Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bir müddət əvvəl şəhərin mərkəzində yerləşən və vətəndaş Teyyubov Rüstəm İsrafil oğluna məxsus 400 kv-metrlik qeyri-yaşayış təyinatlı torpaq sahəsinin əsassız sərəncamla başqasına satması barədə məlumat vermişdik.
Daxil olan yeni məlumata görə, hazırda həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti başçısının şəxsi maraqları sayəsində tikinti və arxitektura normaları əlində heç bir icazə sənədi olmayan şəxs və ya şəxslər tərəfindən qəsdən pozulur.
Redaksiyamıza göndərilən şikayətdən və rəsmi sənədlərdən aydın olur ki, hazırda Şirvan İnzibati Məhkəməsində Teyyubov Rüstəm İsrafil oğlunun Yardımlı İHB-nin 02.11.2021-ci il tarixli, 74 nömrəli sərəncamının ləğvinə dair iddiası (İŞ: 2-1(120)-1925/2021) icraatdadır. Eləcə də Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək mübahisələndirilən torpaq sahəsində aparılan bütün növ tikinti-söküntü, qazma işlərinin təcili dayandırılması qət edilib. Lakin qərardadın icrasına cavabdeh olan Yardımlı İcra və probasiya şöbəsi qərardadı icra etmir və işin mahiyyətindən müxtəlif bəhanə ilə yayınmağa çalışır.
Yardımlı rayon İcra və probasiya şöbəsinin rəisi Vasif Novruzov əvvəlcə məsələyə özünəməxsus şəkildə izah verməyə, tikinti işlərinin durdurulmasının mümkünsüzlüyünə diqqət ayırmağa çalışıb. Qərardadda tikintinin dayandırılmasına cavabdeh kimi RİH-nin göstərildiyini, ona görə də tikinti işi aparanlara qarşı dayandırılma tədbiri görə bilmədiklərini bildirib. Qısa müddət sonra isə tikinti işlərinin dayandırıldığını, bütün maraqlı tərəflərə hüquq və vəzifələrinin izah edildiyini qeyd edib.
Lakin dəqiqləşdirmələrdən sonra müəyyən edilib ki, tikinti işi dayandırılmayıb, əksinə, hazırda obyektin ikinci mərtəbəsinin tikintisi daha da sürətləndirilib.
Onu da xatırladaq ki, Ayaz Əsgərov 2 noyabr 2021-ci il tarixli sərəncamı ilə sabiq icra başçısının imzaladığı 4 iyul 2014-cü il tarixli sərəncamın ləğvinə cəhd edib. Rayon sakinlərinin və şikayətçinin iddiasına görə, icra başçısı sahibkarlıq məqsədi daşıyan torpaq sahəsini mülkiyyət sahibi Teyyubov Rüstəm İsrafil oğlunun əlindən alaraq başqasına satıb. Torpaq sahəsi hazırda kiminsə adına deyil və icra başçısı özbaşınalığı ört-bas etmək üçün şəhid ailəsinin atasının adından və nüfuzundan istifadə edir.
Əslində şəhid ailəsinə pulsuz torpaq verməli olan icra başçısının bir başqasını incidib məhz mübahisəli yeri şəhid ailəsinə rəva görməsi heç də düzgün deyil. Şəhidlərimizə sayğımız sonsuzdur, lakin bu hal heç kimə heç bir mənəvi bəraət qazandırmır.
E.ŞİRİNOV