Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi Belqorod vilayətində yük qatarı vaqonunun relsdən çıxmasından sonra törədilən terror aktı ilə bağlı cinayət işi açıb.
Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulmuş cinayət (külli miqdarda maddi ziyanla nəticələnən terror aktı) əsasında başlanıb.
Hadisənin baş vermə şəraitinin və hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində kompleks istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bundan əvvəl Belqorod vilayətində Volokonovka-Novıy Oskol hissəsində yük qatarının relsdən çıxdığı məlum olub. Hadisə sentyabrın 10-da yerli vaxtla saat 23.17-də baş verib.
Hadisənin ilkin səbəbi kimi dəmir yolu nəqliyyatının işinə müdaxilə göstərilir.
Regionun qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, lokomotiv və bir neçə vaqon relsdən çıxıb. Ölən və yaralananlar olmayıb.
E.ŞİRİNOV