Sevinc və ehtiraslar haqqında...

           Qardaşım, əgər fəzilətin varsa və bu sənin fəzilətindirsə, onu başqaları ilə bölüşmürsən.

         Təbii ki, sən onu adı ilə çağırıb sığallamaq istəyirsən: qulağını çəkib onunla əylənmək istəyirsən.

         Bax! İndi onun adını xalqla birlikdə daşıyırsan və sənin özün fəzilətinlə birlikdə xalq və sürü oldun!

         Sənə “ruhumun əzabını və şirinliyini, bətnimin aclığını təşkil edən bir söz, bir ad yoxdur”demək daha yaxşı olardı.

         Qoy fəzilətin çox yüksək olsun ki, onun adına etibar etmək mümkün olsun. Əgər onun haqqında danışmalısansa, kəkələyib danışmaqdan utanma.

         Kəkələsən də belə de: “Bu mənim xeyirxahlığımdır, onu bu cür sevirəm, bu cür bəyənirəm və onun yalnız bu cür olmasını istəyirəm.

         Mən onu ona görə sevmirəm ki, o, ilahi, insani qanun,yaxud da insani ehtiyac olsun. O, mənim üçün nə səmaya, nə də cənnətə gedən yolu göstərməyə xidmət etmir.

         Mən yalnız dünyəvi fəziləti sevirəm: çünki bu cür insanların hamısında daha az müdriklik və daha az idrak var.

         Ancaq bu quş mənim yanımda özünə bir yuva qurdu və buna görə də onu sevirəm və bağrıma basıram. O, indi qızıl yumurtaların üstündə oturur.”  

         Beləliklə, sən öz fəzilətindən söhbət etməli, onu tərifləməlisən.

         Bir vaxtlar sənin ehtirasların olub və sən onlara pis demisən. İndi sənin yalnız fəzilətlərin var və onlar sənin ehtiraslarından yaranıb.

         Sən bu ehtiraslara ən yüksək məqsədini qoymusan. İndi onlar sənin fəzilətin və sevincin olub.

         Əgər sən emosial, yaxud şəhvətçi, fanatik və ya intiqamçı nəsildən olsaydın:

         Nəhayət, ehtiraslarınız fəzilətlərə və bütün cinləriniz mələklərə çevriləcəkdi.

         Bir vaxtlar sənin zirzəmilərində vəhşi itlər var idi, amma sonunda onlar quşlara, sevimli nəğmə quşlarına çevrildilər.

         Sən öz zəhərlərindən özünə balzam hazırladın. Sən kədər inəyini sağdın və indi onun yelininin şirin südünü içirsən.

         Və bundan sonra ancaq fəzilətlərinizin mübarizəsindən böyüyən pislikdən başqa səndən heç bir pislik çıxmayacaq.

         Qardaşım, əgər xoşbəxtsənsə, deməli sənin yalnız bir fəzilətin var. O zaman sən körpüdən daha asan keçərsən.

         Çoxlu fəzilətlərə sahib olmaq şərəflidir, amma bu, çətin bir şeydir və bir çoxları səhraya gedib özlərini öldürdülər, çünki onlar fəzilətlərin döyüşü və döyüş meydanı olmaqdan yorulmuşdular.

         Qardaşım, müharibə və döyüş şərdirmi? Halbuki bu şər lazımdır, paxıllıq, inamsızlıq, sənin fəzilətlərin arasında böhtan da lazımdır.

         Bax, sənin hər bir fəzilətin necə də ən yüksəklərə can atır. O, sənin ruhuna hakim olmaq, qəzəbdə, nifrətdə və sevgidəki  bütün gücünü istəyir.

         Hər bir fəzilət digərinə paxıllıq edir, paxıllıq isə dəhşətli bir şeydir. Hətta fəzilətlər paxıllıq üzündən məhv ola bilər.

         Qısqanclıq alovu kimi əhatə edirsə, o, nəhayət, özünü sancan əqrəbə, onun zəhərli neştərinə çevrilir.

         Ay qardaş, sən görmədinmi ki, fəzilət özünə böhtan atıb, özünü sancır?

         İnsan üstün olan bir şeydir.Və buna görə də öz fəzilətlərini sevməlisən – çünki onlardan məhv olacaqsan.

         Zərdüşt belə dedi.  

Rəngi qaçmış cinayərkar haqqında

           Ey hakimlər və qurban kəsənlər, siz heyvan başını aşağı salana qədər öldürmək istəmirsiniz, elə deyilmi? Baxın, qorxudan rəngi saralmış cinayətkar başını aşağı salır və gözlərindən böyük bir nifrət yağır.

         Mənim “Mən” im insana qarşı böyük bir nifrət bəsləyir- cinayətkarın gözləri belə deyir.

