SÖZ VURĞUNU- FAİQ BALABƏYLİ!
Söz vurğunu
Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...
Bu bayatı tarixin dərinliklərindən gələn, nəsildən- nəsilə ötürülən və zamanın sınağından keçərək yaddaşımıza həkk olunan sözlərin gücünü göstərir. Füzulinin təbirincə desək, yoxdan var olan sözün dəyəri onu yaşadar, qiymətini artırar.
Sözdən qala yaradanlar tarixin, ədəbiyyatın və mədəniyyətin əbədi yaddaşında öz imzalarını atar, adlarını möhürləyərlər. Söz sərrafları, söz vurğunları, söz ustadlarıdır onlar.
Sözdən söz düşmüşkən hər kəsin sözü onun ruh ölçüsüdür, ağıl tərzidir, idrak əksidir. Sözün dərinliyində gizlənən mənalar insanın iç dünyasını, xarakterini və düşüncələrini açıq şəkildə ifadə edir.
Mən söz sahiblərindən, söz vurğunlarından biri haqqında - Faiq Balabəyli haqqında danışacam.
Faiq müəllim - ağıllı, zəhmətkeş, vicdanlı, mülayim, xeyirxah, Balabəyli nəslinin layiqli davamçısı .
Faiq müəllim, əslində Sizi tanıtmağa ehtiyac yoxdur. Çünki siz sözünüzlə minlərlə qəlblərin dostu, minlərlə könüllərin həmdəmi, minlərlə ruhların məlhəmi olmuşsunuz. Sözünüzün ülfəti, hörməti və sehri ilə Faiq Balabəyli adını, namını ədəbiyyatımıza möhürləmisiniz.
Göz qəlbin aynasıdır-- mən demirəm, belə deyirlər. Mən isə deyirəm ki, söz ruhun aynasıdır. Sizin ruhunuz o qədər saf və təmizdir ki, şeirlərinizə yansıyır, misralarınıza hopur.
İnsan şair doğulmur. İstedadın ola bilər. Lakin Yaradanın bəxşini qələmə çevirib söz yaratmaq hünərdir, fəzilətdir.
Yaxşı şair olmaq üçün yaxşı övlad olmalısan, layiqli vətəndaş olmalısan, ləyaqətli ailə başçısı olmalısan, fədakar ata olmalısan, müdrik baba olmalısan, xeyirxah insan olmalısan.
Bütün ali dəyərləri, insani keyfiyyətləri özündə birləşdirən sair qələmindən süzülən günlərlə oxucu ruhunu özunə ram edən şeirlər…
“Atamın əziz xatirəsinə” şeirini oxuyaq:
Dünyanın boz üzü sərt qaya oldu
bəzən tikəmizi daşdan çıxartdın
Bizə palto aldın, yun əlcək aldın,
özünü pencəklə qışdan çıxartdın.
Böyüdük, bilmədik ehtiyac nədir,
əynimiz, başımız nimdaş görmədi.
Elə danladın ki, səhv iş görəndə
dost tanış bilmədi, yoldaş görmədi.
Sənə ruh verərdi, sən sevinərdin,
bizim uğrumuzun sorağı gəlcək.
Biz çörək sahibi olana kimi,
sən saç ağartmışdın, anamız birçək.
Hər oğul adına bir ağac əkdin,
budur, ağacların pöhrəsi artır.
Həyatda biz səni itirdik, amma
həyətdə gözümüz səni axtarır.
Fələkmi kələfin saldı dolaşıq,
görəsən, o günlər hayana düşdü.
Dünyaya gəlişin davalı günə,
gedişin oğlunun toyuna düşdü.
ATA--evimizin dirəyi, ürəyimizin özəyi, ümidimiz, pənahımız, gümanımız!
ATA-- əzəmətimiz, qürurumuz! Bəzən dastanlar yazılar, bəzən mahnılar qoşular. Faiq müəllim də xatirəsinə şeir ithaf edib ALLAHIN RƏHMƏTİNƏ QOVUŞAN zəhmətkeş, qayğıkeş ATA ADINA.
