Azad Məsiyev: “Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada söz sahibi və diktə edən Rusiya olacaq...”
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minaların xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. İlk baxışda bu bir humanist qərar kimi görünsə də siyasi əhmiyyəti böyükdür.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bununla bağlı “Təzadlar”ın sualını belə cavablandırdı:
- Bildiyiniz kimi, 44 günlük müharibə nəticəsində 10 noyabr 2020-ci il tarixli məlum atəşkəs sənədi imzalandı. Bunun nəticəsində də Ermənistanda dövlət böhranı yarandı və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verildi.
Bu ərəfədə Paşiniyan erməni cəmiyyətində itirdiyi siyasi nüfuzunu bərpa etmək məqsədi ilə dəfələrlə müxtəlif təxribatlara əl atıb. Bu təxtibatlardan birində də Azərbaycan ərazisində terror əməlləri törətmək üçün Ermənistanın xüsusi təyinatlı dəstələri məqsədyönlü şəkildə ərazimizə keçmişdir, nəticədə isə terrorçular zərərsizləşdirilmişdir.
Paşinyan bu cür primitiv təxribatları Azərbaycan ərazisində həyata keçirməklə erməni cəmiyyətinə göstərmək istəyir ki, müharibə davam edir, ancaq nəticə əksinə oldu. Ermənistan dövləti törətdiyi təxribat əməllərinə hər vəchlə siyasi çalarlar geyindirərək beynəlxalq təşkilatlar, böyük dövlətlər qarşısında tələblərlə çıxış etməyə nail olmaq cəhdlərində də olmuşdur. Ermənistan terrorçu vətəndaşlarını geri qaytarmaq məqsədi ilə beynəxalq ictimaiyyəti aldadır, saxlanılanları hərbi əsir kimi qələmə verir, bununla da terrorçuların beynəlxalq konvensiyalara uyğun geri qaytarılmasına nail olmağa çalışır. Ermənilərin bu cür avantürist iddialarına Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar və dövlətlər qarşısında prinsipial mövqe qoyması isə ermənilərin tələbini rədd etmiş oldu.
Ermənilərin bu tələbinə adekvat olaraq Azərbaycan tərəfi isə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında Ermənistan dövlətinin işğal etdiyi ərazilərimizdə basdırılmış minaların xəritəsinin verilməsini tələb edirdi. Bu tələb həm müharibə qanunlarına görə, həm də beynəlxalq humanizim nöqteyi-nəzərindən haqlı olduğumuzu göstərirdi. Ermənistanda əsgər valideyinlərinin dövlətə etdiyi təzyiqlər günbəgün artmaqdadır, bu insanlar arasında terrorçuların valideyinləri də var, onlar açıq şəkildə Paşiniyanı ittiham edirər ki, övladlarını Azərbaycan ərazisinə dövlət göndərib. Ona görə də, övladlarının geri qaytarmasını radikal şəkildə, dayanmadan tələb edirlər. Nəzərə alsaq ki, Ermənistanda seçki prosesi gedir, bu cür tələblər Paşinyanın reytinqinə ciddi təsir edir. Belə olan təqdirdə Paşinyan bu sövdələşməyə getməklə itirdiyi nüfuzunu bərpa etmək, eyni zamanda iyunun 20-də keçiriləcək seşkidə uğur qazanmağa çalışır. Beləliklə, Azərbaycan Ağdam rayonu ərazisində təxminən 100 min ədədə yaxın minanın xəritəsini əldə etməklə baş verə biləcək böyük faciələrin qarşısını almaqla yanaşı, böyük həcmdə hərbi qənimət əldə etmiş oldu. Azərbaycanın qalib ölkə kimi məğlub olan Ermənistan dövlətinə 15 erməni hərbçisini verməsi sözün əsl mənasında beynəlxalq təşkilatlar qarşısında humanizm nümayiş etdirilməsidir. Bundan başqa, bu cür humanist razılaşmaların nəticəsi siyasi baxımdan hər iki dövlət üçün vacibdir, bu Ermənistanla Azərbaycan arasında böyük sülhə aparan bir yoldur. Cənubi Qafqaz deyiləndə əsasən üç dövlət nəzərdə tutulur: Azərbaycan, Gürcüstan və Ermənistan. Bu dövlətlərin bir-biri ilə sərhəd əlaqələri mövcuddur. Gürcüstan dövətinin Ermənistan-Azərbaycan arasında vasitəçiliyi təqdirəlayiq məsələ kimi qeyd edilməli, Cənubu Qafqazda siyasi münasibətlərin yaxşılaşmasına bir töhfədir.
- Ermənistanda seçki prosesi yaxınlaşır, 15 erməni hərbçinin İrəvana təhvil verilməsi Paşinyanın xeyrinə, Rusiya yönümlü namizəd Koçaryanın əleyhinə olacaq. Belə olan təqdirdə Rusiyanın bu hadisəyə münasibəti necə olacaq?
- Onu qeyd edim ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycanın minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana 15 hərbçini təhvil verməsinə münasibət bildirərək qeyd edib ki, “Bu çoxdan gözlənilən və böyük xəbərdir, tərəflərin bu cür addımlarını alqışlayırıq”.
Ermənistanda iyunun 20-də keçiriləcək seçkinin siyasi əhəmiyyəti isə ondan ibarətdir ki, Ermənistanda hakimiyyəti kim formalaşdıracaq: Rusiya yönümlü siyasi qüvvə, yoxsa ABŞ yönümlü qüvvə? ABŞ Ermənistandakı seçkiyə xüsusi önəm verir, ona görə ki, 44 günlük müharibə Cənubi Qafqazda ABŞ-ın planlarını pozdu. Rusiya prezidentinin iradəsi ilə atəşkəs əldə olundu, 10 noyabr 2020-ci il tarixli məlum atəşkəs sənədi imzalandı. İmzalanmış sənədin müddəaları göstərir ki, Rusiya bölgədə söz sahibidir. Bir sözlə, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada söz sahibi və diktə edən yenə də Rusiya olacaq...
Təqdim etdi: JASMİN