...Avropa İttifaqı (Aİ) birliyin 27 ölkəsi liderlərinin cümə axşamı keçirəcəyi sammitində müzakirə edəcəkləri "Ukraynaya qarşı təcavüz halında"
Rusiya ilə bağlı qəti və vahid mövqe hazırlayıb. "Ria Novosti" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitinin yekunlarına dair mətbuat konfransında deyib. “Ukrayna və onun ətrafında baş verən hadisələrin inkişafına, Rusiyanın hərbiləşdirilməsinə gəlincə, biz çox qəti və vahid mövqe hazırlamışıq ki, bu da sabah (bu gün-red) sammitdə müzakirə olunacaq”, - deyə qeyd olunub. Avropa Şurasının rəhbəri vurğulayıb ki, zərurət yaranarsa, Aİ Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır. Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen də öz növbəsində bildirib ki, Aİ-Şərq Tərəfdaşlığı sammitinin bütün iştirakçıları Rusiyanı Ukrayna ilə sərhəddə gərginliyi azaltmağa çağırıblar: "Biz Ukrayna sərhədində eskalasiya ilə bağlı narahatlığı bölüşürük. Biz Rusiyanı gərginliyi azaltmağa və hər hansı təcavüzkar hərəkətlərdən çəkinməyə çağırırıq", - deyə bildirib. Eyni zamanda, Mişel və fon der Leyen bir daha bəyan ediblər ki, “Rusiya Ukraynaya qarşı hücuma görə çox yüksək bədəl ödəməli olacaq”. “Bizim ilk çağırışımız gərginliyi azaltmaqdır. Ümid edirik ki, təcavüz olmayacaq. Amma biz başqa ssenariyə də hazır olmalıyıq. Bizim siqnalımız çox aydındır: bunun bədəli çox yüksək və nəticələri çox ağır olacaq”, - deyə AK rəhbəri bildirib.
A.Məmmədli