Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova rəqqasə İqor Zelenski ilə görüşmək üçün Gulfstream G650 və Bombardier biznes təyyarələrindən istifadə edib.
2016-2020-ci illərdə Vladimir Putinin Təhlükəsizlik Xidmətinin mühafizəçiləri prezidentin qızı Katerina Tixonovanı rəqqasə İqor Zelenski ilə görüşlərdə Münhenə müşayiət ediblər.
“Vacib Hekayələr” və Der Spiegel birgə araşdırmada bu barədə yazır.
Beş il ərzində təhlükəsizlik işçiləri Tixonovanı qorumaq üçün demək olar ki, 100 dəfə otel sifariş ediblər: Almaniyada, həmçinin Rusiya, Avstriya və İtaliyada 40 dəfədən çox. Onlar 9-12 nəfərlik qruplarda Putinin qızını müşayiət ediblər.
Tixonova ildə on dəfələrlə xaricə səfər edib. Jurnalistlərin hesablamalarına görə, səfərlərdən biri Rusiya büdcəsinə təxminən iki milyon rubla başa gəlib.
“Putinin qızı Zelenski ilə görüşmək üçün Gulfstream G650 və Bombardier biznes təyyarələrindən də istifadə edib. Eyni biznes-jetlərin bir saatlıq kirayəsinin qiyməti təxminən 7-10 min avro təşkil edir. Beləliklə, Münhenə və geriyə bir uçuş təxminən 40 min avroya başa gələ bilər.
Eyni zamanda, Rusiyada prezidentin ailə üzvləri yalnız onunla birlikdə yaşadıqları və ya səfərlərdə müşayiət etdikləri halda, dövlət himayəsindən istifadə etmək hüququna malikdirlər”, - “Vacib Hekayələr”də qeyd olunur.
Mənbələr Der Spiegel-ə bildiriblər ki, Tixonova və onun mühafizəçilərinin tez-tez səfərləri Almaniya xüsusi xidmət orqanlarının diqqətini cəlb edib və onlar prezidentin qızına və SBP-yə nəzarət etməyə başlayıblar.
Xatırladaq ki, İqor Zelenski altı il Bavariya baletinə rəhbərlik edib. May ayında jurnalistlər rəqqasənin Putinin qızı Tixonova ilə münasibətdə olduğunu, cütlüyün ortaq bir qızı olduğunu öyrəndilər. Zelenski bu ilin aprelində vəzifəsini tərk edərək, gedişini “ailə şəraiti” ilə izah edib.
E.ŞİRİNOV