Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, sabiq millət vəkili Əliməmməd Nuriyev də Xaçmazın polisdöyən deputatının hərəkətini kəskin tənqid edib. Ə.Nuriyev əməkdaşımıza bunları söyləyib:
- Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi haqlı olaraq cəmiyyətdə hiddət doğurub. Keçmiş millət vəkili kimi bu əməli qəti şəkildə pisləyir və qınayıram. Polisin xidməti vəzifələrinin yerinə yetirməsinə mane olmaq, polis əməkdaşlarını təhqir və təhdid etmək yolverilməzdir. Bu hərəkətləri deputatın etməsi isə ikiqat qəbahətdir və deputat statusuna uyğun olmayan bir əməldir. Bu cür hərəkətər yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir. Əminəm ki, Milli Məclis rəhbərliyi bu hadisə ilə bağlı müvafiq addımlar atacaqdır. Polis orqanları və polis əməkdaşları COVİD-19 pandemiyası ilə mübarizədə ön sırada dayanırlar. Xüsusi karantin rejimi qaydalarına, bu qaydalarla müəyyənləşən qadağanlara əməl olunmasına nəzarəti həyata keçirən polis çox çətin, gərgin şəraitdə işləyir. İctimai nüfuza, statusa malik şəxslər COVİD-19 pandemiyasının doğurduğu yeni çağırışlara sdkevat cavab verilməsi, çətinliklərin birgə səylərlə aradan qaldırılması, polislə vətəndaşlar, əhali arasında səmərəli kommmunikasiya, etimadlı münasibətlərin yaranmasına öz töhfələrini verməlidirlər. Öz müsbət davranış və nümunələri ilə örnək olmalıdırlar. Onların ictimai rəyə təsir etmək imkanları, ictimai və rəsmi statusları onlar üçün əlavə məsuliyyət yaradır. Bu çətin, mürəkkəb şəraitdə polisin cəmiyyətin dəstəyinə hər zamankından çox ehtiyacı var. Eyni zamanda hazırda hər birimizin sağlamlığı, hüzuru xeyli dərəcədə polisin səmərəli işindən asılıdır. Bu zərurəti dərk etməklə hər birimiz məsuliyyətli davranmalıyıq və əhalinin sağlamlığının, ictimai asayişin qorunması məsələsində cavabdehliyimiz barədə düşünməliyik.
A.Məmmədli