Azərbaycanda toy edənlərin icazə alma qaydası açıqlanıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı bildirib ki, şənliklərin keçirilməsi icaze.e-gov.az saytı vasitəsilə təmin olunacaq.
Onun sözlərinə görə, sahibkar (möhür səlahiyyətli şəxs tərəfindən) asan imza və ya elektron imza vasitəsi ilə sistemə daxil olunur: "Növbəti mərhələdə isə sahibkar tərəfindən əməkdaşların icazələri daxil olunur. Əməkdaş əmək müqaviləsi ilə çalışdıqda FİN nömrəsi, vəzifəsi və icazənin başlama, bitmə vaxtı qeyd olunur. Xidməti müqavilə ilə çalışan əməkdaşlarda isə onun VÖEN və FİN nömrələri qeydiyyata alınır. Tədbirin başlanmasına 5 gün qalmış sahibkarlar tərəfindən tədbir haqqında məlumatlar sayta daxil edilir. Tədbirin keçirildiyi obyekt, zalın adı seçilir. Tədbirin başlanma və bitmə saatı, qonaqların sayı Nazirlər Kabinetinin müvafiq qərarında göstərilmiş məkan sahibi ilə toy sahibi arasında olan iltizam sənədinin imzalanmış skan versiyası sistemə daxil edilir və yaddaşda saxlanılır".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.