44 günlük Qarabağ müharibəsindəki qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi bütün erməni cəmiyyətində, ordusunda,iqtisadiyyatında, diplomatiyasında çaşqınlıq yaratmışdır. Bir vaxtlar güclü ordularının olması ilə öyünən ermənilər hələ də müharibədəki rəzalətli məğlubiyyətlərini unuda bilmir və bunun necə baş verməsini dərk etmək istəyir və müxtəlif səpgidə təhlillər edirlər.Belə “təhlillərdən” birini də son günlər akademik ( itə salba atsan, erməni akademikinə dəyir-Ş.Q.) Ruben Safrastyan edib.
Nə deyir, bu Safrastyan? Deyir ki, bəs , ay aman, Şuşada Azərbaycanla-Türkiyə arasında bağlanmış saziş Türkiyə-Azərbaycan dövlətinin əsasını qoyur.
Ruben Safrastyanın sözlərinə görə, gələcəkdə türkdilli ölkələrin hərbi əməkdaşlığı daha da möhkəmlənəcək.
Şuşa Bəyannaməsinin imzalanması ümumi Türkiyə-Azərbaycan dövlətinin yaranmasının başlanması deməkdir. Bu fikri Sputnik Ermənistan MEA-nın Şərqşünaslıq İnstitutunun elmi rəhbəri, akademik Ruben Safrastyan Ankara-Bakı strateji əməkdaşlığının xüsusiyyətlərini şərh edərkən bildirib.
"Şuşa Bəyannaməsinin mətnini öyrənsək, bu sənədin, əslində, Rusiya və Belarusun müttəfiq dövləti kimi, Türkiyə-Azərbaycan ortaq müttəfiq dövlətinin yaradılmasına başlandığını söyləmək olar. Bununla yanaşı, sənəd özündə başqa məna daşıyır", - deyə “türkoloq” qeyd edib.
Safrastyanın fikrincə, Şuşa bəyannaməsində pantürkist planını reallaşdırmaq niyyətini göstərən bənd var. Bununla da Türkiyə onu göstərir ki, Azərbaycanla sıx birləşir və gələcəkdə türkdilli digər ölkələr də bu yolla gedə bilərlər.
"Türkiyə müxtəlif sahələrdə, xüsusilə də hərbi sahədə öz potensialından istifadə edərək, bu istiqamətdə fəal işləyir. Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları 44 günlük müharibədən sonra çox populyarlaşıb, Ankara öz silahlarını türk dünyasında təbliğ edir, hərbi sahədə əməkdaşlıq tezisini irəli sürür",- Ruben bildirib.
Safrastyan hesab edir ki, Turan ordusunun yaradılması ideyası da eyni məqsədə xidmət edir. Lakin fəal danışıqları, eləcə də bir sıra ölkələrlə bağlanmış sazişləri nəzərə alsaq, güman etmək olar ki, gələcəkdə türkdilli ölkələrin hərbi əməkdaşlığı daha da sıx olacaqdır. Akademik yaxın perspektivdə türkdilli dövlətlərin hərbi-siyasi blokunun yaradılmasını istisna etmir.
Xatırladaq ki, iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin müşayiəti ilə əvvəlcə Füzulidə, sonra isə Şuşadan olub.
Bu xatırlatmanı erməni saytı edib. Biz də öz tərəfimizdən Safrastyana xatırlatmaq istəyirik ki, o istəsə də,istəməsə də, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir,sarsılmazdır. Nə onun, nə də başqalarının “analizləri” bu ittifaqa kölgə sala bilməz.
Şakir QURBANOV