Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-təşkilati dəstəyi ilə Azadlıq Hərəkatçıları İctimai Birliyi “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirmişdir. Birlikdən "Təzadlar"a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Azərbaycan dilinin saflığının qorunmasında, dilçilik elminin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, eləcə də diplomatiya aləminə yol açmasını ulu öndərin ana dili sevgisinin parlaq təzahürü kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1969 – 1982-ci illərdə, həmçinin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 1993 – 2003-cü illərdə ana dilinin saflığının qorunması dövlət siyasətinin əsas tərkib hissəsi olaraq daim nəzarətdə saxlanmışdır.
Tədbir çərçivəsində Azadlıq Hərəkatçıları İctimai Birliyinin SƏS TV ilə birgə ərsəyə gətirdiyi “Heydər Əliyev və Azərbaycan dili” adlı sənədli film nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra layihənin rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri yazıçı-publisist Təhmasib Novruzov “Ulu öndər Heydər Əliyev – Azərbaycan dilinin ən böyük hamisi kimi” mövzusunda məruzə ilə çıxış edərək dilin saflığını qorumaq, onunla fəxr etmək, ana dilini xalqın mənəvi varlığı kimi yaşatmaqda Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olduğunu bildirmişdir. Ümummilli liderin vətən sevgisindən, ana dilinə qayğısından, bu sevginin fonunda yürütdüyü dil siyasəti və Azərbaycan dilinin inkişafı yönündə göstərdiyi tarixi xidmətlərindən bəhs edən T.Novruzov doğma dilimizin saflığının qorunmasında ulu öndərin irsindən bəhrələnməyin vacibliyini vurğulamışdır.Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva layihənin həyata keçirilməsini yüksək dəyərləndirərək, digər sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərin qorunmasında da ulu öndərin nümunəvi fəaliyyəti barədə ətraflı məlumat
vermişdir. Ümummili liderin imzaladığı fərman və sərəncamlarda Azərbaycan dilinin düzgün tətbiqi məsələsinin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən S.Əliyeva bildirmişdir ki, ana dilimizin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi dövlətçilik tarixinin ən mühüm nailiyyəti və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Dövlətimizin ictimai-siyasi həyatında mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edən natiq xalqın dilinin dövlət dili statusuna yüksəlməsini dilin zənginliyinin nəticəsi kimi səciyyələndirmişdir. Natiq onu da əlavə etmişdir ki, Heydər Əliyevin səlis, ədəbi dilin bütün üslublarının məharətlə qorunduğu zəngin nitqi doğma dilə dərindən bələd olmasından xəbər verməklə emosionallığı, mükəmməlliyi ilə həm də ictimai-siyasi natiqlik məktəbidir.
Elmi-praktik konfransda çıxış edənAzərbaycan Respublikasının Əməkdar Artisti, professor Azad Şükür, şair Zakir Ağdamlı, filologiya elmləri doktoru professor İbrahim Bayramov, Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Şəmsəddin İsgəndərli ulu öndərin ana dilinə münasibəti ilə bağlı fikirlərini bölüşdülər. ADPU-nun filologiya fakültəsinin tələbələri Aytac Muradlı, Könül Babayeva, Zəhra İsgəndərli Azərbaycan şairlərinin Ana dilinə həsr edilmiş şeirlərini söylədilər.