Bir kitabı oxuyarsan, təsir etməz, bir şeir oxuyarsan günlərlə təsirindən çıxa bilməzsən. Elə ruhun köklənib qalar o şeirdə. Eyni sözügedən şeir kimi. Əgər bir şeir heç vaxt hafizələrdən silinməyəcək iz buraxırsa, o, sözdür, poeziyadır, imzadır. Söz xətrinə deyilən söz sözün dadın qaçırar, mənasızlaşdırar. Mənalı söz---daşla çörəyi, pəncəklə qışı çıxartdın... İzaha ehtiyacı olmayan təsir gücü bax budur. Bu misra yetər ki, dolanacağı güclə çıxan ailənin dünyası göz önündə canlansın. Bütün həyatını övladlarına həsr edən əli-ayağı qabarlı, zəhmətdən beli bükülmüş fani dünyanı günahları, savablarıyla ələkdən keçirən, heç kəsə əyilməyən ATA və toyu günü taleyinin ən ağir cəzasını, ən çətin sınağını yaşayan, gözü hələ də ATA axtaran övlad ... Faiq müəllim, bax siz O ATANIN əsərisiniz--- şərəf, ləyaqət, tərbiyə, mədəniyyət, qürür, haqq, ədalət, vicdan hər hərfində görünən, duyulan bir əsər. Xoşbəxt ATADIR! Azərbaycan oxucusuna Faiq Balabəyli imzasını bəxş edib. Çəkdiyi zəhmət Faiq boyda bir dünyanı ərsəyə gətirib. Xoşbəxt övladsınız, ATA zəhmətini itirmədiniz, ATA adını, namını ucaltdınız! Müqəddəs ATALARIMIZIN ruhu qarşısında baş əyirəm!
Elə bu seirdən--- mükəmməl əsərdən, " Atamın əziz xatirəsinə " şeirindən söz düşmüşkən "Xəbəriniz olmadı " şeirinizin sədaları "Segah"a çevrilib ruhumuzun ən incə telini mizrablayır:
Yada düşür, yad olmayan o günlər,
xatirələr ağlın alır adamın .
Yalan desəm, qoy dillənsin bilənlər,
toyum günü köç eləyən atamın
gözlərində donub qalan göz yaşı
ürəyimdə daşa döndü o gündən ,
Sizin məndən xəbəriniz olmadı...
Bu şeir də yanğılı, ağrılı bir ömür yasayan şairin kövrək gileyidir: "Sizin məndən xəbəriniz olmadı ".
Üzundə təbəssüm, içində çox həsrətlərin kədərini yaşayan, küskünlüyünü daşıyan bir şairin sözləri boğaza kilidləyən, qanları donduran, yaşı gözlərdə gilələdən, qəhəri qəlbində gileylədən o günü var---" Toy günü "!
Şairin o günü var-toy günü...İlahi! Toy günü ---bir ATANIN ən böyük arzusuna yetişdiyi oğul toyu! Həmin gün karvanını köç edən, bu dünyaya əlvida deyən, göz yaşı oğlunun ürəyində daşa dönən ATANIN nakam, nisgilli, ürəkləri dağlayan ayrılıq vidası! Sözün bitdiyi an. Bu bir qismətmi, alın yazısımı, bəlkə, bir imtahanmı?! Bilmirəm, amma bilirəm ki, ATANIZIN gözlərində donub qalan yaşın ürəyinizdə döndüyü daşın zərbəsi hər gün ruhunuzu ağladıb, könlünüzü kövrəldib, qəlbinizi titrədib. Bəlkə, Sizi Şair edən o günün fəryadı olub, naləsi olub, ağısı, bayatısı olub! Həyat güldüyünüz yerdə Sizi ağladıb, qəm sevincinizi haqlayıb. Sözlər dilinizdə haçalanıb, mənalanıb, dərinləşib, özünüz də bilmədən qələminiz dərdinizə şərik çıxıb, onu misralara töküb. Bəlkə, Sizi Şair edən həmin gün oldu--ATANIZLA əbədi ayrılıq gününüz!Bəlkə, Sizi Şair edən həmin gün oldu---yarımçıq qalan toy gününüz! Bu Şeir bir Şair ömrünün səhifələrini vərəqlədi, oxuyan hər kəsi göz yaşına boğdu. Sonda demək istədiyim odur ki, Şairi Şair edən onun dərdidir. ATANIZIN alın yazısı belə Sizə Şairlik bəxş edib!
Hər bir şeiriniz çox səviyyəlidir, dəyərlidir, həyatidir, nəsihətamizdir, tərbiyəvidir. Milli ruh var, mənəvi- əxlaqi üstünlükləri ilə seçilir.İnsanlara Allah sevgisinin müqəddəsliyini təlqin edir. Övladlara valideyn , valideynlərə övlad sevgisinin əvəzsizliyini misralarınızdakı sevgi dolu sözlər sübut edir. Məhəbbət, istək dolu şeirlərinizdə isə ismət, abır, həya, sədaqət, etibar, vəfa öyrədilir.
Bir insanın mükəmməl yetişməsində, formalaşmasında genetika, ictimai mühitin rolu mütləqdir. Şair sizin şəxsiyyətinizin formalaşmasında doğulduğunuz ailə , şəcərə, nəsil- soy, əlbəttə öz sübutunu edib.
