Azərbaycanın Xalq artisti, korifey sənətkar Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.
TEZADLAR.AZ xəbər verir ki, məhkəmə prosesi mayın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, F.Kərimova ilə S.Heydərova arasında məhkəmə çəkişməsi 2023-cü ilin fevralda başlayıb. Ancaq aradan uzun zaman keçməsinə baxmayaraq, hakim məhkəməni yekunlaşdıra bilməyib və müğənninin iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilib.
Qeyd edək ki, S.Heydərova sosial şəbəkə hesablarında özünü plastik-cərrah kimi tanıdıb və 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.
***
Bir müddət əvvəl sənətkar başına gələnləri Real TV-yə də danışıb. Müğənni uğursuz əməliyyatdan sonra eynək taxmaq məcburiyyətində qaldığını və plastik cərrahın məsuliyyətdən qaçdığını bildirib. Flora Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib. Həmin əməliyyatı isə kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərovanın etdiyi qeyd edilib.
"Bu eynəkdə gəzirəm. Artıq bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi hamısı gözlərimdən də oxunur. Gözlər bağlıdır, gözlər kilidlidir, gözlər həbsdədir. Faktiki, bu insan məni şikəst edib", - deyə Flora xanım şikayətlənmişdi.
JASMİN