İstedadlı alim, fəlsəfə doktoru, tanınmış nasir Allahverdi Eminovun ötən il (2020) dekabr ayının son günlərində “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla, cəlbedici dizayn və zövqlə çapdan çıxmış və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, Prezident Mükafatçısı Rafiq Hacıyevin yaradıcılığına həsr olunumuş 380 səhifəlik monoqrafiyası belə adlanır: “Söz rəssamı, poetik duyğular ovsunçusu”
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlıdır.
Nəşriyyatın kitabla bağlı verdiyi annotasiyada qeyd edilir ki, “İstedadlı yazıçı-publisist, jurnalist, hüqüqşünas, respublika və Beynəlxalq Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin oçerkləri, hekayələri, povestləri, romanları, kitabları oxucuların qəlbində xüsusi təravətlə səslənir. Onun bir-birindən maraqlı ədəbi, publisist və kriminal əsərlərini oxuyanda dilimizin ecazkarlığı önündə baş əyirsən.
Əsl jurnalistikaya və ədəbiyyata “sirli ehtiras”la-təmənnasız istəklə bağlanmış Rafiq Hacıyevin əsərlərində hər şey var: musiqi, ritm, müntəzəm akkordlar, işıq, rəng, ətir, yenilik mehi, təzə hava cərəyanı. Ən xoş hisslərlə duyursan ki, müəllif söz gözəlliyinin vurğunu, aşiqidi. O, cingiltili, qəlb sehrləyən, füsunkar sözləri, təsirli cümlələri, əsrarəngiz duyğuları nəinki sevir, onlara ürəkdən məhəbbət bəsləyir. O özünü həmişə bu sözlərin çox yaxın sirdaşı, rəfiqi kimi hiss edir. Buna görə də yazıçı-jurnalistin poetik sözü heç zaman onun fikrindən, düşüncəsindən ayrılmır, bu duyğular, sözlər və cümlələr böyük və gözəl məqsəd daşıyır. Söz rəssamı, cazibədar hisslər ovsunçusu olan müəllifin yazılarındakı bədii dilin, şifahi nitqin mükəmməlliyi, ritmik lövhələr, takt füsunkarlığı oxucunu heyran edir və onlar Azərbaycan sözlərinin və ahənginin aşiqini eşq dolu hisslərlə alqışlayırlar.
Rafiq Hacıyevin əsərləri ötən əsrin yetmiş yaşından sonrakı dövrünün canlı lövhələrini yenidən dirildir, ecazkar obrazlar onun yaradıcılığında dürüst faktlarla birləşir. Qəlbə munis olan sözlər və fikirlər danışıqsız bir-birinə tabe olur. Onlar parlayır, al-əlvan işıq saçır. Günəş şəfəqləri, ay nuru və ulduzların parıltısı, dəniz dalğalarının şappıltısı və bahar sularının sevgi pıçıltısı. Bəli, poeziya sehrbazlığı publisistika pafosu ilə əl-ələ tutub gedir. Bu yolda isə xeyirxah xislətli yazıçı-jurnalist - özündə Rafiq Hacıyev adlı gur işığın nurunu gəzdirən son dərəcə zəhmətsevən bir insan, söz xiridarı həssas ürəklə və bənzərsiz, özünəməxsus sənətkar qələmi ilə silahlanıb qətiyyətlə irəliləyir...”
Müəllif kitaba yazdığı “Ön söz yerinə” başlıqlı yazıda bildirir: “Rafiq Hacıyev, sən demə, çox mehriban bir müsahib imiş. O. söhbət zamanı həmişə ehtiyatla davranır, heç vaxt ifrat rəy söyləmir. Belə təqlidedilməz bir müsahiblə heç vaxt görüşməmişdim.
Gurultu qoparmış məqalələr və kitablar müəllifidir. Onun istintaqla və musiqi ifaçılığı ilə bağlı çox gözəl, bədii təsir qüvvəsi güclü olan sanballı iki kitabı çapdan çıxıb və o, bu kitablarla az müvəffəqiyyət qazanmayıb (Yeri gəlmişkən, həmin kitablardan biri - ustad tarzən, ürək çalğıçısı Əhsən Dadaşova həsr olunmuş “Əhsən sənə, Əhsən!..” portret romanı 2020-ci ilin dekabr ayında “Humay” Milli Mükafatına layiq görülüb! - R.Q.). Şöhrət adlı şıltaq gözəl qadın, ilk dəfə ona gülümsəyib. O, əlbəttə, başa düşür ki, bu qadın adamların başını gicəlləndirməyi bacarır və son dərəcə tələbkardır... Rafiq bəy həmin qadınla mehriban yola gedir, hələki...
Özünü həmişə sadə tutur, insanlarla münasibətində zərrə qədər üstünlük hiss etdirmir. Səsi məlahətli və qılıqlıdır, hərəkətləri incədir. Üzügülər, təmkinli, təvazökar, mülayim, gənclər kimi temperamentli, nəzakətli və hazırcavab olan Rafiq bəy dərhal müsahibini valeh edir və onun qəlbinə girir - sözün tam mənasında həmsöhbət olması, danışığındakı şəhdi-şirə, kolorit, müdrik çalarlarla. Uca boyu, həmişə zövqlü, təmiz, səliqəli və sadə geyimi ilə o nəsə xüsusi bir sərbəstlik cazibəsi yaradır. Dostlar onun ətrafına toplaşaraq ehtiramla qulaq asırlar. Rafiq bəy yavaş-yavaş, tələsmədən danışır, heç vaxt səsini ucaltmır, nə qədər dəhşətli və ya gülməli hadisədən bəhs etsə də, effektə əl atmır, amma bu effektsizliyin özündə danışanın bir növ effekti duyulur.
Rafiq Hacıyevlə tanışlıqdan zənginləşirəm, onun ardıcıl musiqi aləmindən, sənət korifeylərimizdən bəhs edən silsilə məqalələrini oxuyub feyziyab oluram. Rafiqin nə qədər geniş və dərin musiqi duyumuna, incə-kövrək ürəyə, həssaslığa malikliyini duyuram, vallah, qürurlanıram. Ağayanalığı, gözütoxluğu, habelə sözə, vədə dəqiqliyi, səxavəti yaradıcılığını tamamlayır. Böyük ürəyə sahib olmayan şəxs yaxşı yazı qələmə ala bilməz - birmənalı fikrimdir...”..
“Söz rəssamı, poetik duyğular ovsunçusu” kitabı dörd fəsildən - “Ötən illərin işığı...”, “Kriminal aləmin dedektiv roman təsviri”, “Publisistikanın əxlaqi davranış gücü”, “Musiqinin qəlb duyum möcüzəsi” fəsillərindən və “Son söz yerinə” yazısından ibarətdir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitab hər kəsə yazıçı-publisist Rafiq Hacıyevin yaradıcılığını daha yaxından öyrənməkdə əsl bələdçilik edəcəkdir..
R.QƏNBƏRZADƏ