         Özünü qınaması onun ən yüksək anı idi. Yüksəkliyə qalxanın yenidən uçuruma yuvarlanmasına imkan verməyin!

         Özündən bu qədər əziyyət çəkənin tez ölümdən başqa  xilası yoxdur.

         Sizin qətliniz, hakimlər, intiqam yox, mərhəmət olmalıdır. Öldürəndə isə əmin olun ki, özünüz həyata haqq qazandırırsınız!

         Öldürdüyünüz şəxslə barışmaq kifayət deyil. Qoy sizin kədəriniz fövqəlinsan sevgisi olsun. Bununla siz həyatınıza haqq qazandıracaqsınız!

         Siz “cani” yox, “düşmən”, “yaramaz” yox, “xəstə”, “günahkar” yox,“dəli” deməlisiniz.

         Sən isə, qırmızı hakim, fikrində tutduğun hər şeyi yüksək səslə desən, hamı qışqıracaq: “Bu murdardan və zəhərli qurddan uzaq olun!”

         Amma fikir bir şey, əməl, əməlin görüntüsü isə  başqa şeydir.Səbəbiyyət çarxı onların arasında fırlanmır.

         Obraz bu qorxuya düşmüş insanı daha da qorxutdu.O, öz işinin öhdəsindən yaxşı gəlirdi, amma iş yerinə yetirildikdən sonra onun obrazına dözə bilmədi.

         Həmişə özünə bir uğurun varisi kimi baxırdı. Mən bunu dəlilik adlandırıram. İstisna onun mahiyyətinə çevrildi.

         Yerə çəkilmiş bir xətt toyuğu ovsunlayır.Təslim olduğu şeytan onun kasad ağlını ovsunlayır.Mən bunu işdən sonrakı dəlilik adlandırıram.

         Qulaq asın, hakimlər! Başqa cür ağılsızlıq da mövcuddur. Bu, əməldən əvvəlki ağılsızlıqdır. Ah, siz bu ruhun daxilinə kifayət qədər sirayət edə bilmədiniz!

         Qırmızı hakim belə deyir: “Bəs bu cinayətkar niyə öldürmək istəyirdi? O qarət etmək istəyirdi”.

         Amma sizə deyirəm: onun ruhu soyğunçuluq yox, qan tökmək istəyirdi. O, bıçaq xoşbəxtliyinə can atırdı!

         Ancaq onun kasad ağlı bu ağılsızlığı başa düşmədi və onu inandırdı. “Qan tökmək nə böyük şeydir ki! - dedi. – Bu halda heç olmasa, qisas da almaq, qarət də etmək istəmirsən? ”

         Və o, kasad ağlına qulaq asdı: nitqi qurğuşun kimi üzərinə çökdü və o həm öldürdü, həm də qarət etdi, ağılsızlığından utanmaq istəmədi.

         İndi yenə də günahının əsası onun üzərindədir və yenə də kasad ağlı  uyuşmuş, zəifləmiş və ağırlaşmışdır.

         Əgər o yalnız başını silkələyə bilsəydi, yükü aşağı düşə bilərdi. Ancaq bu başı kim silkələyəcək?

         Bu adam nədir? Dünyaya nüfuz edən ruh vasitəsilə çoxlu xəstəlik: onlar orada öz ovlarını axtarırlar.

         Bu insan nədir? Nadir hallarda birlikdə sakitləşən vəhşi ilanların yığını. İndi onlar dünyada hər tərəfə yayılıb və ov axtarırlar.

         Bu miskin bədənə baxın! Onun nə cür əzab çəkdiyini və nəyi ehtirasla arzuladığını bu miskin ruh özünə izah etməyə çalışır.O,bunu öldürmək sevinci və bıçaq xoşbəxtliyinə hərisliklə izah etdi.

         İndi xəstə olana pislik sirayət edir. Xəstə ona əzab verənlərə əzab vermək istəyir. Ancaq başqa pisliklər və yaxşılıqlar olan vaxtlar da var idi.

        Bir vaxtlar şübhə və özünə iradə şər sayılırdı. O zamanlar  xəstə kafir və cadugər oldu. O, bir kafir və cadugər kimi əzab çəkdi və başqalarına da əziyyət vermək istədi.

         Ancaq bu sizin qulaqlarınıza girməz. Siz mənə deyirsiniz ki, bu, sizin xeyirxah insanlarınıza ziyandır.  Amma sizin xeyirxah insanlarla mənim nə işim var!

         Sizin bu xeyirxah insanlarda məni iyrəndirən çox şey var və bu, onların pisliyi deyil. Mən istərdim ki, bu cinayətkar kimi onları da bu bir ağılsızlıq bürüsün və onlar da bu cinayətkar kimi məhv olsunlar!

