirindən ibarət idi. Bəs görəsən, onun bu hərəkəti Lev Nikolayeviçi gələcək arvadının gözündən salmadımı? Sofya oxuduqlarından bildi ki, əri saysız-hesabsız sevgi macəraları yaşayıb. Məktub şəklində yazılmış bu yazıları oxuyan Sofya Andreyevna ərinin Yasnaya Polyanadan olan Aksinya adlı kəndli qadınla məhəbbət əlaqələrindən və bu əlaqələrdən doğulan oğlan uşağından xəbərdar oldu. Tolstaya Aksinyaya hədsiz nifrət bəsləyir, öz gündəliklərində onu hər cür sözlərlə aşağılayır və günlərin birində hətta öldürəcəyini tez-tez dilə gətirirdi. Təbii ki, Sofya bu hədsiz səmimiyyətdən şoka düşməyə bilməzdi, amma özünü ələ alıb bunu üzə vurmamağı bacardı. Son dərəcə puritan ruhda böyüyən Sofya Andreyevna bu cür açıqlamalardan sarsılsa da, özünə qalib gələ bildi. Bununla belə, gündəlikdə yazılanları oxuduqları müqabilində ailə həyatı boyunca ərinə münasibəti dəyişirdi. Yeri gəlmişkən, Sofya ömrü boyu bu vəhşi qısqanclıqdan əzab çəkmişdi. Yasnaya Polyanaya köçəndən sonra Sofya tezliklə 34 yaşlı qrafın malikanəsinin sahibəsi oldu və 18 il burada qaldı.

Sofyanın həyatı darıxdırıcı və cansıxıcı olmuşdu. Rəfiqələri yox idi, əyləncələrdən uzaqlaşmışdı. Əri ilə soyuq münasibətlərindən iztirab çəkir və hesab edirdi ki, Lev Tolstoy ona olan marağını getdikcə itirməyə başlayır. Bununla belə, o, düşdüyü vəziyyətə tədricən alışır və ev təsərrüfatını idarə etməyə davam edir. Tez-tez hamilə olması da Sofyanın halını bir yandan çətinləşdirirdi. O, dünyaya 13 övlad gətirdi, lakin onların 5-i körpəlikdə tələf oldu. Çox sayda hamiləlik və doğuşlardan qadın tez-tez naxoşlayır, əsəbləri korlanırdı.

Arvadının bu cür aqressiv halları Lev Nikolayeviçdə özünə qarşı günahkarlıq duyğusu yaradırdı. O, Sofyaya acıyır və öz gündəliyinin səhifələrində arvadından üzr istəyirdi. Lakin bununla belə, o bu səhifələrdə onu da etiraf edirdi ki, Sofyanı daha əvvəlki qədər sevmir. Ağıllı qadın da, öz növbəsində, hər şeyi gözəl dərk edirdi. Əri onu saymır, həftələrlə danışdırmır, arvadına deyib-eləmədən evdən çıxıb gedirdi. Sofya Andreyevna yanıb-yaxılır, ərini dərin məhəbbətlə sevən qadın onu hər vəchlə bu yoldan çəkindirməyə çalışırdı.

***

 Bunu da xüsusi qeyd etmək lazımdır ki, o, gənc arvadının şəxsində 2 yaşı olduğu zaman itirdiyi anasının obrazını görürdü. Lev Tolstoy anasını çox sevirdi. Qrafın xeyli həyat təcrübəsinin olmasına baxmayaraq, o hələ də idealist idi və gözləyirdi ki, arvadı onun anası ilə bağlı nakam istəyinin yerini dolduracaq. O, seçdiyi qadında yalnız sədaqəti deyil, digər xüsusiyyətləri də arayır, o cümlədən ədəbi yaradıcılığında Sofyanı ən yaxın köməkçisi hesab edirdi. Bunu Sofya da qəbul edir və özünün də dediyi kimi, ailə, uşaq, evdarlıq və ərinin qayğısına qalmaqla yanaşı, ona yaradıcılıq işlərində yaxından kömək etməyi də unutmurdu.

