İsrailin Qəzza zolağında xəstəxanaya endirdiyi zərbə nəticəsində azı 4 fələstinli ölüb, 40 nəfər yaralanıb.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Əl-Əqsa xəstəxanasının ərazisindəki qaçqın çadır düşərgəsi döyüş təyyarələrinin hədəfi atəşinə tutulub. İsrail kəşfiyyatının məlumatına görə, onun daxilində HƏMAS-ın komanda mərkəzi olub.
Eyni zamanda, “Əl-Cəzirə” telekanalı bütün qurbanların və yaralananların bombardmandan gizlənməyə çalışan mülki şəxslər olduğunu bildirib. Hücumdan sonra düşərgədə güclü yanğın başlayıb və partlayışlar baş verib.
“The New York Times” yazır ki, Qəzzada dinc əhali arasında itkilər təsadüfi deyil. Qəzet anklavda işləyən onlarla həkim və tibb bacısının dedikləri əsasında şok məqalə dərc edib. Hamısı deyir ki, Qəzza xəstəxanalarına ürək və başından tək güllə yarası ilə çoxlu uşaq yerləşdirilir. Onların əksəriyyəti ya bu anda ölüb, ya da tezliklə öləcək. Yəni, həkimlərin fikrincə, söhbət İsrail hərbçiləri tərəfindən mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsindən gedir.
Bundan əvvəl İsrailin Qəzza zolağında məktəbə hücumu zamanı azı 22 nəfərin öldüyü bildirilirdi.
E.ŞİRİNOV