Son iki ildə planeti cənginə almış koronavirus pandemiyası səbəbindən

dünya iqtisadiyyatı böhran yaşayır. Çox insan daimi iş yerini itirdi, kreditlərini ödəyə bilməmə səbəbindən borclandı, işsizlikdən evini, maşınını satdı...

Hazırkı durumda həm bu gözəgörünməz bəla ilə mübarizə aparmalı, həm də yaşamaq üçün çalışmalıyıq. Etiraf etmək lazımdır ki, indiki dövrdə bəzən sağlam insanların peşəsinə uyğun iş tapması o qədər də  asan deyil. Nəzərə alsaq ki, 30 il müharibə şəraitində yaşamış və 44 günlük Şanlı Zəfər - Vətən müharibəsi yolu keçmiş Azərbaycanda fiziki imkanları məhdud olan qazilərimiz var ki, onların da həm işləmək, həm də cəmiyyətdə təmsil olunmaq - təcrid olunmamaq haqları var. Qazilərimiz hər zaman dövlətin qayğı və diqqəti ilə əhatə olunmuşdur. Onlara ev, maşın verilir, müalicələri təmin edilir, özlərinə və ailə üzvlərinə güzəştlər nəzərdə tutulub və ilaxır. Və bu diqqət yalnız dövlətimiz deyil, qədrbilən Azərbaycan vətəndaşları tərəfindən də var və olmalıdır. Onlara qayğı və diqqətlə yanaşmaq isə hər birimizin borcudur. Bu diqqət isə mərhəmət anlamına gəlməməlidir, çünki qazilərimiz bizim baş tacımız, Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı simvollarıdır. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən  Vətən müharibəsi qaziləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılır.

Bu dəfə də bir qrup qazimiz üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib. Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib. 

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 5 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan bir qismi artıq seçdikləri sahələr üzrə aktivlərlə təmin edilib, digərləri üçün kiçik bizneslərin yaradılması işləri davam etdirilir. 

Bu, sosial dəstək proqramlarının yəqin ki, davamı olacaq. Və arzu edənlər kənarda qalmayacaqlar. Əlbəttə ki, qazilərimizin müvafiq işlərlə təmin olunmasında özəl şirkət və müəssisə rəhbərləri də maraqlı olmalıdırlar. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN