Sabiq deputat Gülər Mikayılqızı Azərbaycanda insanların ağlını müalicə edən xəstəxanaların tikintisini təklif edir. Sabiq deputat əməkdaşımıza deyib:
-…Tam ciddi və məsuliyyətlə bildirirəm ki, bizə həbsxana yox, ağıl xəstəxanaları tikmək lazımdır. Əgər bu əqli xəstələrin ailəsi onları himayəyə götürəcəksə, bütün hüquqi və maddi məsuliyyətinə görə cavab verməlidir. Əgər ailə imtina edəcəksə, əqli xəstələr daima nəzarətdə olmalıdır. Son bir neçə ilin müşahidəsinə əsasən deməliyəm ki, Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının, Elgizin… verilişində iştirak edənlərin böyük əksəriyyəti, nəsə qələt qarışdırıb üzr videosu çəkənlərin təxminən 90 faizi, yumşaq dildə desək, psixoloji yardıma ehtiyacı olan şəxslərdir.
Bu şəxslərin arasında özünə fenomen deyib külli miqdarda pul qazana bilmiş xeyli şəxs də var.
Eyni zamanda, açıq-aşkar psixi xəstəlik diaqnozu olan şəxslər efirlər vasitəsi ilə "yaradıcı şəxs", "feminist", "cinsi azliq", "azadlıq uğrunda mübariz" şəxs kimi xalqa sırınır. Lakin tamaşaçılar o qədər zombiləsib ki, heç kimin ağlına gəlmir soruşsun ki, bu adam yaradıcı şəxs olaraq nə yaradıb, fenomen olaraq hansı bacarıqlara malikdir??? Biz psixoloq və psixiatrlar konkret şizofreniyanın yüngül və ağır halları ilə əziyyət çəkən xeyli sayda insanı hər gün efirlərdə görürük… Bu insanlara tibbi yardım göstərmək lazımdır. Uzunmüddətli terapiya kurslarına ehtiyacları var. Lakin mövcud vəziyyət çox acınacaqlıdır. Bu da Azərbaycanda psixologiya və psixiatriyanın çox aşağı səviyyədə olduğunun göstəricidir.
Təklifim bundan ibarətdir ki, irsi keçə bilən əqli, psixi problemi olan şəxslərlə bağlı preventiv tədbirlər, qanun lahiyələri hazırlansın.
P.S. Artıq demokratiya adı altında xeyli psixi xəstə xalqa müəllimlik edir, ekranlardan həyat dərsləri verir. Şübhəsizdir ki, belə olan halda cəmiyyət iflas edir, ailə institutu dağılır, xəstəxanaya yerləşdirilib müalicə alması gərəkən şəxslər kiçik və böyük qrup insanları idarə etmək iddiası ilə yaşayır ( Hətta bəzən" idarə edir").
Təqdim etdi: A.Məmmədli