"YAŞAT FONDU MÜALİCƏMƏ 180000 MANAT PUL XƏRCLƏYİB, LAKİN..."
Yevlax Təhsil Şöbəsi Qazi qardaşının müalicəsi ilə bağlı Türkiyəyə gedən şagirdin attestatını vermir
Qazi Yusif Ağaməmmədov Füzuli oğlu bildirir ki, Türkiyədə müalicə olunduğu vaxtlarda ona qardaşı Ağaməmmədli Səyyad Füzuli oğlu qulluq edib. Nəticədə, həmin ərəfələrdə 11-ci sinifdə təhsil alan qardaşı attestat ala bilməyib.
Qarabağ qazisi Yevlax rayon Təhsil Şöbəsi ilə dəfələrlə əlaqə saxlayaraq qardaşının attestatının bərpa edilməsini və qardaşının dərsdə olmamasının ona qulluq etməsi ilə bağlı olmasını əsas gətirsə də, müraciəti cavabsız qalıb: "Füzuli, Cəbrayıl, Hadrut və Xocavənddə döyüşlərdə iştirak etmişəm. "Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasın görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişəm.
Qardaşım Ağaməmmədli Səyyad Füzuli oğlu Türkiyədə müalicə olunduğum ərəfədə mənə qulluq edib. Həmin vaxtı 11-ci sinifdə oxuyurdu. Bu baxımdan, imtahana gedə bilməyib. Nəticədə, imtahandan kəsilib. Əslində imtahandan kəsilən şagird təkrar eyni sinifi oxumalıdır. Lakin hərbi xidmətə göndərilir. Mən isə Təhsil Şöbəsi ilə danışanda dedim ki, əgər hərbi xidmətə göndərilirsə, attestatını da verin. Lakin Yevlaxın Təhsil Şöbəsindən attestatı verə bilməyəcəklərini deyirlər".
Yusif Ağamməmədovun digər problemi sağlamlığı ilə bağlıdır. Yaşat Fondu onun müalicəsinə 180000 manat xərcləməsinə baxmayaraq, bu, onun sağlamlığında heç bir müsbət dönüş nöqtəsi olmayıb. Qazi əməliyyatının İsraildə mümkün olduğunu qeyd edib: "Digər məsələ sağlamlığımla bağlıdır. Sağalıb ayağa qalxmaq istəyirəm. Aidiyyəti qurumlardan köməklik olunmasını xahiş edirəm. Yaşat Fondu Türkiyədə müalicəmə 180000 manat pul xərcləyib. Lakin sağlamlığımla bağlı heç bir nəticdə olmayıb. Ayağımdan belimə sinir köçürülməlidir ki, ayağa durub yeriyə bilim. Əməliyyatım İsraildə olmalıdır. Türkiyədə bu əməliyyatı edə bilmədilər".
E.ŞİRİNOV