Şəmkirdə fermerlər çətin vəziyyətdədir. Hazırda əkin sahələrinin susuzluqdan məhv olduğunu deyən fermerlər bu il ölkəyə az məhsuldarlıq vəd etməklə yanaşı, durumun acınacaqlı olduğunu da diqqətə çatdırırlar.

Narazı fermerlər bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etəsələr də, onları eşidən olmayıb.

Şəmkir rayonunun Könüllü kəndinin sakinləri də əkin sahələrini suvara bilməmələrindən əziyyət çəkirlər.

Əsas gəlirləri təsərrüfat olan kənd sakinləri bildirirlər ki, susuzluq səbəbindən gələcəkdə sahələrdən məhsul götürə bilməyəcəklər.

Sakinlərin sözlərinə görə, sözügedən problemlə bağlı onlar da aidiyyəti qurumlara müraciət etsələr də, məsələnin həlli hələ ki, mümkün olmayıb.

Əsas məşğuliyyəti əkinçilik olan Şəmkirin Yeniyol kəndinin sakinləri də susuzluq səbəbindən çıxılmaz vəziyyətdə qalıb. Belə ki, kənd sakinləri nə məhsul götürə, nə də dolanışıqlarını təmin edə bilir.

Sakinlər deyir ki, ölkə başçısının sərəncamı ilə Şəmkirdə suvarma sisteminin yaxşılaşdırılması üçün 2021-ci ildə 10 ədəd subartezian quyusunun qazılması ilə bağlı göstəriş verilib. Yeni subartezian quyularından biri də Yeniyol kəndinin payına düşüb. Lakin quyunun qazılması yarımçıq saxlanılıb.

Yeniyol kəndində əsasən göyərti əkilir. Bu məhsullar yerli bazarla yanaşı, Rusiya bazarlarına da ixrac olunur. Bu il isə su olmadığından demək olar ki, məhsuldarlıq xeyli aşağıdır. Yeniyol kəndində 450 hektar əkinə yararlı torpaq sahəsi var. Onların 280 hektarının suvarılmasında isə ciddi problemlər yaşanır.

Məsələ ilə bağlı subartezian quyularının çəkilməsi istiqamətində keçirilən tenderdə qalib gələn “Bresiv” şirkətinin iş icraçısı Rəşad İbrahimov sakinlərin iradları ilə razılaşmır. Bildirir ki, qazıntı işi aprelin sonuna qədər yekunlaşacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN