15 iyun 2021-ci il tarixdə Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Şuşa bəynnaməsi” Türkiyə və Azərbaycan xalqlarının dostluq, qardaşlıq və hərbi müttəfiqliyinin rəsmiləşdirilməsidir...
Nəhayət, xalqımızın uzun müddətdən bəri gözlədiyi tarixi hadisə baş verdi. İyunun 15-də, 28 illik işğaldan sonra azad edilmiş Şuşada Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik haqqında bəyannamə imzalandı. Tarixə “Şuşa bəyannaməsi” kimi düşəcək bu müqavilə Azərbaycanla Türkiyənin yarandıqları gündən mövcud olan qardaşlığı demək olar rəsmiləşdirildi. 44 günlük Vətən savaşında Türkiyənin, Prezident cənab İlham Əliyev demiş, ilk saatlardan Azərbaycanın yanında olması, bu döyüşdə bizə siyasi və mənəvi dəstək verməsi, qələbəni təmin edən başlıca amillərdən biri idi. Həmin dövrdə hər kəsi bir sual düşündürürdü: - Türkiyə niyə bu savaşa hərbi müdaxilə etmədi?
Göründüyü kimi, bunun üçün zaman lazım imiş və o zaman məhz indi yetişdi. Çünki haqq işimiz uğrunda ermənilərlə mübarizəmiz 44 günlük Zəfər savaşla bitmir. Nə qədər ki, erməni kimi sivilizasiyadan uzaq bir millətlə qonşuyuq, hələ belə mübarizələr çox olacaq. Deməli, Türkiyənin həmin məqamlarda bizə dəstəyi qaçılmazdır. Dünənki bəyannamədə Prezident cənab İlham Əliyevin çıxışındakı bir cümlə Türkiyə-Azərbycan qardaşlığını və müttəffiqliyini çox dəqiq ifadə etdi: “44 günlük Vətən savaşında qardaşım Rəcab Tayib Ərdoğan üçüncü qüvvələrin hadisəyə müdaxilə etməsini dayandırdı”.
Bu, o deməkdir ki, bəyannamə imzalamadan da, qardaş Türkiyə xoş və çətin günlərdə, həmişə yanımızda olub. Amma bu bəyannamə artıq Türkiyənin hərbi qüvvələrinin açıq şəkildə Azərbaycana gəlməsi üçün yaşıl işıq yandırdı.
Azərbaycanda ictimai və siyasi mövqeyindən asılı olmayaraq, hər bir kəs bu bəyannaməni alqışlayır. Bəyannəminin görünən və görünməyən tərəflərinə aydınlıq gətirmək üçün bir neçə millət vəkili ilə əlaqə saxladıq. Millət vəkillərinin hər birinə 3 sualla müraciət etdik:
- “Şuşa bəyannaməsi”ndə əksini tapan hərbi müttəfiqlik haqqında olan bənd Azərbaycana gələcəkdə hansı starateji üstünlük qazandırır?
- İndiyə qədər Azərbaycana və Türkiyəyə ərazi iddiası olan Ermənistan bu bəyannamədən sonra öz iddalarından əl çəkə bilərmi?
- Türkiyə ilə Azərbaycan arasındakı hərbi müttəfiqliyin rəsmiləşməsi Zəngəzur dəhlizinin açılmasını tezləşdirə bilərmi?
Millət vəkili Fazil Qəzənfəroğlu:
- Türkiyə ilə Azərbaycan arasında onsuz da strateji müttəfiqlik var idi. Qəbul olunan bütün qərarlar da bunu ehtiva edirdi. Amma “Şuşa bəyannaməsi” həm dünyaya, həm də Ermənistana verilən bir mesajdır. Ermənistanı müdafiə edən dövlətlərə göstərməkdir ki, hər hansı bir müdaxilə olarsa, Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlar nəzərdə tutularsa, bunun qarşısında iki dövlət bir millət çıxış edəcək. Burada söhbət təkcə Azərbaycandan getmir. Türkiyənin ərazi bütövlüyünə qarşı hər hansı cəhd olarsa, Azərbaycan tərəfi də Türkiyəyə tərəddüdsüz dəstək verəcək. Ona görə də bu bəyannamə cəmiyyətimiz üçün mənəvi tərəfdən çox böyük bir əhəmiyyətə malikdir. Həm də Qars müqaviləsinin bitdiyini spekuliyasiya edən düşmənə qarşı atılan bir addımdır. Qars müqaviləsində bildiyimiz kimi, ayrı-ayrı dövltələrin də müdaxiləsi nəzərdə tutulurdu. Bu dəfə isə, iki dövlət, yəni Türkiyə ilə Azərbaycan o qədər gücləniblər ki, artıq özləri heç bir dövltin müdaxiləsi olmadan problemləri həll etmək gücündədirlər. Bu da həmin sənəddə öz əksini tapıb.