         Doğrusu, mən istərdim ki, onların ağılsızlıqları həqiqət, vəfa, ya da ədalət adlansın. Lakin onların özlərinə məxsus fəzilətləri var. Və onlar bu fəzilətə uyğun uzun ömür sürmək istəyirlər.

         Mən sürətli bir axın üzərindəki körpünün məhəccəriyəm. Məndən yapışmaq istəyən, yapışsın. Amma mən sizin qoltuqağacınız da deyiləm.

         Zərdüşt belə dedi.

Oxu və yazı haqqında

          Mən bütün yazılanlardan yalnız öz qanımla yazılanları sevirəm. Qanla yaz və qanın ruh olduğunu biləcəksən.

         Başqasının qanını anlamaq asan deyil. Mən avaraların oxumağına nifrət edirəm.

         Oxucunu tanıyan oxucu üçün heç nə etməz. Oxucuların daha bir əsri - və ruhun özü iylənəcək.

         Hər kəsin oxumağı öyrənmək hüququ olması uzun müddət nəinki yazmağı, hətta düşüncəni də korlayır.

         Bir vaxtlar ruh Allahı idi, sonra insan oldu, indi isə qaragüruha çevrilib.

         Qan və məsəllərlə yazan onun oxunmasını yox, əzbərlənməsini istəyir.

         Dağlarda ən qısa yol zirvədən zirvəyə qədərdir. Lakin bunun üçün uzun ayaqlara sahib olmaq lazımdır. Məsəllər zirvə olmalı, onların müraciət etdikləri isə böyük və ucaboy olmalıdır.

         Hava açıq və təmiz, təhlükə yaxın, sevincli qəzəblə dolu bir ruh-bunların hamısı bir-birinə çox yaxşı yaraşır.

         Mən cəsarətli olduğum üçün ətrafımda koboldların (kobold - alman mifologiyasında yeraltı sərvətlərin qoruyucusu – Ş.Q.) olmasını istəyirəm.Cəsarət kabusları qovur, özü üçün koboldlar yaradır - cəsarət gülmək istəyir.

         Artıq sizinlə birlikdə hiss etmirəm. Üzərində güldüyüm aşağıdakı qara bulud və ağırlıq- sizin gurultulu buludunuz belədir.

        Siz qalxmağa çalışdıqca yuxarı baxırsınız. Mən isə aşağı baxıram, çünki mən artıq yuxarıdayam.

        Sizlərdən hansınız eyni zamanda həm gülə, həm də yüksəkdə ola bilər?

        Ən yüksək dağlara qalxan hər cür səhnə və həyat faciəsinə gülür.

         Qayğısız, istehzalı, güclü - müdriklik bizi belə istəyir. O bir qadındır və həmişə yalnız cəngavəri sevir.

         Mənə “həyatın yükünü daşımaq çətindir”deyirsiniz. O zaman səhər qürurunuz və axşam itaətiniz nəyə gərəkdir?

         Həyatın yükünü daşımaq çətindir; amma özünüzü bir o qədər də nərmə-nazik göstərməyin! Hamımız gözəl yük eşşəkləri və ümumiyyətlə eşşəklərik.

        Üzərinə bir damla şeh düşdüyü üçün titrəyən çəhrayı tumurcuqla bizim nə ortaq cəhətimiz var?

         Biz həyatı həyata görə yox, həyatı sevməyə öyrəşdiyimiz üçün sevirik.

         Sevgidə həmişə bir az dəlilik olur. Ancaq dəlilikdə də həmişə az da olsa ağıl var.

         Hətta həyata meylli mənə belə gəlir ki, xoşbəxtliyi ən çox güvələr, sabun köpüyü və insanlar arasında onlara bənzəyənlər bilir.

         Onların necə çırpındığını görən bu yüngül, absurd, kövrək, canlı balaca ruhlar Zərdüştünü nəğmələrə və göz yaşlarına qədər məst edən şeydir.

         Mən yalnız rəqs edə bilən Allaha inanardım.

         Cinimi görəndə onun ciddi, ağır, dərin və təntənəli olduğunu gördüm: bu, ağırlıq ruhu idi və onun sayəsində hər şey yerə düşür.

         Qəzəblə deyil, gülüşlə öldürürlər. Qalxın, bizə ağırlıq ruhunu öldürməyə kömək edin!

        Mən yeriməyi öyrəndim. O vaxtdan özümə qaçmağı rəvan bildim. Mən uçmağı öyrəndim. O vaxtdan bəri hərəkət etmək üçün təkan gözləmirəm.

        İndi mən yüngüləm, indi uçuram, indi özümü özmdən altda görürəm, indi Tanrı içimdə rəqs edir.

         Zərdüşt belə deyirdi.

  (Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN