Paytaxtın Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin əmanət qoyduğu yüzlərlə qiymətli ağacların hasarlanmasına Bakı şəhər İcra Hakimiyyəti başçısının göz yumması başa düşülən deyil...
“Təzadlar”ın ötən sayında Bakının Nizami rayonunun Şərifli-25 ünvanında yüzlərlə qiymətli şam, küknar, Eldar şamı və Sərv ağaclarının bir qrup pullu şəxslər tərəfindən dəmir hasara alınması və s. barədə yazmışdıq. Dəfələrlədir bu küçədə yaşayan sakinlər Ulu Öndər Heydər Əliyevin xüsusi göstərişi ilə ötən əsrin 60-70-ci illərində salınmış böyük yaşıllıq ərazinin ayrı-ayrı şəxslər tərəfindən hasarlanıb ağacların məhv edilməsi barədə aidiyyəti ünvanlara yazıblar. Amma onların haqq səsi və ağacların naləsi eşidilməyib...
Hansı ki, Şərifli-25 ünvanı Bakının Nizami rayon İcra Hakimiyyətinin təxminən 300 metrliyindədir. Yəni, ən azı Bakı şəhər İH-nin başçısı Eldar Əzizovun iki ay əvvəl aparat rəhbəri olmuş, sonra özünün təqdimatı və xeyir-duası ilə təyin etdirdiyi Nizami RİH başçısı Coşqun Cəbrayılov kabinetindən boylansa, yüzlərlə qiymətli ağacların necə hasara alınmasından xəbər tuta bilər. Hansı ki, Coşqun Cəbrayılov artıq bu qanunsuz əməldən xəbərdardır.
***
Ötən yazıda baş verən özbaşınalıqların sübutu kimi, öz adımdan Bakı şəhəri, İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova ünvanlı müraciətim də var idi. Yazıda təqdim etdiyim rəsmi sənədlər barədə qısa olaraq bilgi verib keçirəm mətləbə. 1990-cı illərdən bu ərazidə mənim də bağ sahəm var idi. 2005-ci ildə Milli Mətbuat günündə istifadəmdə olan həmin bağ sahəsinin taleyi barədə cənab Prezident İlham Əliyevə şəxsən məktub təqdim etdim. Prezidentin göstərişi ilə ətrafı imkanlı şəxslərin villaları ilə əhatələnmiş həmin bağ sahəsinin mənim adıma sənədləşdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verildi. Bakı şəhər İH-nin müavini Rauf Pənahovun imzası ilə 05 sentyabr 2005-ci il tarixli, №-7-319-1 saylı (sonrakı illərdə də eyni məzmunda rəsmi blankda yazılmış məktublar var) məktub ortadadır. Yazılır ki, orada Səhiyyə Nazirliyi üçün Xəstəxana tikiləcək.
Pulluların acgözlüyünün sərhədi yox imiş...
İndi görün həmin ərazini saxta, qanunsuz sənədlərlə necə ələ keçirmək istəyirlər: rəsmi informasiya sorğum əsasında Nizami rayon İH başçısının 1-ci müavini Qərib Məmmədovun 1 may 2020-ci il tarixli, 11-13 327 saylı, həmçinin 07 may 2020-ci il tarixli cavab məktublarından həmin ərazini zəbt edən şəxslərin kimliyi aydınlaşdırıldı. Bu yaxınlarda isə Ekologiya Nazirliyindən və İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən oxşar məzmunlu cavab məktubları aldım (surətlərini təqdim edirəm). Nizami RİH-nin cavab məktubunda deyilir: “Rəsmi İnformasiya sorğunuzla əlaqədar nəzərinizə çatdırırıq ki, sözügedən ərazi müxtəlif vətəndaşların şəxsi mülkiyyətində və istifadəsindədir. Bunlardan:
- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.10.2006-cı il tarixli, MH seriyalı 0025600 №-li Çıxarış, mülkiyyətçi - Abbasov Rəcəb Bağır oğlu,
- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18.09.2009-cu il tarixli, MH seriyalı 0210631 №-li Çıxarış, mülkiyyətçi - Hüseynov Namiq Nəcəf oğlu,
- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08.06.2010-cu il tarixli, MA seriyalı 0075720 №-li Çıxarış, istifadəçi - Bayramov Valeh Seyfəddin oğlu.
Sözügedən ərazinin bir hissəsində də ticarət, məişət və iaşə xidməti obyektinin tikintisi üçün “R və S” MMC tərəfindən tərtib olunmuş eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.11.2008-ci il tarixli 18/03-8/6510 №-li məktubu ilə razılaşdırılmışdır”.
(Həmin rəsmi cavab məktublarının surəti əlavə edilir).