Ərlə arvad arasında ilk ciddi dava-dalaş 1863-cü ildə ilk övladları Seryojanın doğulmasından sonra başladı. Sofya bir yığın səbəb ucbatından körpəni yedizdirə bilmirdi və bunun üçün dayə tutdu. Lev Nikolayeviç isə bunun qəti əleyhinə idi, bəhanə gətirib deyirdi ki, bu dayənin ucbatından körpələr südsüz qalacaqlar. Narazılıq tezliklə yoluna qoyulsa da, bu, ərlə arvadın münasibətində ilk çat kimi qaldı. Həmin illərdə yazıçı özünün iri həcmli “Hərb və sülh” romanı üzərində işləyirdi. Ailə yükünün, ev işlərinin bütün ağırlığına, yenicə doğulmuş körpəylə məşğul olmasına baxmayaraq, qadın ərinə də kömək etməyə vaxt tapırdı. Yazıçının yaradıcılığında onun fəaliyyəti danılmazdır. Lev Nikolayeviçin xətti çox pis olduğuna görə – yeri gəlmişkən, Lev Tolstoyun xətti kalliqrafik xətt deyildi – Sofya Andreyevna çox əziyyət çəkirdi. O, qrafın qaralamalarının üzünü dəfələrlə köçürməli olduğundan tez-tez bu cür əziyyətlə qarşılaşırdı. Yazıçının xətti ilə bağlı daha bir əhvalatı isə az adam bilir. Bir dəfə onun əlyazmasını həkim-psixiatr Çezare Lombrozoya göstərirlər. Həkim diqqətlə xətti tədqiq edir və belə bir nəticəyə gəlir ki, həmin xətt... ruhi xəstəliyə meyilli olan yüngül əxlaqlı qadına məxsusdur.

Sofya onun əlyazmalarının üzünü tərtəmiz köçürəndən sonra Lev Nikolayeviç yazdıqlarını bir daha gözdən keçirir, üzərində düzəlişlər edir və arvadına verirdi ki, əsərin üzünü bir də köçürtsün. Qadın təkcə “Hərb və sülh”ün üzünü 7 dəfə (!) köçürtmüşdü. Amma bununla belə, özünün başlıca vəzifəsini; ildən-ilə artan ev və uşaq qayğılarını da yaddan çıxarmır, əksinə, daha çox çalışır və uşaqlarına diqqətini əsirgəmirdi. Ər-arvad arasındakı münasibətin çatlaması öz yerində, Sofya dünyaya dalbadal övlad gətirməkdə davam edirdi. Doğulan uşaqların 5-i körpə vaxtı tələf olsa da, qalanları Rusiya cəmiyyətində layiqli mövqeyə yüksəldilər. Övladların hamısı mükəmməl ev təhsili almışdılar, belə ki, anası onların əsas pedaqoqu olmuşdu.

Ailə daxilindəki ixtilafın səbəblərindən biri də Lev Nikolayeviçin 80-ci illərdə öz şəxsi həyatında yeni fəlsəfi ideyaları reallaşdırmağa çalışması idi. Sofya Tolstayanın da gündəliklərindən görünür ki, illər öncə yazıçı onunla səmimi olub və həyatındakı çatışmazlıqlarını, arvadını incitdiyini səmimiyyətlə dilə gətirir, etiraf edirdi. Özünü bütünlüklə ərinin həyat və fəaliyyətinə həsr edən Sofya, əlbəttə, əri tərəfindən dəyərləndirilməyə layiq idi. Ötənlərdə yetişməyə başlayan münasibətlərindəki böhran Lev Nikolayeviçin yaşadıqları cəmiyyətə uyğun gəlməyən yeni fəlsəfi fikirlərini həyata keçirməyə başladığı məqamlarda daha da kəskinləşdi.