Amma elə bir ictimai mühit yaratmısınız ki, işığına, nuruna yüzlərlə, minlərlə gənci, cavanı, ahılı cəlb etməyi bacarmısınız. Faiq müəllim, bu sizin sözünüzün xidmətidir! Sözünüzün gücünün xidmətidir! Söz özünüzündür! Təqliddən, təkrardan, bayağılıqdan uzaqsınız.
Halallıq sözünüzün, şeirinizin, sənətinizin meyarıdır! Əsl şair odur ki, yazdıqları oxucunu dinləndirsin, sətirlərinizi zümzümə etsin, musiqiyə kökləsin, kövrəltsin.
Bax bu misralardan necə təsirlənməyəsən?!
Görmürsən? – şeirinə nəzər salaq:
Başqa nə ola bilər axı
Elə, düz görmüsən,
sən gördüyündü.
Elə körpəlikdən qəm içindəyəm –
anamın laylası gözü yaşlıydı
görmürsən, büsbütün nəm içindəyəm?
Başqa nə ola bilər axı,
mən tanrı sevgisinə sığınammadım.
Mənim sevdiklərim sevmir ki məni –
əlindən tutmağa kimsəm qalmayıb
əlimdən tutanlar gör nə qədərdi.
Başqa, ürəyinə heç nə gəlməsin
mən bu məmləkətin qara daşıyam.
Doğma bildiklərim məndən küsməsin
bir isti ocaq yox küncdə, bucaqda
yansın korun-korun məni isitsin –
mən acı rüzgarla qarşı-qarşıyam.
Nəfəsi bəsimdi balalarımın
adı üstümdədir qardaşlarımın,
adını dilimin ucunda gördüm
məni tanımayan doğmalarımın.
Görmürsən? Elə körpəlikdən ANA laylasının kövrəkliyindən süzülən göz yaşına nəmlənən, qəmlənən qərib bir həsrəti görmürsən? Görmürsən, əlindən tutmağa axtardıqlarımı tapmadığımı, əlimdən tutanlarınsa sayı-hesabı olmadığını görmürsən? Doğma bildiklərimin bir isti ocağına, közünə həsrət qaldığımı, acı rüzgarın məni yerli-yersiz tənhalıqdan kədərə, qəriblikdən həsrətə çırpdığını görmürsən?
Görürəm, Şair, görürəm! Hələ beşik başında ANA öz laylasını, bəlkə, irəlidə çəkəcəyiniz əzabları müqəddəs ruhunda hiss edib yanğılı avazında göz yaşına çevirdiyini görürəm. Görürəm, Şair, görürəm, əliniz nəyəsə çatanda əlinizdən tutanların çoxaldığını görürəm. Sizin hər şeirinizdə anlayana, arifə bir işarə var, bir dərs var. Çətinliklərin, məhrumiyyətlərin Sizi çəkdiyi sınaqlardan alnınızın təri ilə çıxmağı bacarmısınızsa, deməli, Tanrı sevgisinə sığınmısınız, qəlbiniz ALLAH xofu ilə cilvələnib. Sonuncu bənddə isə bir ATA sevgisi, ATA qayğısı, ATA məhəbbətinin könül titrədən, ruh kövrəldən ifadəsini gördük--Nəfəsi bəsimdir balalarımın! Görürəm, Şair, görürəm. Həyatını övladlarına bağışlayan, ömrünü balalarına əridən Müqəddəs ATALARIN, ANALARIN amalı, istəyi, məramı, məqsədidir bu deyim.
Şair, həyatınızın müəyyən məqamlarını oxucu təsvirində sərgilədiniz. O günlər olmasaydı, bəlkə, bu gün Faiq olardınız, amma Faiq Balabəyli olmazdınız. Sizə bu imzanı, Sizə bu namı qazandıran o yanğılı ANA laylası, halal, daşdan çıxarılan ATA çörəyi, bir də dünyanın gedişindən, rüzgarın gəlişindən çıxardığınız düzgün nəticələr qazandırdı. Görürük, Şair, görürük, Sizi həm doğmalarınız, həm də oxucularınız tanıyır, tanımaqla da bitmir, sevir! Bu sevgini Sizə YARADAN bəxş edib. YARADANIMIZA ŞÜKÜRLƏR OLSUN!
Bu günlərdə bədahətən yazdığınız bir şeirdə də :
Gör nə qədər vaxt keçib
Yaşayıram hələ də...
Üşüyürəm, ovundur,
mənə bir az layla de,
isidib nəfəsinlə
Məni yenə bələ də...
Sənsiz ömür deyil bu,
hər kəs sezə bilməyir,
Yaşayıram belə də --- kövrətdiniz sizi sevənləri. Qəribsənmiş ruhu Şairin. Əsən küləklər xəzan etdikcə yada düşür xatirələr... Kövrək, həzin xatirələr...