Tarixlərə diqqət edin:
1.Bakı şəhər İH-nin müavini Rauf Pənahovun 05 sentyabr 2005-ci il tarixli, №-7-319-1 saylı (sonrakı illərdə də eyni məzmunda rəsmi blankda yazılmış məktublar var) məktubunda yazılır ki, guya orada (4 sot ərazidə) Səhiyyə Nazirliyi üçün Xəstəxana tikiləcək.
2.Bu isə Əmlak Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Abbasov Rəcəb Bağır oğluna verilmiş 26.10.2006-cı il tarixli, MH seriyalı 0025600 №-li mülkiyyətçi olduğunu təsdiqləyən Çıxarış! Yəni, o, artıq oradakı yolkaları, ətrafdakı torpaq sahəsini özəlləşdirib!
Tarixlərə fikir verin: 05 sentyabr 2005-ci il və 26 oktyabr 2006-cı il!
Bakı ŞİH-nin müavini Rauf Pənahov mənə 05 sentyabr 2005-ci il tarixdə rəsmi cavab yazır ki, burada xəstəxana tikiləcək, həmin Rauf Pənahovun meri Hacıbala Abutalov isə bir ay sonra Sərəncam verərək Abbasov Rəcəb Bağır oğlunun həmin ərazini 26 oktyabr 2006-cı il tarixli “Kupça” ilə özəlləşdirməsinə şərait yaradır!
Yəni bu dərəcədə özbaşınalıq olarmı??? Hansı ki, R.Pənahov öz məktubunda yazır və təsdiqləyir ki, bu ərazi 90-cı illərdən mənim istifadəmdə olub... Və məndə fotoşəkillər var ki, 1991, 1992, 1993, 1994 və sonrakı illərdə də, ta 2019-cu ilədək, mən həmin ərazidə həmin meşəliyi sulayıram, ağaclara qulluq edirəm və s.
Abbasov Rəcəb Bağır oğlu 2006-cı ildən “özəlləşdirdiyi” torpaq sahəsindən niyə son günlərədək istifadə etməyib?
Rəsmi sənədlərdən görünür ki, guya Abbasov Rəcəb Bağır oğlu (digərləri də guya sonrakı illərdə) mənim istifadə etdiyim torpaq sahəsini guya 2006-cı ildən “özəlləşdirib”. Sual olunur: Necə ola bilər ki, mən son günlərədək (mənzil tikintisi ilə məşğul olan) Abbasov Rəcəb Bağır oğluna məxsus guya özəlləşdirilmiş torpaq sahəsində əkin-biçinlə, ağac sulamaqla və s. məşğul oluram, o isə ötən 13-14 il ərzində bir dəfə də olsun orada görünmür və hətta mənə demirlər ki, burada nə iş tutursan???
İndiki reallıqda bu ağla batandırmı? Əlbəttə ki, yox! Amma məmurlar pulun gücünə bu gün 20 il keçmişə Sərəncam verir, Özəlləşdirmə Çıxarışı paylayır və s.
***
Oxucuda belə təsəvvür yaranmasın ki, mən şəxsi mənafeyimə aid məsələni ictimailəşdirirəm və deməli, bunda maraqlıyam. Əsla! Mən həmin torpaq sahəsinə iddialı da olmaya bilərəm. Amma burda söhbət Prezident İlham Əliyevin göstərişlərinə yalan rəsmi məktubu ilə cavab verən Rauf Pənahovdan (4 il əvvəl Şahdağda istirahət edərkən ölüb), mənzil tikintisi ilə məşğul olan iş adamı Abbasov Rəcəb Bağır oğlunun bilə-bilə özgəsinin istifadəsində olan torpaq sahəsinə qanunsuz yolla 2006-cı ildən özəlləşdirmə sənədi ala bilmə risqindən... və ona bu sənədləri verən digər rəsmi şəxslərin vicdansızlığından gedir!
Nəhayət, Bakı şəhər İH başçısı Hacıbala Abutalubov hansı məsuliyyət hissi ilə 2005-ci ildə burada xəstəxana tikiləcəyini yazır, Prezidentə də bu məzmunda cavab göndərir, 1 ildən sonra isə oradının göydələn tikməklə məşğul olan (yaxın qohumunun PA-da işlədiyi barədə məlumat almışam) Abbasov Rəcəb Bağır oğluna verilməsi barədə Sərəncam imzalayır! Yəni, bu qədərmi insanlığı, adamlığı itiriblər?!
Odur ki, hörmətli oxucu da bilsin ki, burada söhbət mənə məxsus torpaq sahəsinin ələ keçirilməsindən yox, məmurlarımızın ölkə rəhbərini, üzr istəyirəm, vicdan hissini və məsuliyyəti itirib necə aldatmasından gedir. Amma yox, məsələ Prezidentə qədər çatdırılacaq, yazılacaq, məhkəmədə mübahisələndiriləcək və bu işdə saxtakarlıq edənlərin iç üzü açılacaq!
Asif MƏRZİLİ,
Avropa Mətbuat Federasiyasının üzvü