Artıq bir müddətdir ki, Azərbaycanda COVİD-19-a
yoluxma halında artım müşahidə edilməyə başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın 21 iyul tarixinə olan məlumatına görə isə Respublika üzrə koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb. Xəstəliyə yoluxanların 4 nəfəri vəfat edib, aktiv xəstə sayı 2527 nəfərə çatıb.
Əlbəttə, heç də ürəkaçan fakt deyil, nəzərə alsaq ki, 20 gün əvvəl həm yoluxma sayı son dərəcə azalmışdı, həm də aktiv xəstə sayı xeyli az idi.
Elə Baş Nazir Əli Əsədov da Operativ Qərargahın bu gün keçirilən geniş tərkibli respublika müşavirəsində bildirib ki, ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.
Nazir qeyd edib ki, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.
Baş nazirin son açıqlamasından belə məlum olur ki, toy şənliklərinin təşkilindəki qanunsuz hallar infeksiyanın daha da artmasına rəvac verib.
Yəqin ki, el şənliklərinin keçirilməsi ilə bağlı icazə verilənədək bu qaydalar barədə uzun-uzadı məsləhətləşmələr və müzakirələr aparılmışdır. Şənliklərin keçirilməsinə icazə verilən müddət yay vaxtına təsadüf etdiyi üçün bu tədbirlərin açıq hava şəraitində daha çox sayda qonaqlarla keçirilməsinə icazə verilsəydi, toy sahibləri də açıq havada belə tədbirlərin təşkilində daha maraqlı olardılar. Əlbəttə ki, küləkli Bakımızda bu cür tədbirləri təşkil edən şadlıq evləri və restoranlar da masaları, tədbir iştirakçılarını baş verə biləcək təbiət hadisələrindən – qəfil yağışdan və küləkdən qorumaq üçün hansısa xüsusi arakəsmələrdən, örtüklərdən istifadə etsəydilər və bu 2 ildən bəri dayandırılmış “açılma”ya daha hazırlıqlı olsaydılar bu, daha cəlbedici və qorxusuz olardı. Hansı ki, onlar daha çox toy sifarişçilərinin “belini qırmaq” metodları üzərində baş sındırdılar...
Ziyafət salonlarından dəfələrlə böyük sahəsi olan və açıq hava konsertləri təşkil edən restoranların, məkanların sayı isə kifayət qədər idi. Hətta dövlət səviyyəsində belə məkanların sahiblərinə vətəndaşların indiki real vəziyyətə - ciblərinə uyğun qiymətə şənliklər keçirmələrinə şərait yaratmaları barədə tövsiyə və tələblər verilə bilərdi. Hansı ki, hazırda bu məkanların vəziyyətdən necə sui-istifadə edərək vətəndaşların ciblərini soyduqlarını hamı bilir...
***
Qeyd edək ki, koronavirus infeksiyasının yayılma sürətinə görə qonşu Gürcüstanda vəziyyət kritik həddə çatıb. Artıq Gürcüstan “qırmızı zona”ya daxil olub.
Gürcüstan Respublikası Xəstəliklərə Nəzarət Milli Mərkəzin rəhbəri Amiran Qamqrelidze də son vəziyyətlə bağlı açıqlama verib. Onun sözlərinə görə, epidemiya vəziyyəti daha da pisləşərsə onda daha sərt məhdudiyyətlərə dair tövsiyələr veriləcək. Lakin Xəstəliklərə Nəzarət Milli Mərkəzi, məhdudiyyətlərin geri qaytarılması üçün Koordinasiya Şurasına müraciət etsə də, Koordinasiya Şurası bu məsələni müzakirəyə çıxarmayıb...
Qeyd edək ki, məlumata görə, Gürcüstanda bu günə olan yoluxma sayı 2616 nəfərədək yüksəlib. Dünən isə yoluxma sayı 848 nəfər idi. Göründüyü kimi, yoluxma sayı ölkədə günbəgün artır.
***
Görünən odur ki, artıq həyəcan təbili çalınıb. Evlənmək istəyən, illərdən bəri nişanlı qalan, yaşı ötmüş subayların sayı isə çoxdur. Şadlıq evləri avqust ayı üçün də toy sifarişləri qəbul edirlər. Vətəndaşlar isə yenidən qapanmaya gedilərək toylara qadağa qoyulacağı barədə əndişədədir.
Görəsən, toylara qoyula biləcək qadağa bizi bu virusdan qoruya biləcəkmi?.. Bəlkə bu dəfə daha düzgün yol düşünək.
JASMİN