- Yox, əl çəkməyəcəklər. Amma bu bizim xeyrimizədir. Nə qədər ermənilərin iddiası varsa, biz həmişə ayaqda olacağıq. Bu iddia ermənilərin tarixi Azərbaycan torpaqlarında qurduqları dövlətin dağılmasına gətirib çıxaracaq. Erməninin cücərməsi deyilən bir anlayış yoxdur. İşğalçı kimi burnunun əzilməsi və bundan sonra bu ərazilərə tamah göstərməməsi təmin olunacaq. Bu müqavilə onu da göstərir ki, erməniləri himayə edənlər Azərbaycanın tək olmadığını anlayacaqlar və arxasında güclü Türkiyə dövlətinin olduğunu görəcəklər.
- Təbii, bu bəyannamənin yekunu olaraq, Zəngəzur dəhlizinin açılması daha da surətlənəcək. Və bu istiqamətdə tələblərimiz daha ciddi şəkildə ortaya qoyulacaq.
Millət vəkili Aqil Abbas:
- Hər şey bəyannamədə şərh olunub. Yəni bizə və ya Türkiyəyə başqa bir ölkədən təhdid olarsa, savaş açılarsa, biz birgə fəaliyyət göstərəcəyik. Hər iki dövlət bir-birinə qarantiya və arxadır.
- Ermənistan artıq bu iddialardan əl çəkmək üzrədir. Ermənistanda da ağıllı bir-iki adam var. Məsələn, Per-Petrasyan. O qeyd edir ki, Azərbaycan və Türkiyə ilə sülh şəratində yaşamaq lazımdır, ayrı çıxış yolumuz yoxdur. Amma bu gün belə deyənləri Ermənistanda vətən xaini adlandırırlar. İndi doğrudur, Köçəryan kimi hoppanıb-düşənlər var, hoppanıb-düşsünlər də... Kimə nə edəcəklər?
- Zəngəzur dəhlizi təbii ki, açılmalıdır. Bu bəyannamə onu bir az da surətləndirəcək.
Millət vəkili Məlahət İbrahimli:
- “Şuşa bəyannaməsi” həyati vacib bir sənəddir. Bu gün Azərbaycan xalqı heç vaxt yaşamadığı bir sevinci yaşayır. Biz onsuz da Türkiyə ilə strateji müttəfiq idik. 44 günlük Vətən mühraibəsində də bu müttəfiqliyin şahidi olduq. Elə hallar olurdu ki, müharibənin gedişində biz doğrudan da bir millət, iki dövlət kimi çıxış edirdik. Həmin dövrdə Azərbaycana qarşı Ermənistanı müdafiə edən dövlətlər tərəfindən hər hansı addımların atılması cəhdləri var idi. Lakin strateji müttəfiqimiz olan Türkiyə bunların qarşısını aldı. Bu bəyannamə həm erməni faşistləri, həm də onları dəstəkləyənlər üçün çox ciddi bir mesaj oldu. Bundan sonra Azərbaycan və Türkiyənin qarşısında çox böyük üfüqlər açılır. Bu bəyannamə Türkiyə-Azərbaycan müttəfiqliyi arasında heç bir boşluğa imkan vermir. Hər iki dövlətin ərazi bütövlüyünə, əmin-amanlığına təhdid olarsa, birgə fəaliyyət göstərməyə haqqı təsbit olunubdur. Bu bəyannamə təkcə hərbi nöqteyi nəzərdən yox, iqtisadi cəhətdən də çox səmərəlidir. Eyni zamanda bəyannamədən irəli gələn vəzifələr barədə hər iki dövlətin parlamentlərinin üzərinə də məsuliyyət qoyulur. Şuşada konsulluğun yaradılacağı barədə prezident cənab Rəcəb Təyyib Ərdoğanın fikirləri də çox ciddi əhəmiyyətə malikdir və dünyaya çox ciddi bir mesajdır. Bu, dostluq və qardaşlığın ən yüksək zirvəsidir. Hörmətli Türkiyə prezidentinin hər iki dövlətin təhlükəsizlik qüvvələrinin Ankarada ilk toplantısı olacağını söyləməsi də çox ciddi əhəmiyyətə malikdir. Allah bu dostluq və qardaşlığımızı əbədi etsin. Bu bəyannamə həm faşist ermənilərə və onları dəstəkləyən ermənipərəst qüvvələrə çox ciddi bir mesaj oldu. Bu, bəyannamə gələcəkdə türkdilli dövlətlərin də birgə fəaliyyəti, dostluğu və qardaşlığı üçün geniş perspektivlər açır.
