Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  müntəzəm olaraq heyvan kəsimi məntəqələrində yoxlamalar aparır.

Agentlik artıq neçənci dəfədir mətbuata bildirir ki, qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatları müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərsələr də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini yenə də davam etdirirlər.

Bu gün də adıçəkilən Agentliyin əməkdaşları Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı, sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyətlərini yenə də davam etdirdiklərinin şahidi olublar.

Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

 1.Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov  küçəsində yerləşən, fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2.Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə A keçidinin kəsişməsində yerləşən, fiziki şəxs Muradov Zakir Vəlixan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3.Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, bina 7 ünvanında yerləşən, fiziki şəxs Əliyarov İsrayıl Kamran oğluna məxsus heyvan kəsimi məntəqəsi.

4.Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 59 ünvanında yerləşən, fiziki şəxs Həşimov Hacıbala Mikayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5.Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 16  ünvanında yerləşən, fiziki şəxs Qafarov Rəfail Rafiq  oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xatırladaq ki, iki gün öncə də Agentlik bu halların Binəqədi rayonu ərazisində də təkrarlandığının şahidi olduqlarını bildirmişdilər.

Bu obyekt sahiblərinin adı və ünvanları isə belə idi:

1.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Abdulxalidov Anar Asif oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Babək küçəsi ilə 10 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Çırağov Məzahir Yapon oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən, fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqəsi.

 Qeyd edək ki, AQTA-nın xalqın sağlamlığını, Respublikanın ərzaq təhlükəsizliyini düşünərək apardığı bu yoxlamalar, baytarlıq-sanitariya və sanitariya gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində atılan bu davamlı addımlar təqdirəlayiqdir. Bunu vətəndaş olaraq hər birimiz alqışlamalıyıq. Bu tədbirlərin müntəzəm olaraq həyata keçirilməsi isə birbaşa “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq həyata keçirilir. Deməli, birbaşa Cənab Prezidentin göstərişidir. Birbaşa bu Sərəncamdan irəli gələrək də baytarlıq-sanitariya və sanitariya gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir. Lakin Agentlik rəsmi olaraq dəfələrlə bildirir ki, onlar (obyekt sahibləri -red) barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, yenə də qanunsuz fəaliyyətlərini davam etdirirlər və AQTA-ya bu işdə yerli icra hakimiyyəti orqanları lazımi dəstəyi vermir. Agentlik isə hər dəfə qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.  Amma görünən odur ki, onların səsinə aidiyyati qurumlardan səs verən yoxdur!

Necə ola bilər ki, yerli icra hakimiyyəti orqanları Prezident Sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsində AQTA-ya dəstək verməsin? Yaxud, hansı marağa görə göz yumurlar... Və yaxud da AQTA-nın inzibati tədbirləri obyekt sahibləri üçün çoxmu zəifdir? 

YASƏMƏN MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN