Penza şəhərinin Oktyabrski rayon məhkəməsi Penza vilayətinin keçmiş qubernatoru İvan Belozertsevə məxsus ümumi dəyəri təxminən 9,6 milyon rubl olan 18 qol saatını Rusiya dövlətinə
verib.
Tezadlar.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərində deyilir.
"Ümumi dəyəri 9 milyon 602 min 220 rubl olan 18 qol saatı Rusiya Federasiyasının gəlirinə çevrilsin", - sənədlərdə deyilir.
Keçmiş qubernatordan müsadirə edilən saatlar arasında birinin qiyməti 4,5 milyon, digərinin qiyməti isə təxminən 2,5 milyon rubl olan iki “Rolex” məhsulu var. Məhkəmə Penza vilayətinin keçmiş rəhbərinin dörd gümüş külçəsini və külli miqdarda zinət əşyalarını da Rusiya dövlətinə verib.
Məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını təmin etdikdən sonra bu əmlak Rusiya Federasiyasının xeyrinə təhvil verilib. Nəzarət orqanı qərara gəlib ki, bu əşyalar Belozertsev tərəfindən cinayət yolu ilə əldə edilən gəlirlə alınıb.
Əvvəllər məhkəmə icraçıları Belozertsevə qarşı ondan 8,4 milyard rubldan çox pulun qaytarılması üçün 10 icra işi açıblar.
2024-cü il yanvarın 25-də Moskvanın İzmailovski Məhkəməsi Belozertsev və keçmiş senator Boris Şpigeli rüşvət almaqda və verməkdə ittiham edərək müvafiq olaraq 12 və 11 il müddətinə azadlıqdan məhrum edib. Həmçinin müttəhimlərin hər birinə 450 milyon rubldan çox cərimə kəsilib və onlar dövlət mükafatlarından məhrum ediliblər. Bundan əlavə, Belozertsevə 10 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq qadağan edilib. Daha sonra Şpigel səhhətinə görə koloniyada cəza çəkməkdən azad edilib.
E.ŞİRİNOV