- Əlbəttə, Ermənistan bu bəyannamədən sonra ərazi iddialarından əl çəkməyə məcburdur. Mən dünən Ermənistanın xarici işlər nazirinin və digər rəsmilərin bu bəyannaməni pisləyən çıxışlarına qulaq asdım. Təbii ki, onlar yandıqlarından belə danışırlar. Prezident Rəcəb Təyyub Ərdoğanın Şuşada qarşılanması və hər iki prezidentlərin birgə bəyanatı bütün dünyaya və Ermənistana göstərdi ki, Şuşa qədim Azərbaycan torpağıdır. Amma Ermənistan rəsmiləri çıxışlarında utanmaz-utanmaz deyirlər ki, Şuşa qədim erməni şəhəridir. Bunlar həqiqətən də xəstədirlər. Bu xəstə təxəyyüllə onlar öz gələcəklərinə dərin quyu qazırlar. Biz Türkiyəyə təkcə qardaş kimi yox, həm də NATO-nun üzvü olan bir dövlət kimi baxırıq. Ona görə də deyə bilərik ki, bu bəyannamə ilə NATO artıq Azərbaycandadır. Fikir verdinizsə, Büruseldəki NATO Zirvə görüşündə hörmətli Rəcəb Təyyub Ərdoğan bildirdi ki, NATO Qarabağ məsələsinə cəlb olunmalıdır. Bu çox önəmli bir fikirdir. Daha sonra hörmətli prezident qeyd edib ki, NATO ilə Azərbaycanın ilişkilərini daha da genişləndirmək lazımdır. Azərbaycanla NATO-nun əlaqələri yüksəkdir, amma bunu daha da dərinləşdirmək lazımdır. Ermənilər də bundan nəticə çıxarmalıdır ki, Azərbaycanla qardaş və hərbi müttəfiq olan Türkiyə NATO-da söz sahibi olan ikinci bir dövlətdir. Və belə bir güclü dövlət Şuşada konsulluğunu açmaq niyyətindədir.
- Əlbəttə, çox müsbət təsiri olacaq. Hələ bəyannamədən xeyli qabaq hörmətli prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyev demişdir ki, ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizini açacağıq. Bu dəhliz Ermənistanın özünə də lazımdır. Ermənilər nəhayət, anlamalıdırlar ki, onların gələcəkdə xilas yolu Azərbaycan-Türkiyə ilə yaxşı əlaqələr qurmaqdan asılıdır. 30 ilə yaxın zəngin Qarabağ torpağını istismar etdilər, nə qazandılar? Səfalət, aclıq, yoxsulluq. Amma bu dəhliz onları düşdükləri bəladan Türkiyə və Azərbaycanın əli ilə qurtara bilər. Bütün iddialarından və düşməncilik mövqelərindən əl çəkib, Türkiyə və Azərbaycandan bərk yapışmalıdırlar.