Lev Tolstoy kəndliləri ilə söhbət etməyi çox sevirdi. O, kəndli paltarı geyinərək öz əlləri ilə torpağı şumlamağa başlayanda, ayaqqqabı tikəndə və ailənin bütün üzvlərini onun kimi “sadələşməyə” çağıranda Sofya Tolstaya susur və qrafın hərəkətlərini bir dahinin qəribəlikləri kimi qavrayaraq dözürdü. Amma yazıçının öz mal-mülkündən kənd əhalisinin xeyrinə olaraq əl çəkməsindən, özünün isə “öz əllərinin əməyi ilə” yaşamaqdan ötrü kəndli daxmasına köçməsindən sonra Sofya Tolstaya hiddətlənib özündən çıxdı. Qadın, onsuz da, kəndlilərin yaxşı yaşamasına daim ürəkdən çalışırdı. Onların cürbəcür problemlərini həll etmələri üçün əlindən gələni edir, kəndlilərin uşaqlarını oxutdurur, xəstələrini müalicə edirdi. Lakin ərinin bu ağılsızlığından səbir kasası dolub daşdı. Sofya Tolstaya birgə həyatları boyu özünü, onsuz da, daim yalqız və bədbəxt hiss edirdi. Qrafın ondan həmişə uzaq gəzməsi, harasa gedəndə tək çıxıb getməsi qadını cana doydurmuşdu. Lev Tolstoy isə daim əndişələnir və həyatından giley-güzar edirdi: “Evlənmək mənə nə verdi? Heç nə! Bolluca iztirab, vəssalam!” – Tolstoy gündəliyində yazırdı.

lev-tol-2

Aralarında baş verən bu cür mübahisələr isə ailədə yeni uşağın doğulmasına maneçilik törətmirdi. Üçüncü uşaq doğulandan sonra ərlə arvad ayrılaraq ayrı-ayrı otaqlarda qalmağa başladılar. Bu zaman Lev Nikolayeviç öz köməkçisinin arvadına meyil etməyə başladı. Tolstaya qısqanclıqdan alışıb yanırdı. Bədbəxt qadın yeganə təsəllini yaradıcılıqla məşğul olmaqda tapırdı. O, uşaqlar üçün kiçik hekayə və povestlər yazır, tərcümə ilə məşğul olur, ərinin onun işindən heç vaxt razı qalmadığı halda onun ədəbi işlərini redaktə edirdi.

Yazıçı təkid edirdi ki, Sofya Tolstaya kəndlilərin müalicəsi ilə də məşğul olsun. Bu sahədə xüsusi biliyi olmayan qadın onların müalicəsi ilə məşğul olur, lakin bu cür köməyin mümkünsüzlüyündən əzab çəkirdi. Artıq “bu həyatla haqq-hesabı çürütmək” kimi fikirlər onu tərk etmirdi. Lakin Sofyanın 44 yaşı olanda doğulan oğlu Vanya onu cürətləndirdi. O, körpə ilə daha çox vaxt keçirir, getdikcə ərindən soyuyurdu.

Sofyanın xatirələrindən aydın olur ki, əri – onun dediyinə görə – özünü arvadının qarşısında deyil, “bəşəriyyət qarşısında günahkar” kimi hiss edir. O öz idayalarına görə arvadının onun və uşaqları üçün qurub-yaratdığı bütün dünyanı dağıtmağa hazır idi. Bundan başqa, Tolstoy arvadından yalnız qeyd-şərtsiz tabeliyini deyil, onun fəlsəfəsini daxilən də qəbul etməsini tələb edirdi. Arvadın bundan etiraz etməsindən sonra ailədə gündəlik mübahisələr səngimək bilmirdi. Bu isə getdikcə artan dava-dalaşa səbəb olurdu. Bu cür coşqun “səhnə”lərin birindən sonra Lev Nikolayeviç qapını çırpıb evdən çıxıb getdi və bir neçə gün Yasnaya Polyanada görünmədi. Nəhayət, bir neçə gündən sonra evə qayıtdıqda isə ailədəki gərginliyi daha da artıran hərəkətə yol verdi. Belə ki, Sofyanı özünün əlyazmalarını köçürməsi işindən kənarlaşdırıb onu qızlarına həvalə etdi. Arvadı onun bu hərəkətindən daha çox incidi. Bu arada 1888-ci ildə sonuncu oğulları Vanya vəfat etdi. Sofya onu daha çox sevirdi. Bu faciə onun bütün mənəvi qüvvəsini aldı. Uşağın 7 yaşında vəfat etməsi qadının həyatını alt-üst etdi. Lev Nikolayeviç də oğlunun ölümünə acıdı, amma öz bildiyi kimi...

Üç övladının dalbadal vəfat etməsi Sofyanın dərin depressiyaya düşməsinə səbəb oldu. 29 yaşında o artıq çox yorğun və xəstə qadına çevrilmişdi. Uşaqlarının qayğısını çəkmək kimi bir duyğu onu artıq o qədər də həvəsləndirmirdi.

