Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Givi Tarqamadzeyə sui-qəsdlə bağlı işdə əli olduğunu açıqlayıb.
Sentyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları qiyabi məhkum olunmuş və 2016-cı ildə Tarqamadzeyə sui-qəsdin təşkilinə görə axtarışda olan David Xeçuaşvilini saxlayıblar. Sentyabrın 19-da Xeçuaşvili Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçib və sərhədçilər tərəfindən saxlanılıb.
Tezadlar.az xəbər verir ki, Gürcüstan prokurorluğunun brifinqdə verdiyi məlumata görə, məhbusun ifadəsinə əsasən, 2016-cı ildə o, o vaxt Ukraynada yaşayan Saakaşvilidən ona göstəriş verən Şota Çiçiaşvili ilə görüşüb.
“Görüşdə Şota Çiçiaşvili məhkuma bildirib ki, bu yaxınlarda Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Gia Lortkipanidze ilə birlikdə Ukraynada Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb, Saakaşvili görüşdə deyib ki, o, partiya üzvü Givi Tarqamadzeyə etibar etməyib, çünki onun məlumatına görə, Tarqamadze 2016-cı il parlament seçkilərindən əvvəl o vaxtkı Gürcüstan hökuməti ilə əməkdaşlıq edib və buna əsaslanaraq Saakaşvili Çiçiaşviliyə Givi Tarqamadzeyə nəzarəti həvalə edib”, - prokuror ofisinin açıqlamasında deyilir.
E.ŞİRİNOV