Bakıda ilk olaraq Bakı Slavyan Universitetinin məzunlarına “Yüksək öyrənmə nəticələrinə” görə təşəkkürnamələr təqdim edilib.
Belə ki, Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının 7 iyul 2021-ci il tarixli qərarı ilə bu ali təhsil müəssisəsinin 2020-2021-ci tədris ili üzrə ən yüksək öyrənmə nəticələri göstərmiş tələbələrinin karyera inkişafının dəstəklənməsi məqsədilə onların müxtəlif özünüinkişaf proqramlarında iştirakı universitet tərəfindən qarşılanacaq. Qərara əsasən, BSU-nun hər fakültəsi üzrə 2020-2021-ci tədris ilini ən yüksək müvəffəqiyyət göstəriciləri ilə başa vurmuş ümumilikdə səkkiz tələbəsi bir il ərzində iş həyatı, eləcə də ali təhsilin növbəti səviyyəsi üzrə ehtiyac duyduqları bilik və bacarıqların artırılması məqsədilə yerli və beynəlxalq təlim və inkişaf proqramlarında iştirak edə biləcək. BSU-nun mətbuat xidmətinin rəhbəri Mansur İbrahimli məsələyə aydınlıq gətirərkən bildirdi ki, dünən bu münasibətlə təşkil edilmiş təqdimatda BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tələbələrə “Yüksək öyrənmə nəticələrinə” görə təşəkkürnamələri təqdim edərkən, qeyd edilən layihənin məqsədinin məzunların əmək bazarının dinamik dəyişən tələbləri fonunda məzunların çevikliyinin dəstəklənməsi məqsədi daşıdığını bildirib. Rektor əvəzi bildirib ki, müasir bilik cəmiyyəti dövründə ali təhsil müəssisələri fəaliyyətini daha çevik qurmaqla, təhsilalanların iş yerində səriştələrinin artırılması və ömürboyu öyrənmə imkanlarını təmin etməlidir. Anar Nağıyev məzunların ali təhsil müəssisəsinin inkişafındakı vacib rolunu qeyd edərək, gələcəkdə bu istiqamətdə davamlı fəaliyyətin planlaşdırıldığını vurğulayıb və bütün məzunları BSU-da təlim və tədris prosesinin təşkilində daha yaxından iştirak etməyə dəvət edib. Öz gələcək planlarından danışan məzunlar bu imkanın onların peşəkar inkişafı üçün əlavə stimul yaratdığını vurğulayıblar. Qeyd olunmalıdır ki, “Yüksək öyrənmə nəticələrinə” görə təşəkkürnamə ilə 2020-2021-ci tədris ili üzrə BSU-nun tələbələri Suğra Babayeva, Sevda İbrahimova, Nəriman Namazov, Əfşan Ayaz, Ramal Nuruyev, Aydan Məmmədova, Günel Hüseynova və Sənan Bəhramzadə təltif ediliblər.
Güman edirik ki, BSU rəhbərliyinin bu addımı tələbələrin daha yaxşı oxuması və biliklərə yiyələnməsində bir təkan, stimul olacaq. M.İbrahimli onu da bildirdi ki, bu ənənə gələcəkdə yeni tətbiqlə davam etdiriləcək.
JASMİN