Bir növ, fikrini dağıtmaq və ruhi tarazlığını bərpa etmək istəyi ilə Sofya Tolstaya o zamanlar dəbdə olan pianoçu və saray həvəskar bəstəkarı Aleksandr Taneyevdən musiqi dərsi almağa başladı. Qüssədən əzab çəkən qadın Taneyevlə dostluq etməklə təsəlli tapmağa çalışırdı. O isə Sofya ilə münasibətdən qaçırdı. Taneyev məşhur saray xanımı Anna Vırubovanın (Taneyeva) atası idi. Sözgəzdirənlər danışmağa başladılar ki, müəllim və müəlliməni bir-birinə bağlayan musiqiyə olan məhəbbətləri deyil, daha güclü hisslərdir. Bəlkə də, burada bir həqiqət vardı, lakin onlar münasibətlərində məlum həddi keçməmişdilər, xüsusən də artıq gənc deyildilər. Lakin yazıçı şayiələrə inandı və əvvəlki dava-dalaşın üstünə qısqanclıq da əlavə olundu. Tolstoy arvadını Taneyevə qısqanır, Sofyanı xəyanətdə suçlayırdı. Hətta iş o yerə çatdı ki, yazıçı öz əsərləri üzərindən Sofyanın hüquqlarını götürdü.

Sofya da, öz növbəsində, çox incik olduğundan gizlincə ərinin gündəliyini gözdən keçirməyə, orada özünə aid şeylər aramağa başladı. Beləliklə, evdə həyat dözülməz həddə çatdı. Faciənin nəticəsi 1910-cu ilin oktyabr gecələrinin birinə təsadüf etdi. Həmin il qraf Tolstoyun tanışlarının əksəriyyət təşkil etdiyi bir ziyafətdə Sofya ərinin gənclik illərində yazdığı gündəliyini oxumaq qərarına gəlir. Yazıda söhbət qrafın kişilərə olan məhəbbətindən gedirdi. Yəqin, Sofya Tolstaya bu üsulla göstərmək istəyirdi ki, ərinin Vladimir Çertokova qeyri-sağlam bağlılığı heç də dostluqdan doğan bir hiss deyil. Tolstoy bu zaman arvadını, onun qısqanclığını sakitləşdirmək əvəzinə ağappaq ağarır. Sofyanın üstünə qışqırmağa başlayır, özündən çıxaraq dava-dalaş salır. Bu biabırçı haldan sonra Tolstoy şeylərini yığışdırıb, arvadına onun heç də layiq olmadığı tənələrlə dolu vida məktubu qoyaraq evdən çıxıb gedir. Məktub belə bitirdi ki, o artıq bu evdə qala bilməz və həmişəlik çıxıb getməlidir.

Dərddən alışıb-yanan Sofya özünü suda boğaraq intihar etməyi qərara aldı, amma xoş təsadüf üzündən gölün qırağındakı adamlar onu son anda ölümdən qurtuldular.

Analarının cürbəcür saysız-hesabsız işlərdən yorulub əldən düşməsi uşaqların da könlünü açmırdı. Oğlanları da atalarının yolu ilə gedərək eyş-işrətə, sərxoşluğa qurşandılar, qızları Maşa isə həyatını ona heç də münasib olmayan bir nəfərlə bağlamaq qərarına gəldi.

Bir müddətdən sonra xəbər gəldi ki, Lev Nikolayeviç bərk sətəlcəm olub və Astapovo stansiyasındadır, vəziyyəti heç də yaxşı deyil. Yazıq Sofya Andreyevna uşaqlarını da götürüb dərhal oraya yollandı və ərini artıq huşsuz vəziyyətdə stansiya gözətçisinin evində tapdı. 1910-cu ilin noyabrın 7-də yazıçı özünə gəlmədən dünyasını dəyişdi. Ərini bütünlüklə məişət qayğılarından azad edərək onun yaradıcılığı üçün şərait yaradan qadın onun itkisindən çox mütəəssir olmuşdu. Ərinin ölümü əvvəllər yaşadığı inciklikləri unutdurdu, qəlbinə sağalmaz yara vurdu. O, həyatının son mərhələsini Yasnaya Polaynada keçirərək həyatını ərinin əsərlərinin nəşri işlərinə sərf etdi. Onun əsərlərinin külliyyatını və özünün onunla yazışmalarını dərc etdirdi.

