Xəbər verildiyi kimi, noyabrın 28-də Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır.
Filologiya elmləri doktoru, professor Raqub Kərimov Tezadlar.az-a açıqlamasında Xankəndində Qarabağ Universitetinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib:
"Xankəndində Qarabağ Universitetinin yaradılması günün ən aktual məsələlərindən biridir. İndiki şəraitdə Xankəndində belə bir universitetin fəaliyyətinə çox böyük ehtiyac var. Sərəncamda Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək tapşırılıb. Universitetin fəaliyyəti ilə bağlı mənim subyektiv fikrim budur ki, fakültə və ixtisaslar müəyyən edildikdən sonra Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrə müraciət edilsin. Tələbələrə təklif olunsun ki, kim öz arzusu ilə Qarabağ Universitetində təhsilini davam etdirmək istəyirsə, Elm və Təhsil Nazirliyinə müraciət etsin. Əgər belə olarsa, ali məktəblərdə qış tətili bitdikdən dərhal sonra – fevral ayında Qarabağ Universitetində dərslər başlaya bilər. Çünki hazırkı dövr uçün Qarabağ Universitetinin fəaliyyətə başlaması, gənclərimizin orada təhsilə cəlb edilməsi, o cümlədən, Xankəndi sakini olan azərbaycanlıların geri qayıtması çox mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu qərar həm böyük qələbəmizin daha da möhkəmləndirilməsi, həm də regionlarda, xüsusilə azad edilmiş ərazilərimizdə təhsilimizin inkişafı üçün vacib amillərdən biridir. Uzun illər təhsil sahəsində, auditoriyada çalışan bir müəllim kimi deyə bilərəm ki, Qarabağ Universiteti Azərbaycanın xüsusi təhsil göstəricilərinə tam cavab verəcək ən böyük ali təhsil müəssisəsi olacaq. Çünki Xankəndində ali təhsil ənənəsi tarixən mövcud olub. Orada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılıb, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib.
Yeri gəlmişkən onu da qeyd edim ki, vaxtilə mənimlə birlikdə Xankəndindəki universitetdə dərs demiş, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında çalışan, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, eləcə də fizika-riyaziyyat elmləri doktoru, professor Həmdulla Aslanov Xankəndinə yenidən dönməyi və orada çalışmağı səbrsizliklə gözləyirik".
Elbar ŞİRİNOV