Ana köksü ovundurar, o yetim ruhu, Ana laylası yatızdırar o nəmli gözləri, Ana bələyi isidər qərib xatirələr yelində üşüyən o yorğun ağrıları.
Siz şair olmaqla yanaşı dənizçisiniz, kapitansınız!
Şeir, ədəbiyyat və dəniz... Şeir ruhun ifadəsi, dəniz ruhun məlhəmi... Həm Şair, həm də dənizçi... Xoşbəxtlikdir məncə. Dalğalar şeir misrasıtək səpələnib şairin ruhuna... Romantik duyğuların şeir müdrikliyi və dəniz saflığının sintezi...
Uzaq bir adadan uğultu səsi
Dənizin üstuylə sürüşüb gedər
İsti bir xatirə səmt küləyitək
Dünənlə, bu günlə görüşüb keçər.
Sizin kimi qələm əhlinin ruhu pak, duyğusu saf, könlü-gözü tox, qayəsi təmiz ad, hədəfi insanlıq, əməli isə hər zaman yaxşılıqdır. Sizin iç dünyanızın ifadəsi qabarlı əllərdir, kövrək gözlərdir, mənalı baxışlardır.
Faiq Balabəyli, altmış ildir yol gəlirsiniz! Əgər məndən sizin rəsminizi çizməmi istəsələr, iki rəngdən --- bəyaz və mavi rənglərdən istifadə edərdim. Bəyaz rəng sizin altmış illik yolunuzun, həyatınızın, mənliyinizin və şəxsiyyətinizin təmizliyini simvolizə edir.
Mavi isə ömrünüzü bağladığınız dənizi, onun dalğalarında yaşadığınız sevinci əks etdirir. Siz həm də həyatını dənizə bağlayan, bəzən dalğalarından, fırtınalarından küsən, inciyən, bəzənsə sularında könlü, ruhu rahatlıq tapan, sanki ondan-- dənizdən ayrı bir həyat olmadığını düşünən dəniz oğlu, dəniz övladısınız.
Xarakteri zahirinə , zahiri daxili məninə, ruhuna, ruhu isə ALLAHA yaxın insan--- Faiq Balabəyli!
Ömür ALLAHIN lütfüdür insana! Necə dəyərləndirməksə, bəlkə, ağıl işidir, zəka fərasətidir, ya da tale, bəxt qismətidir. Əsas odur, iz qoyasan! Elə bir iz ki, əvvəli nur, sonu savab! Elə bir yol ki, günahlardan uzaq , ALLAHA isə yaxın!
Atdığın addıma cavabdeh olmağa məsuliyyət daşıdığın bir cığır...
Bu cığırın qapısı insanlıq, ünvanı mərhəmət, hədəfi yaxşılıq!
Faiq Balabəyli! Sərhədsiz Vətən sevgisi... Fərqli sevgilər, fərqli mövzular, fərqli yanaşmalar! Ancaq hamısında könülləri riqqətə gətirən qələm və bu qələmin sahibi Faiq Balabeyli imzası...
Hörmətli Faiq müəllim, 60 illik yol gəlmişsiniz. Sevinci də gördünüz, kədəri də ! Haqqın da şahidi oldunuz, nahaqqın da! Düz də yazıldı ömrünüzə, böhtan da! Ancaq " Yaxşı insan", " Gözəl dost", " Ruh şairi", "Vətən oğlu", " Uğurlu dənizçi", " Cənab kapitan " yazıldı ömrünüzə.
Bu həyatda qazandıqlarınız çox oldu. Sözümüzə-söhbətimizə, sənətimizə incilər bəxş etdiniz. Daha bir sərraf da ALLAHIN lütfü ilə həm öz dünyanıza, həm söz dünyamıza hədiyyə oldu: Tural Balabəyli Sizin yolunuzu -- haqq, nur, mərhəmət, ədalət yolunuzu davam etdirəcək daha bir imza.
Dünyanın " ol" sözündən var olduğun bilən aqillər müqəddəs hesab edər sözü, layiq olduğu dəyərini verər.
Bax sizin imzanız da var, şeiriyyatınız da var.
Sözün cilvəsi var, mahiyyəti var, fəlsəfəsi var.
Sözün ruhu var, ruhu!
Bu ruh Allahın bəxş etdiyi ömür boyunca Sizi tərk etməsin!
Ömür vəfa etsə, 70, 80, 90, yüzilliyinzdə görüşərik! Görüşərik, Faiq Balabəyli!
Sevil İsayeva
(Xüsusi olaraq "Təzadlar" üçün)