Korlanmış səhhətinə və keçirdiyi ağır əməliyyata baxmayaraq, Sofya Nikolayevna ərindən sonra 9 il yaşadıqdan sonra – 1919-cu ildə sətəlcəmdən vəfat etdi. Yasnaya Polyana yaxınlığında, Tolstayanın dəfn olunduğu Koçakov qəbiristanlığında sadə kəndli qalası quruldu, inqilabdan sonrakı ağır zamanlarda onun qəbri üzərində abidə qoyuluşu ağla gəlməmişdi...

***

Dahi yazıçının qadınları sevə bilməməsindən savayı, bir çox digər özünəməxsus qəribəlikləri də vardı. Bunlardan biri də onun öz qaşlarını yandırması idi. Lev Tolstoyun qalın, gur qaşları vardı. Bu onun portretlərindən də görünür. Amma az adam bilir ki, o, bilərəkdən, məqsədyönlü şəkildə qaşlarının məhz bu cür olmasını istəmişdi. Gənc Tolstoy bunun üçün qaşlarını ülgüclə vaxtaşırı qırxıb məhv edirmiş ki, onlar daha sıx bitsin. Amma bir dəfə təhlükəli bir eksperiment keçirmək qərarına gəlir – qaşlarını barıtla yandırır, bu zaman az qala üz-gözünü bütünlüklə yandıracaqmış. Bir dəfə isə onun Turgenevlə mübahisəsi olub və az qala Turgenevi öldürəcəkmiş. Dava-dalaşa Turgenevin nikahdankənar qızı səbəb olmuşdu. Daha doğrusu, hər iki yazıçıını Fetin qonağı olduqları zaman söhbətin Polinadan düşməsi olub. Fet özü bu əhvalatı sonralar qələmə almışdı. Turgenev Tolstoya danışır ki, mürəbbiyə onun qızını kasıbların vəziyyətini anlasın deyə onların paltarlarını gözəməyə məcbur edir. Tolstoy isə bildirir ki, bütün bunlar həqiqətə oxşamır və bayağı şeylərdir. Turgenev bundan hiddətlənir. İş o yerə çatır ki, az qala duellə nəticələnəcəkmiş. Hər kəs bilir ki, Lev Tolstoy ov hərisi idi və yəqin ki, bu haqda müxtəlif mənbələrdə məlumatlar az deyil. Lakin böyük yazıçının daha bir hobbisi də vardı və bu, geniş oxucu auditoriyasına lap az məlumdur. Belə ki, Lev Tolstoy çox güclü şahmatçı idi. O bu oyunu hələ lap uşaqlıq çağlarında öyrənmişdi. Oyun zamanı öz gedişlərini qeyd edirdi və bu qeydlərdən bəziləri hələ də saxlanmaqdadır. Tolstoy şahmat haqda kitab oxumamışdı (o illərdə bunlar o qədər də vacib sayılmırdı), lakin onun gedişləri daim öz orijinallığı və yaradıcı yanaşmaları ilə diqqət çəkirdi.

 Onun hətta öz naşirinin oğlu və yaxın dostu Vladimir Çertkovla şahmat oynadığı anın bəzi fotoqrafiyaları da qalmaqdadır. Məlum məsələdir ki, hobbi insanın xarakteri barədə çox şey deyə bilər. Şahmatı nahaq yerə idmanın intellektual növü hesab etmirlər. Oyun özlüyündə bütünlüklə doğru qərar qəbul etmənin axtarışını təmsil edir, hər bir gediş – hətta bəzən yalnız bir doğru yolun mürəkkəb seçim cəhdi ola bilər. Burada güman ki, bir oxşarlıq da var: Tolstoyun qəhrəmanları da həmçinin əzab çəkir, düşdükləri çətin məqamdan çıxmaq üçün doğru qərar arayıb tapmağa çalışırlar...

Zeynəb Əliqızı,

Publisist-tərcüməçi

(Xüsusi olaraq «Təzadlar» üçün)

zeyneb

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN