“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, “Azersun Holding” MMC-nin, “Təmiz Şəhər” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava meşə-parkı ərazisində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr olan şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı vətəndaşlar həsir çantalara müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.
R.XUDATQIZI