Millət vəkili Rüfət Quliyev:
- Əvvəlcə onu deyim ki, tarixdə iki dövlət bir-birinə çox yaxın olub. Amerika və Böyük Britaniya. Bunlara anqlo-sakson modeli deyirlər. Amma Türkiyə- Azərbaycan dostluğu, qardaşlığı, strateji müttəfiqliyi bundan da üstündür. Bu, hər bir ölkəyə senerji effekti verəcək. İstər Şuşada, istərsə də dekabrda Azərbaycanda keçirilən qələbə paradında, hətta ondan da əvvəl, hörmətli prezident Rəcəb Təyyub Ərdoğan bildirib ki, biz həmişə Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik. Bu bəyannamə isə, hərbi müttəfiqliyimizi rəsmən təsdiq elədi. Bəyannaməyə əsasən Türkiyəyə qarşı hər hansı bir təhdid olarsa, Azərbaycan onun yanında olacaq, Azərbaycana qarşı bu gündən sonra hər hansı bir təhlükə olarsa, Türkiyə dövləti öz hərbi gücü ilə yanımızda olacaq. Bu bəyannamə həm qüdrətli bir dövlət olan Türkiyəyə, həm də postsovet respublikalarında strateji cəhətdən önəmli bir dövlət olan Azərbaycana senerji effekti verəcək. Bu bəyannamə ilə təkcə Azərbaycanda yaşayan 10 milyonluq azərbaycanlıların yox, dünyadakı 50 milyonluq azərbaycanlının, Türkiyədə yaşayan 85 milyon türkün yox, dünyada yaşayan 150 milyonluq türkün maraqları təmin olunacaq.
- Bu bəyannama ilə elə bil ermənilərin başına dəmir yumruq bir də vuruldu. Bəyannamə bir daha göstərdi ki, dəmir yumruğu onların başına vurmağa həvəsimiz olmasa da, həmişə hazırıq. Bu dəmir yumruğun bir dəfə dadına baxdılar. İstər Ermənistan siyasətçiləri, onların havadarları, dünyaya səpələnmiş erməni diasporları və istərsə də onların milyarderləri anlamalıdırlar ki, bu məsələyə artıq son qoyulub. Onlar hesabını artıq götürməlidirlər. Mənə elə gəlir ki, onlar yaxın 40-50 ildə bu oyunu bir də oynamayacaqlar. Həm Türkiyənin, həm də Azərbaycanın prezidentləri açıq şəkildə öz sözlərini deyiblər. Onların yaxın müttəfiqi Rusiya prezidenti V.Putin 44 günlük savaş dövründə və ondan sonra da dəfələrlə bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və üçtərəfli bəyənata imza atmaqla bunu təsdiq edib. İndi bu imzaya hörmətsizlik edərlərsə, özləri cəzasını çəkəcəklər. Mənim Rusiyada deputatlar və başqa ziyalılar arasında xeyli dostlarım və tələbə yoldaşlarım var. Mənimlə söhbətində onlar bildirirlər ki, ermənilər bu son hadisələrdən hesablarını götürməlidirlər, Azərbaycan və Türkiyə ilə qonşuluq siyasətində yaşamalıdırlar. Əks təqdirdə düşdükləri bataqlığı daha da dərinləşdirəcəklər.
- Rusiyada tanınan məşhur ermənilər var, onların içərisində rejissorlar, siyasətçilər kifayət qədərdir. Onların hər biri son açıqlamalarında bildirirlər ki, Ermənistan höküməti nəhayət, ərazi iddialarından əl çəkib, qonşuları ilə mehriban, sülh şəraitində yaşamalıdır. Sülh müqaviləsi bağlanmalıdır, Zəngəzur dəhlizi açılmalıdır. Bəzi cəsarətli ermənilər var ki, bunu açıq şəkildə deyə bilirlər. Ermənilər bilməlidir ki, odla oynamaq olmaz, yoxsa özlərini yandıracaqlar. Bu bəyannamə də onların xilası üçündür. Zəngəzur dəhlizinin də açılmasına da böyük təkan verəcək.
Hazırladı: Elçin MƏMMƏDLİ